Əsas Səhifə > Təhsil > Emin Əmrullayev: "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar"
Emin Əmrullayev: "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar"4-10-2021, 17:04 |
|
Son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından biri Təhsil naziri Emin Əmrullayevin uşaqların məktəbə getmə yaşının 5-ə endirilməsi ilə bağlı çıxışıdır. Xatırladaq ki, nazir çıxışında bildirib ki, “məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar.” Çağırış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir qrup şəxs bunun əleyhinə çıxışlar edib. Xatırladaq ki, mövcud təhsil qanunvericiliyinə əsasən 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarında, 6 yaşlı uşaqlar isə ibtidai siniflərdə oxuyurlar. Sovet dövründə uşaqlar bir qayda olaraq 7 yaşında ibtidai təhsilə başlayırdılar. Bu qayda indiyə qədər bir sıra postsovet ölkələrində qorunub saxlanılır. Ölkəmizdə uzun müddətdir ki, Qərb təhsil modeli tətbiq olunur və artıq özünün müsbət nəticələrini verməkdədir. Aparılan islahatların məqsədi Azərbaycan təhsilini dünyanın mövcud təcrübələrrinə əsaslanaraq ən müasir tələblər səviyyəsinə çatdırmaqdır. Hesab edirəm ki, E.Əmrullayevin son çıxışı məhz buna hesablanıb. 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsilə başlaması artıq özünün müsbət nəticələrini göstərməkdədir. Bu təcrübədən çıxış edərək uşaqların artıq 5 yaşında ibtidai təhsilə başlaması heç də problem yaratmaz. Nəzərə almaq lazımdır ki, bu proses heç də ilk dəfə bizim ölkəmizdə tətbiq olunmur. ABŞ, İngiltərə,Sinqapur, Cənubi Koreya eləcə də qardaş Türkiyədə uşaqlar üçün ibtidai təhsilin ilk pilləsi 5 yaşında başlanır. Artıq bu ölkələrdə mövcud təcrübə uzun illərdir ki, davam edir və heç bir problem yaşanmır. Son illərdə bizdə də 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsil almasını və bunun çox müsbət nəticələr verdiyini nəzərə alsaq nazirin təklifinin nə qədər vaxtında və yerində verildiyini söyləmək olar. Emin müəllim təhsil sahəsində çox güclü mütəxxəsisdir və bu təklifi səsləndirməmişdən öncə mövcud şəraiti və vəziyyəti ətraflı təhlil etdiyi şübhəsizdir. Sirr deyil ki, daha erkən yaşlarda uşaqların qavrama qabiliyyəti və öyrənmək həvəsi daha güclü olur, o zaman verilən təklifin təhsilimizin inkişafında yeni mərhələ açacağını söyləmək olar. Peyğəmbərimizin “Elmi beşikdən qəbr evinə qədər öyrənin” kəlamı müasir təhsilimizin əsas strategiyası hesab olunmalıdır. Bu mənada aparıcı təhsil mütəxəssisləri nazirin bu təklifini ətraflı şərh etməli, cəmiyyətdə yanlış təsəvvürün formalaşmasına imkan verməməlidirlər. Azərbaycan təhsilində yalnız inkişafa gətirib çıxaracaq bu addım dəstəklənməli və həyata keçirilməlidir! Nicat Mahmudov Rubrika.az Geri qayıt |