Əsas Səhifə > Maraqlı > Türkdilli dövlətlərdən türk dövlətlərinə doğru...
Türkdilli dövlətlərdən türk dövlətlərinə doğru...15-11-2021, 12:54 |
|
..Etiraf edək, son günlərdə elə alınıb ki, təhlillərimizin çoxu bu və ya digər dərəcədə türk dünyası ilə bağlı olub. Düşünürük ki, oxucu bizi başa düşər, çünki son vaxtlarda türk dövlətlərinin inteqrasiyası planında daha çox işlər görülüb, nəinki əvvəlki vaxtlarda. Məsələn, ötən həftə çox mühüm bir hadisə baş verdi – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adındakı "türkdilli” sözü "türk” sözü ilə əvəz olundu. Ola bilsin, oxucularımızın bir hissəsinə bu, əhəmiyyətsiz görünəcək. Hətta mümkündür ki, kimdəsə bu, neqativ reaksiya doğuracaq, lap bir vaxt türkdilli sözü bizdə neqativ reaksiya doğurduğu kimi. Ona görə ki, "türkdilli” sözü yetərincə süni və qeyri-səmimi bir sözdür. Məsələ bundadır ki, "türkdilli” və "türk” sözləri tamam fərqli anlayışılardır. Baxın, heç kim demir ki, slavyandilli xalqlar, hamı deyir ki, slavyan xalqları. Eyni sözləri, məsələn, ingilisdilli və digər xalqlar haqqında da demək olar. Dünyada ingilis dilində danışan xalqlar çoxdur, amma onların çoxu etnik ingilis deyil. Müxtəlif vaxtlarda ən müxtəlif dövlətlər bizim etnik yaddaşımızı silməyə cəhd ediblər. Bu müstəvidə ən çox fəallıq edən Sovet İttifaqı olub. Məhz o dövrdə bizə "azərbaycanlılar” adı verdilər. Bir neçə dəfə bizim əlifbamızı dəyişdilər. Pasportlarda "milliyyət” qrafasında "azərbaycanlı” yazdılar. Müstəqilliyin ilk illərində də proses o qədər də rahat keçmədi. Yadımızdadır ki, o vaxt dövlət dilini "türk dili” adlandıran hakimiyyət böyük tənqidlərə məruz qaldı. Son nəticədə dilin adı təkrar dəyişdi və o, "Azərbaycan dili” adlandırıldı. Bunun başqa səbəbləri də vardı. Azərbaycan polietnik bir dövlətdir. Burada hətta mötədil türkçülük də başqa xalqlarda qıcıq və ya qısqanclıq yaradır, bu isə anti-Azərbaycan mərkəzləri tərəfindən istifadə olunur. Maraqlıdır ki, bu xalqların öz adı, öz kökləri var və onlar bunu unutmurlar. Amma Azərbaycan türkləri özlərini sadəcə, türk adlandıranda pantürkizmdə ittiham olunurlar. Ona görə də son illərdə daha çox azərbaycançılıq təbliğ və təşviq olunub. Bunu da başa düşmək lazımdır: dövlətin təhlükəsizliyi belə tələb edir, çünki bu dövlət az qala hər tərəfdən dost olmayan ölkələrlə əhatə olunub. Amma demək olmaz ki, türkçülük tamam yaddan çıxıb. Heç də yox! Məsələ bundadır ki, heç kimə onun etnik mənsubiyyətini unutdurmaq olmaz. "Bir millət, iki dövlət”! İndi bu şüar təkcə Azərbaycanda yox, Türkiyədə də çox populyardır. Zaman keçdikcə kiçik xalqlar da türklərin inteqrasiyasına anlayışla yanaşırlar. Birinci səbəbi biz artıq qeyd etdik. İkinci səbəbə gəldikdə isə, Azərbaycanda həqiqətən də multikulturalizm və tolerantlıq hökm sürür. Burada nə əvvəllər, nə də indi heç kim etnik mənsubiyyətinə görə təqib olunmayıb. Azərbaycanda heç vaxt, məsələn, anti-semitizm olmayıb və hətta indinin özündə belə o, yeganə ölkədir ki, ərazisində nüfuzlu yəhudi icması məskunlaşıb. Ona görə də türkizmin dirçəlişindən ehtiyatlanmaq lazım deyil. Birincisi, müasir turanizm əsrin əvvəlinkindən xeyli fərqlənir. İkincisi, kiçik xalqlar da bu prosesin hissəsidir, çünki onlar bizim həmvətənlərdir, Azərbaycan dövlətinin vətəndaşlarıdır. Rubrika.az Geri qayıt |