Əsas Səhifə > Təhsil > Təhsilə bu qədər yamaq vurmaq olmaz, müəllim, vallah olmaz. Yamaq elə yamaqdır, lap CEYRAN dərisindən olsa da...

Təhsilə bu qədər yamaq vurmaq olmaz, müəllim, vallah olmaz. Yamaq elə yamaqdır, lap CEYRAN dərisindən olsa da...


17-12-2021, 18:38
Təhsilə bu qədər yamaq vurmaq olmaz, müəllim, vallah olmaz. Yamaq elə yamaqdır, lap CEYRAN dərisindən olsa da...

Qaradan artıq rəngin olmaması, sirkənin nə qədər tünd olarsa ancaq öz qabını sındıra biləcəyi barəsində müdrik atalarımızın sınaqdan çıxmış sözlərini biz hələ orta məktəb illərindən xatırlayırıq. Gözəl illər idi həqiqətən, orta məktəb illərini deyirəm(indiki uşaqlar xatırlamaz təbii)- müəllim müqəddəs bir varlıq, məktəb müqəddəs bir ocaq sayılırdı. Kimsə təsəvvür etməzdi ki, müəllimi ondan 10 qəpik summativ pulu yığsən, hələ süpürgə üçün haqq tələb etməsini demirəm. Direktoru görəndə adamın başında tükləri biz-biz olurdu, gizlənməyə yer axtarırdı. Hörmətdən, ehtiramdan...
İndiki uşaqlar da direktoru görəndə gizlənməyə yer axtarırlar. Amma hörmətdən deyil. Düşünürəm ki, artıq söhbətin “mus-mus” mərhələsini bitirib birbaşa Azərbaycan müəllimlərinin ən təsirli obrazlarından biri olan Mustafa müəllimə keçmək məqamıdır. Yəqin ki, cəmisi bir neçə gün öncə sosial şəbəkələrdə Səbail rayonunda yerləşən 189-190 saylı tam orta məktəbin direktoru Ceyran xanımın sinif rəhbərlərindən şagirdlərdən aylıq pulu toplamaları ilə bağlı tələbini əks etdirən səs yazısını çoxları dinləyib. Bütünlüklə Azərbaycan təhsili adına utanc, rüsvayçılıq sayıla bilən addımdır. Onsuz da olanları hamı görürdü, amma ortada bu boyda faktın olmasına rəğmən Azərbaycan təhsilinin kapitanlarının susqunluğunu qoruması, sadəcə BŞTİ tərəfindən məsələnin araşdırıldığı ilə bağlı xala xətrin qalmasın açıqlamanın verilməsi təəccüb doğurur. Paytaxtın ən nüfuzlu məktəbinin direktoru tərəfindən müəllimlərin rəsmən təhdid olunması, pul toplanmasına təhrik edilməsi faktına biganəlik ən azından baş verənlərə şəriklik anlamına gəlir. Görəsən daha nə baş verməlidir ki, Təhsil nazirliyi hərəkətə keçsin? Direktorlar valideynləri məktəbdə girov götürməli, yoxsa sinif rəhbərlərini döyməlidirmi?



Emin müəllim, yamaq vurmaq bizim milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Paltardan tutmuş yollara kimi hər yerə yamaq vurmaqda tayımız bərabərimiz yoxdur. Amma, təhsilə bu qədər yamaq vurmaq olmaz, müəllim, vallah olmaz. Yamaq elə yamaqdır, lap ceyran dərisindən olsa da...
P.S. Haqqında bəhs etdiyimiz məktəb direktoru Kuliyeva Ceyran Bədrəddin qızı "Məktəb direktorunun idarəetmə üslubu və kollektivdə psixoloji mühitin formalaşmasına onun təsiri” adlı elmi işin müəllifidir. Məktəb direktoru bu elmi işə görə kitab çap edib və Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya sahəsi üzrə fəlsəfə direktoru alimlik dərəcəsi adı alıb.

P.P.S. Ceyran xanım həm də Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır.

P.P.P.S. ...

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt