Əsas Səhifə > Manşet > Kim deyir ki, pandemiyadan qazananlar yoxdur. Hər halda bizdə həftəsonları qazananlar yetərincədir! — NAZİRLƏR KABİNETİNİN DİQQƏTİNƏ!
Kim deyir ki, pandemiyadan qazananlar yoxdur. Hər halda bizdə həftəsonları qazananlar yetərincədir! — NAZİRLƏR KABİNETİNİN DİQQƏTİNƏ!6-09-2021, 23:35 |
|
Mahir Məmmədli: Məncə Operativ Qərargah ictimai nəqliyyatla bağlı qərarına yenidən baxmalıdır Dünya nizamını pozan Covid-19 pandemiyası hələ də insanlığı sınağa çəkməkdədir. Mutasiyalara uğrayaraq yeni ştamları meydana çıxan virus can almaqda, həyatın bütün sahələrini iflic etməkdədir. Belə bir çətin sınaq günlərində hər bir şəxs daha da məsuliyyətli olmalı, təkcə özünün deyil, ətrafdakıların da sağlamlığı üçün cavabdeh olduğunu dərk etməlidir. Şəxsi gigiyenaya riayyət etmək, qapalı məkanlarda maskadan istifadə, sosial məsafənin gözlənilməsi sağlamlığımızın qorunması üçün olduqca vacibdir. Dördüncü dalğasını yaşadığımız pandemiya günlərində hər gün yoluxma sayı durmadan artır. Ciddi qapanmalara gedilməsə də Operativ Qərargah bir sıra məhdudiyyətlər tətbiq edir. Etiraf etmək lazımdır ki, bir çox qadağalar, məhdudiyyətlər cəmiyyəti artıq yorub. Pandemiya insanların təkcə sağlamlığına deyil, gün-güzəranına, dolanacağına da mənfi təsir göstərir. Odur ki, pandemiya ilə bağlı qərarlar qəbul olunarkən bir qədər də cəmiyyətin maraqlarını nəzərə almaq lazımdır. Hamı başa düşür ki, qəbul edilən qərarlar, tətbiq edilən məhdudiyyətlər məhz insanların sağlamlığının qorunması, virusun yayılma sürətinin azaldılması məqsədilə edilir. Amma elə qərarlar da var ki, niyəsini Operativ Qərargahın hörmətli üzvlərindən başqa bilən yoxdur. Bu qərarlardan biri də həftə sonları ictimai nəqliyyatın işləməməsidir. Açıq-aşkar lağlağı obyektinə çevrilən bu qərarın sırf kimlərinsə maraqlarına xidmət etməsi şübhəsizdir. Necə olur ki, həftə arası insanların işə getməsi ilə əlaqədar daha çox sıxlığın müşahidə olunmasına rəğmən avtobuslar, metro işləyir, amma həftə sonları insanların istirahət etdiyi, sıxlığın olmadığı günlərdə ictimai nəqliyyat işləmir? Avtobuslarda olan basabas, insanların az qala üst-üstə getməsinin hər gün şahidi oluruq. Nədənsə xəttə əlavə avtobusların artırılması üçün çaba sərf etməyən Operativ Qərargah həftə sonları təhlükənin artması qənaətindədir. Belə çıxır ki, OQ nümayəndələri taclı virusla həftə arası separat sülhə imza ataraq yayılmaması üçün iltizam alıb. İnsafsız virus isə şənbə-bazar günləri daha fəal olduğu üçün çıxış yolu olaraq ictimai nəqliyyatın işləməməsi görülüb. Burada bir maraqlı nüans diqqəti cəlb edir.Həftə sonları fürsətindən yararlanan mikroavtobuslar, taksilər qiymətləri birə beş qaldıraraq xeyli qazanırlar. Kiçik tutumlu mikroavtobuslarda da deyəsən virus yoluxdurmur. Taksilərdən isə qorxur. Odur ki, həftə sonları insanlar əlacsız qalıb yenə basabasla mikroavtobusların xidmətindən istifadə edirlər. Özü də birə beş bahasına. Bütün bunlar isə başqa vaxt qazdan ayıq olan haqsız qərarlar verən Operativ Qərargahın gözləri qarşısında baş verir. Nədənsə maskası çənəsində olanları tez görən «cəriməyazanlar» insanları üst-üstə daşıyan mikroavtobusları görmürlər. Onsuz da çörəyi daşdan çıxanlar isə həftə sonları əlavə xərcə düşməklə bir az da ağır duruma düşürlər. Yəqin ki, özlərinə sərf edən işlərdə operativlik göstərən OQ üzvləri axır ki, bu müəmmaya son qoyacaqlar. Doğrudur 3-5 nəfərin həftəsonu qazancı azalacaq, ancaq insanlar bu zülümdən qurtaracaqlar. Kim deyir ki, pandemiyadan qazananlar yoxdur. Hər halda bizdə həftəsonları qazananlar yetərincədir! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |