Əsas Səhifə > Aktual > Suyun, qurunun və havanın ideal uyuşması –Şəlalələr
Suyun, qurunun və havanın ideal uyuşması –Şəlalələr7-12-2021, 10:27 |
|
Dünyada çətin ki, kimsə göz oxşayan təbiət abidəsi olan şəlalələrə etinasız yanaşsın. Şəlalələr hər zaman insanları öz əsrarəngiz gözəlliyi, möhtəşəm görüntüsü ilə cəlb etmişdir. Şəlalə suyun, qurunun və havanın mübarizə meydanıdır. Bu meydanda göy qurşağından tutmuş, möhtəşəm qulaq batırıcı səsə kimi bir çox təbiət gözəlliklərinə rast gəlmək mümkündür. Tarixən hər bir xalq mövcud olduğu ərazidə ki, bu su möcüzəsinə fərqli və cəlb edici adlar vermiş: Niaqara –“Suyun ildırımı”, İquasu –“Böyük su”, Тakakkau – “Bu gözəldir” və s. Maraqlı olan cəhətlərdən biri də odur ki, dünyada bəlkə də yeganə xalqıq ki, şəlalə sözünü qadın adı kimi istifadə edirik. Bu da anlaşılandır. Şəlalə zatən bir gözəllik simvoludur. Hündürlük, düzlük, cəlb edici səs, su şırnağı – qadın hörüklərini xatırlardır və s. elementlərə malik olan bu mənzərəni olsa-olsa qadınla müqayisə etmək olar. Müasir dünyada şəlalələrlə bağlı təsnifatlar olsa da bunu tam və bitkin bir təsnifat hesab etmək mümkün deyil. Nəzər alsaq ki, dünyada olan heç də bütün şəlalələr öyrənilməyib. Bəziləri haqqında demək olar ki, rəsmi məlumat yoxdur. Ayrıca şəlalələri öyrənən bir elm sahəsi belə mövcud deyil. Şəlalə geoloji və hidroloji təzahürdü. Ancaq istənilən coğrafi obyektə fərqli yanaşma üsulları var: siyasi, iqtisadi, coğrafi, tarixi və s. Əlavə edək ki, şəlalənin yeganə mənfi cəhəti böyük çaylarda su nəqliyyatına əngəl olmasıdır. Şəlalələr daha çox bir neçə özəlliyinə görə təsnif olunur: hündürlük, böyüklük (en), məhşurluq, gözəllik və su həcmi. Bunlar əslində heç də tam təsnifat bölgüsü deyil. Öncə gəlin müəyyən edək hansı obyektlər şəlalə hesab edilməli. Şəlalələrin təsnifatında ilk əsas cəhət meyillik bucağıdır. Daha çox geniş yayılmış fikir budur ki, suyun tökülmə meyilliyi 45⁰-dən böyük olmalıdır. Bəzən 75-80⁰-dən böyük olması şərt hesab olunur. Əgər bucaq 45⁰-dən azdırsa, artıq o “su şırnağı” və ya “astana” hesab olunur. Astanaların hündürlüyü adətən 1 metrdən aşağı olur. Rus dilində hündürlüyü çox olan astana «падун» adlanır. O zaman Azərbaycanda məhşur olan “Yeddi gözəl” şəlaləsinin birinci hissəsi əslində astanadır. Hündürlüyün ölçülmə üsulu da fərqlidir. Dünyada şəlalələri təsnif edən məhşur “Dünya şəlalələrinin məlumat bazası” (http://www.worldwaterfalldatabase.com) saytında hündürlük 2 formada ölçülür: 1.Ümumi hündürlük 2.Su damcısının sərbəst düşmə hündürlüyü Ümumi hündürlük şəlalənin başlandığı nöqtədən suyun sonda yerə tökülüb axdığı nöqtə hesab olunur. İkinci ölçmədə isə istənilən şəlalədə su damcısının nə qədər sərbəst düşdüyü hündürlük nəzərə alınır. Şəkildən bunu asanlqıla anlamaq olar: Qokta şəlaləsi (Peru). Ümumi hündürlük – 771 m. Su damcısının sərbəst düşmə hündürlüyü – 540 m. Dünyada iki təsnifat üzrə də Anhel şəlaləsi (Kerepakupai meru) ən hündür şəlalə hesab olunur. Ümumi hündürlük - 979 m, su damcısının sərbəst düşmə hündürlüyü isə - 807 metrdir.Onu da qeyd edək ki, indiyə kimi Anhelin hündürlüyü 1054 metr göstərilirdi. Son ölçmə işləri nəticəsində bu özünü doğrultmayıb. Şəlalələrdə ikinci özəllik onun böyüklüyüdür (eni). Bu zaman şəlalənin eni onun hündürlüyündən dəfələrlə böyük olur. Dünyada ən enli şəlalə Laosda yerləşən Kon şəlaləsidir. Hündürlüyü 21 m olan Konun eni 12-13 km-dir. Məhşurluq anlamında adətən tarixi informasiya, nəqliyyat, görüntü, reklam və s. amillər əsas rol oynayır. Adətən şəlalə dedikdə ilk öncə ağlımıza Niaqara gəlir .Məhz bu onun məhşurluğu ilə bağlıdır. Niaqra nə ən hündür, nə də ən enli şəlalədir. Gözəllik baxımdan hardasa ilk 50-də yerləşir. Nədən o zaman məhşurdur. İlk öncə onu qeyd etmək lazım: Dünyada ilk və hələlik yeganə geniş şəlalə araşdırması Niaqarada aparılmış. 11 noyabr 1966-cı il də şəlalənin 6 saatlıq axarı dayandırılmış (1969-cu ildə isə 6 aylıq) və geniş araşdırma aparılmış, süxurlar və eroziya prosesi öyrənilmişdir. Araşdırmaya 19 il hazırlıq görülmüşdür. Niaqara iki boyük dövlətin sərhəddində yerləşir və çox əlverişli mövqeyə malikdir. Ətrafda olan böyük şəhərlər, infrastruktura və s. onun belə məhşur olmasına əsas səbəb olmuşdur. Gözəllik anlayışı da nisbidir. Hər bir şəlalə öz-özlüyündə gözəldir. Təbii ki, burda hündürlük, suyun bolluğu, ətraf mənzərə önəmli rol oynayır.Top-100-yə İquasu (Braziliya, Argentina) başçılıq edir.Şəxsən mənim üçün ən gözəl şəlalə Skoqafossdur (İslandiya). Şəlalənin su həcmi dedikdə, bir saniyədə en kəsiyindən keçən su nəzərdə tutulur və m³/s ilə ölçülür. Dünyanın ən bol sulu şəlaləsi rəsmi mənbələrdə İnga (Konqo çayı) gösərilsədə, əslində o astanadır. Su həcmi 25768 m³/s-dir. Şəlalə kriteriyasına cavab verən ən bol sulu şəalalə isə yenə də Kondur. Orta su sərfi 11 000 m³/s-dir. Şəlalələrin təsnifatında başqa bir istiqamət il boyu suyun olması şərtidir. Bəzi şəlalələr var ki, ilin quraq vaxtlarında suyu quruyur və ya çox az suya malik olur. Dünyanın ikinci ən hündür şəlaləsi Tuqelanın yay aylarında suyu çox azalır və görüntü baxımdan cəlb edici görünmür. Maraqlı olanlardan biri də zamanla dünyada bəzi şəlalələrin yoxa çıxımasıdır. Məsələn, 1982-ci ildə Braziliyada su anbarı tikintisi zamanı Quayra şəlaləsi su hövzəsi daxilində qalmışdır. Hündürlüyü 114 m, eni 380 metr olan bu şəlalə dünyanın ən bol sulu şəlalələrindən biri hesab olunurdu. Dünyada ilk süni və ən hündür şəlaləni romalılar yaratmışdır. Hündürlüyü 165 metr olan Kaskata delle Marmore şəlaləsi İtaliyanın Umbriya əyalətində yerləşir. Azərbaycan şəlalələri demək olar ki, ətraflı tədqiq olunmayıb. Rəsmən ölkənin ən hündür, ən enli və bol sulu şəlaləsi haqqında məlumat yoxdur. Az-çox tanınan bir neçə şəlalə haqqında səthi və qeyri-rəsmi məlumat var. Mucuq, Afurca, Ramramay, Katex və s. şəlalələrinin hər tərəfli öyrənilməsinə böyük ehtiyac duyulur. Namik Man-taş Geri qayıt |