Əsas Səhifə > Aktual > Milyonları mənimsəyən Vidadi Muradov niyə azadlığa çıxdı? - “Onda gərək 80 faiz məmuru...”

Milyonları mənimsəyən Vidadi Muradov niyə azadlığa çıxdı? - “Onda gərək 80 faiz məmuru...”


1-11-2021, 15:14
Milyonları mənimsəyən Vidadi Muradov niyə azadlığa çıxdı? - “Onda gərək 80 faiz məmuru...”

Vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş və işinə məhkəmədə baxılan "Azərxalça"nın sabiq rəhbəri Vidadi Muradov həbsdən azad edilib.

Onun azadlığıa buraxılma səbəbi kimi isə onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunması göstərilir.

“Vidadi Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb”, - deyə Ədliyyə Nazirliyinin məlumatında belə qeyd olunur.

Vidadi Muradovun azadlığa buraxılması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Vidadi Muradov 30 milyondan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu. Bəs büdcədən milyonlar oğurlayan məmur niyə azad edilməlidir? Bu, digər məmurlar üçün president olmayacaq?

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya açıqlamasında deyib ki, iqtisadi cinayət törədən məmurların həbsdə saxlanılmasının tərəfdarı deyil:

“Əgər cəmiyyətimiz tam şəffaf olsaydı, korrupsiyadan, rüşvətdən kənar toplum olsaydıq, o zaman bu cür şəxslərin azadlığa buraxılması çox ciddi müzakirələrə səbəb olardı. Amma ümumilikdə bu, Azərbaycanda geniş hal olduğuna görə hər kəsi həbsdə saxlamağa düzgün yanaşmıram.

Əgər o cür şəxslərin dövlətə vurduğu ziyan aradan qaldırılıbsa, dövlət büdcəsinə geri qaytarılıbsa, o zaman onların azadlığa buraxılmasına pis baxmıram. Vidadi Muradovun da həbsdən buraxılması ilə bağlı verilən məlumat ondan ibarətdir ki, o, onkoloji xəstədir. Belə bir şəxsin həbsdə saxlanılması, həyatına risk törədilməsi də doğru olmaz. O baxımdan hesab edirəm ki, iqtisadi cinayət törətmiş insanların vurduğu ziyan dövlət büdcəsinə qaytarılmaqla, azadlığa buraxılmalıdır.

Bunun üçün də hər zaman maliyyə amnistisiyasının tərəfdarı olmuşam. Əsas odur ki, korrupsiyada ittiham olunan şəxslər həmin məbləğləri geri qaytarsın. Bundan sonrakı mərhələdə isə təkrar korrupsiyaya yol verənlər cəzalandırılsın.

Ümumilikdə isə cəmiyyətdə nə qədər şəffaf işləyən sahə tapa bilərik? Əgər bu cür yanaşsaq, o zaman gərək 80 faiz məmuru həbs edək”.

Hüquqşünas Əsabəli Mustafayev isə bu şəxslərin həbs olunmasında da, azadlığa buraxılmasında da fərqli məqsədlər olur:

“Ədliyyə Nazirliyi ilə Baş Tibb İdarəsinin təsdiq etdiyi xəstəliklər siyahısı var ki, şəxsin məsuliyyətdən azad olunması üçün əsas götürülə bilər. O siyahıda xəstəliklərin sayı çoxdur. Amma onkoloji xəstəliklərin növü, dərəcəsi müxtəlifdir, ona görə də Vidadi Muradovun xəstəliyinin o siyahıda adının olub-olmamasını demək çətindir. Əgər o siyahıya düşürsə, azad oluna bilər.

Lakin təcrübə göstərir ki, bu cür məsələlərdə çox vaxt şəxslərə fərdi yanaşma olur. Hətta bəzən o siyahıya düşən şəxsi azadlığa buraxmırlar. Məsələn, Elnur Seyidov adlı bir şəxsin hüquqlarını müdafiə edirdim. Onda həmin siyahıda olan xəstəlik var idi və biz də onu sübut etmişdik. Amma bütün sənədlərə baxmayaraq, onun haqqında həbs qərarı verildi və 7 il cəza çəkdi. Yəni hüquq-mühafizə orqanları üçün bu siyahı əsas deyil. Əsas şəxsə münasibətdir. Hətta bəzən siyahıda olmayan xəstəliyi də əsas götürərək hansısa şəxsi azadlığa buraxırlar. Xüsusilə də pulu çox şəxlərlərə bu cür hallar tətbiq olunur. Bir müddət əvvəl keçmiş MTN-nin bir qrup şəxsi həbs olunmuşdu. Onların əməllərində isə Cinayət Məcəlləsinin bütün maddələrinin 70 faizi var idi. Amma buna baxmayaraq, onların demək olar ki, hamısı indi azadlıqdadır. Akif Çovdarov başda olmaqla digərlərini azad etdilər.

Görünür ki, burada daha çox ikili məqsəd var. Bu məqsədlər isə cəmiyyət üçün açıq deyil. Sadəcə ehtimal etmək olar ki, onun pulunu, əmlaklarını alıb azad edirlər”.

Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb. Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb. 9 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Rubrika.Az
Geri qayıt