Əsas Səhifə > Gündəm > Erməni xalqı münasibətlərin normallaşmasına hazırdırmı? - AKTUAL
Erməni xalqı münasibətlərin normallaşmasına hazırdırmı? - AKTUAL27-10-2021, 10:56 |
![]() Oktyabrın 22-də erməni mətbuatı Ermənistan və Azərbaycan liderlərinin noyabrın 9-da Moskvada iki sənəd imzalayacaqları barədə məlumat yaydı. Ancaq bu barədə xəbər çıxan kimi, Ermənistanın müxalifət qüvvələri hərəkətə keçdilər. Noyabrın 8-9-da mitinq keçirmək üçün İrəvan meriyasına artıq müraciət edilib. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” bloku mitinq qərarını belə izah edir: “Bu hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir.” Paşinyan erməni xalqının xilaskarı olmasa da, anlayır ki, Zəngəzur dəhlizi də, digər kommunikasiyalar da açılmalıdır, Türkiyə ilə münasibətlər normallaşmalıdır. Ermənistanın baş naziri hökumətin son iclasında regionun iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılmasının tərəfdarı olduğunu, bunun Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib."Ermənistan ətrafında əlverişli xarici mühit yaratmaq regionda düşmənçilik mühitinin aradan qaldırılması, danışıqlar prosesinin və Qarabağ münaqişəsinin nizamlanmasının bərpa edilməsi, regional iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılması ilə mümkündür", - deyə Paşinyan bildirib. O, Azərbaycanla sərhədlərin delimitasiyasını və demarkasiyasını regional təhlükəsizliyi gücləndirən amil adlandırıb, bunu “Azərbaycan SQ-nin Ermənistan ərazisindən çıxarılması” ilə əlaqələndirib. Bəs erməni xalqı və Ermənistan bu normallaşmaya hazırdırmı? Köçəryan və digərlərinin sosial bazası zəif olsa da, erməni xalqının revanşizm hisslərini körükləyə bilərlər. Bu cür küçə müqavimətləri Ermənistanı hara apara bilər? Erməni cəmiyyətinin daha da bölünməsi sülh prosesinə nə qədər mane ola bilər? Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev erməni müxalifətinin heç nəyə nail ola bilməcəyini deyir: “Ermənistanda sistem müxalifəti küçələrə 50-100 min adam çıxara bilmir. Mitinqlərində maksimum 5-10 adam iştirak etdi. O zaman ermənilər daha çox emosional və qəzəbli idilər. Bunun fonunda belə müqavimət hərəkatını təşkil edə bilmədilər. Ermənilər Azərbaycanın gücünü görüb, bu gücün geri çevrilməyəcəyini yaxşı bilirlər. 20 iyunda məğlub olmuş, bunkerdə gizlənən, otağı dağıdılmış, küçəyə belə çıxa bilməyən Paşinyan seçki keçirdi və ermənilərin səsini qazandı. Ermənilər Paşinyana səs verməklə müharibə istəmədiklərini dedilər. Orada sistem müxalifətinin 5-10 min tərəfdarı var, onlar də erməni lobbisinin təsiri altındadırlar. Həmin qüvvələr meydan sulamağa çalışırlar. Onlar da nəticə əldə edə bilməyəcəklər. 9 noyabrda bağlanacaq ikitərəfli sazişdə Rusiya faktoru da var. Kreml də istədiyi vaxt erməni müxalifətini susdura bilər. Çünki liderlərindən biri olan Köçəryan Rusiyanın adamıdır. Ermənilərin son ümid yeri İran idi ki, bu ümidlər də öldü. Çünki İran Azərbaycanla münasibətlərini yaxşılaşdırdı. Revanşist ermənilərin revanş götürmək imkanları yoxdur. Hiss edirəm ki, erməni cəmiyyətində Azərbaycanla münasibətlərin qurulmasına meyllənənlər var. Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edənlər durmadan çoxalır. Düşünürəm ki, ermənilərin 8-9 noyabrdakı müqavimət hərəkatı heç nəyə nail ola bilməyəcək. Amma təbii ki, Paşinyanın başını ağrıdacaqlar”. Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Köçəryanın əsl məqsədlərindən söz açdı: “Ermənistanda revanşist əhval-ruhiyyə yalnız mətbuat səhifələrində və ayrı-ayrı siyasətçilərin populist bəyanatlarında, çıxışlarındadır. Reallıqda isə ağıllı adamların hamısı dərk edir ki, 44 günlük Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanın yaxın illərdə Azərbaycanla yenidən savaşa başlamaq imkanı yoxdur. Çünki Azərbaycana qarşı əlverişli hücum əməliyyatları aparmaq üçün bütün strateji mövqelər itirilib və indi o mövqelərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla möhkəmlənib. Belə bir vəziyyətdə Azərbaycan ərazisinə hücum, yeni savaş Ermənistanın tamamilə məhvi ilə nəticələnər. Bunu elə revanşistlərin lideri və Paşinyana qarşı əsas müxalif qüvvə kimi ortaya çıxarılan Köçəryan da yaxşı başa düşür. Sadəcə, o, vəziyyətdən özünün gələcək siyasi maraqları və imici üçün sui-istifadəyə çalışır, 8-9 noyabra mitinq təyini də bununla bağlıdır. Köçəryan Paşinyanı təslimçilikdə ittiham etməlidir ki, məsuliyyətdən yayınsın, ictimai rəydə özünü qəhrəman və gələcək hakimiyyətə iddialı əsas fiqur kimi qəbul etdirə, növbəti mərhələyə daha güclü arqumentlərlə gedə bilsin. Reallıqda isə onun Azərbaycanla aparılan sülh danışıqlarını pozmaq imkanı yoxdur. O, Rusiyanın Paşinyana qarşı əsas alternativlərindən biridir və Rusiyanın təlimatı ilə də hərəkət edir. Hazırda isə sülh danışıqlarının pozulması Rusiyaya gərək deyil. Əksinə, Rusiya çalışır ki, tezliklə Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətləri açılsın, Rusiyanın zəmanəti altında sülh sazişi imzalansın və bu sülh sazişi Rusiya hərbçilərinin Cənubi Qafqazda uzun müddət qalmasını təmin etsin. Odur ki, Köçəryanın mitinqlərinin çoxsaylı olacağı və davamlı xarakter alacağı gözlənilmir. Paşinyan da bu etirazları bəhanə edib növbəti dəfə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını və sülh danışıqlarını uzatmağa çalışarsa, həm Azərbaycanın, həm də elə Rusiya və Türkiyənin sərt cəza tədbirləri ilə üzləşə bilər”.(“Yeni Müsavat”) Rubrika.Az Geri qayıt |