Əsas Səhifə > Gündəm > AD GÜNÜN MÜBARƏK CƏNAB PREZİDENT! — Bu xalqın sevgisi, alqışı, duası halalınız olsun!
AD GÜNÜN MÜBARƏK CƏNAB PREZİDENT! — Bu xalqın sevgisi, alqışı, duası halalınız olsun!24-12-2021, 11:22 |
|
“Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bu sözləri İlham Əliyev 2003-cü il seçkilərindən sonra keçirilən andiçmə mərhələsində demişdi. Ötən müddət sübut etdi ki, cənab Prezident bir an da olsa bu müqəddəs yoldan dönmədi, onun siyasətinin mərkəzində Heydər Əliyev ideyaları-Azərbaycan və azərbaycanlılar dayandı! Məğlub bir ölkənin rəhbəri olaraq qüruru sındırılmış, ləyaqəti alçaldılmış, torpaqları zəbt olunaraq talanmış bir xalqın ölən inamını dirçəltmək, özgüvənini qaytarmaq və ən əsası etimadını qazanmaq böyük siyasi iradə və güc tələb edir. Uzun, yorucu diplomatik danışıqlar, siyasi kluarlarda ustalıqla edilən manevrlər, ümumiyyətlə atılan hər bir addım zərgər dəqiqliyi ilə bir amala xidmət edirdi. Bu İlham Əliyevin tarixi missiyası idi və o bunu missiyanı reallaşdırmaq üçün həyatını ortaya qoymuşdu. Tale onun atasına bu xalqın tarixində iki dəfə xilaskarlıq missiyası vermişdi. Birinci dəfə böyük bir imperiyanın caynağında milli kimliyi məhv olmaqda olan bir xalqı xilas etmək missiyası, ikinci dəfə isə müstəqilliyinin ilk qədəmlərindəcə az qala xanlıqlara parçalanmaqda olan bir ölkənin bütövlüyünü qorumaq missiyası H.Əliyev tərəfindən uğurla həyata keçirildi. Ömür vəfa etsəydi o üçüncü böyük missiyasını da başa çatdıracaq-işğal olunmuş torpaqları geriyə qaytaracaqdı. Amma bu dəfə xilaskarlıq missiyası onun şah əsəri olan oğlunun-İlham Əliyevin üzərinə düşürdü! İlham Əliyev bu missiyanı reallaşdırmaq üçün 17 il sərf etdi. Bu müddət ərzində o mahiyyətcə yeni bir ölkə formalaşdırmağa müvəffəq oldu. Elə bu müddət ərzində tamamilə yeni bir düşüncə tərzinə malik olan xalq da formalaşdı. Bu ötən əsrin doxsanıncı illərində siyasi oyunbazların əlində oyuncağa çevrilən, yurdunu-yuvasını qoyub qaçmağa məcbur olan bir xalq deyildi. Qarabağı görməyib Qarabağ sevgisi ilə böyüyən bir nəsil yetişmişdi. Bu gənclik məhz İlham Əliyev hakimiyyətinin yetirməsi idi və hər an Ali Baş Komandanın əmrinə müntəzir idi. Yəqin ki, dünyanın harasında yaşamasından asılı olmayaraq istənilən azərbaycanlının yaddaşında əbədi həkk olunan bir tarix var-8 noyabr günü! Həmin günün zəfər qürurunu, sevincini yaşamaq şansını tarix hər kəsə nəsib etməz. Bu İlham Əliyevin haqqı idi. O şəhidlərin və H.Əliyevin ruhları qarşısında hesabat verərək qələbə xəbərini-Şuşanın azadlığı müjdəsini xalqa çatdırdı. Bax bu qələbə üçün, bu qalibiyyəti qazanmaq üçün və bu müjdəni xalqa çatdırmaq üçün yaşamağa dəyərdi. İlham Əliyev tarixə həm də müzəffər Ali Baş Komandan olaraq düşdü. Azərbaycan əsrlər idi ki, belə bir Komandanın həsrətində idi. 200 illik müstəmləkəçilik dönəmində didik-didik olunmuş, parçalanmış vətənin öz boynu bükük yavrusuna qovuşması bir ilk idi. Biz eləcə itirməyə öyrənmişdik. İlham Əliyev bizə həm də qalib xalq olmaq hissini yaşatdı! Bu gün İlham Əliyevin 60 yaşı tamam olur. Ömrün 60-cı baharını qalib bir xalqın sərkərdəsi olaraq qarşılamaq böyük xoşbəxtlikdir. Cənab Prezident Azərbaycan tarixinin yeni bir dönəmini başladıb-Qalibiyyət dönəmini. Biz azad olunmuş torpaqlarımıza məhz onun rəhbərliyi altında dönəcəyik, Qarabağımızda şəhərlərimiz, kəndlərimiz onun memarlığı ilə qurulacaq. Zəngəzurdan keçib Naxçıvana qədəmlərimizi onunla atacağıq. Bu həm də onun haqqıdır. Ad günün mübarək, cənab Prezident! Adını xalqının tarixinə müzəffər Ali Baş Komandan olaraq yazdırmaq hər kəsə nəsib olmur. Bu təkcə sizin deyil, həm də xalq olaraq bizim böyük xoşbəxtçiliyimizdir. Bizə bu qüruru yaşatdığınız üçün sizə sonsuz təşəkkürlərimiz var. Bu xalqın sevgisi, alqışı, duası halalınız olsun! Nazim Nağıyev Milli Aviasiya Akademiyası Nəqliyyat texnologiyaları fakültəsinin dekanı Geri qayıt |