Əsas Səhifə > Manşet > Spiker Prezidentdən nümunə götürməlidir

Spiker Prezidentdən nümunə götürməlidir


15-12-2021, 23:08
Spiker Prezidentdən nümunə götürməlidir

S.Rüstəmxanlı bu xalqın «Ömür kitabı»nı yazan şairdir, siyasi xadimdir

Deputat sözünün dilimizdəki ekvivalenti millət vəkili sözüdür. Yəni ki, o ali kürsüdə oturan şəxs heç olmazsa ayda-ildə bir dəfə də millətin sözünü deməlidir. İndiyə qədər xalqın güzəranına öz dəbdəbəli villasının pəncərəsindən boylanıb “Azərbaycan xalqı Avropadakılardan daha yaxşı yaşayır” deyənləri də görmüşük, təqaüdlərin, sosial müavinətlərin kəsilməsini istəyənləri də. Çünki belələri fikirləşirlər ki, hansı partiyadan deputat seçiliblərsə məhz onun maraqlarını təmsil etməlidirlər, yeri gəldi-gəlmədi onları müdafiə nitqləri söyləməlidirlər. Çünki özlərini millət vəkilindən daha çox deputat hesab edirlər. 
Bir neçə gün öncə millət vəkili Sabir Rüstəmxanlı ilə spiker Sahibə Qafarova arasında olan polemika gündəmin əsas müzakirə mövzusudur. 
Qiymətlərin od tutub yandığı, əhalinin vəziyyətinin hər saat pisləşdiyi indiki məqamda süni rəqəmlərlə oynamaq, statistika naminə reallıqları gizlətmək kimlərin maraqlarına xidmət edir? Cənab Prezident hər dəfə xalq kütlələri ilə görüşlər keçirəndə nə qədər sadəlik, bilavasitə xalqa bağlı biri olduğunu nümayiş etdirir. Bəs məmurlar? 

Gəlin görək S.Rüstəmxanlı nə deyir?  “Qanun layihəsi cəmiyyəti narahat edən həssas məsələləri əhatə edir. Biz kosmetik dəyişikliklərə getməməliyik. Rayonlarda vəziyyət, işsizlik haqda hər kəs bilir. Məsələn, kənd yerlərində işsiz adamları peşə fəaliyyətinə cəlb etmək nə dərəcə effektiv ola bilər? Həmçinin işsizlərin 20 faizinin müqavilə əsasında müvəqqəti işlərə cəlb edilməsi məsələsi var. Bəs 80 faizi neyləsin? Zorakılıqla təqaüdün kəsilməsi, kənd yerlərində iş problemi, bəzi yerlərdə su və digər problemlərin kənd təsərrüfatına zərbə vurduğu halda, biz nəyə nail olacağıq? Məncə, bu məsələlərə diqqət etməliyik. Rayonlarda Məşğulluq İdarəsi yaradılıb. İnsanlar bura ayaq döyür və sonra heç nə yoxdur. Bununla bağlı onlarla fakt var. Mən təklif edirəm ki, işsizlik poblemi ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müzakirə keçirilsin”. 
Deyilənlərə kimin etirazı varsa ya Azərbaycanda yaşamır, ya da ki, yaşadığı ölkənin reallıqlarından sadəcə xəbəri yoxdur. Guya kim bilmir ki, bu ölkədə-xüsusilə rayon yerlərində insanlar işsizlikdən əziyyət çəkirlər, bir parça çörək üçün paytaxta üz tuturlar. Kəndlərdə yaşayanlar təsərrüfatlarında nə qədər əziyyətlər çəkirlər, təqaüdlər, sosial müavinətlər min-bir bəhanələrlə kəsilir. Sabir bəy bunlardan kənar nə deyib ki, sadəcə reallıqları dilə gətirib. Maraqlısı spiker Sahibə Qafarovanın reaksiyasıdır. Guya hər şeyin ən super səviyyədə olması, az qala işsizliyin sıfır səviyyəsi, xalqın yağ-bal içində üzməsi kimi absurd fikirlər səsləndirməklə Sahibə xanım ən azından bir millət vəkilinə xas olmayan davranış sərgilədi. Daha sonra isə nala-mıxa vuranlar partiyasından parlamentə seçilən birisinin atmacasından sonra istiqlalçı millət vəkilinə, ən azından xalqının azadlıq mücadiləsində böyük əməllər sahibi olan xalq şairinə cavab haqqı tanımamaqla tərəfsizlik, demokratiya prinsiplərinə zərbə vurdu. Parlamentin məhz müzakirə və mübarizə yeri olduğunu unudaraq sırf şəxsi partiyalılığını, hansısa nazirliyin mövqeyini müdafiə etməsini isə spikerə heç yaraşdırmadıq. Unutmayaq ki, Sabir Rüstəmxanlı bu xalqın taleyində,ömründə yer alan bir siyasi xadim, şairdir. Həm də bu xalqın “Ömür kitabı”nı yazan birisi kimi...

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt