Əsas Səhifə > Aktual > Ter-Petrosyanın “Paşinyanı devirmək istəyirlər” xəbərdarlığı - realdırmı...

Ter-Petrosyanın “Paşinyanı devirmək istəyirlər” xəbərdarlığı - realdırmı...


18-01-2022, 11:15
Ter-Petrosyanın “Paşinyanı devirmək istəyirlər” xəbərdarlığı - realdırmı...

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib ki, erməni baş nazir Nikol Paşinyan hakimiyyəti əldə saxlamağa, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə iqtidarı ələ keçirməyə çalışırlar. Ermənistanda növbəti hakimiyyət dəyişikliyi ola bilərmi? Köçəryan və Sərkisyan eyni qruplaşma, tandemdirmi? Rusiya bu güclərdən hansına stavka edir?

Son vaxtlar Putin Paşinyanın iqtidarda qalmasında maraqlı görünür. Çünki Ermənistanda iqtidar dəyişsə, hakimiyyətə yenidən “Qarabağ klanı” (müharibə partiyası) gəlsə, vəziyyət daha da gərginləşər. İndiki şərtlərdə bu, Rusiyanın maraqlarına cavab verməyə bilər.

Bəs Köçəryanın, Sərkisyanın hakimiyyətə qayıtmaq, Paşinyanı devirmək potensialları qalırmı? 1998-ci ilin fevralında Ter-Petrosyanı devirən bu qruplaşma o vaxt Ermənistan cəmiyyətindən dəstək almışdı. Ter-Petrosyan həmin vaxt Azərbaycanla sülhə hazırlaşırdı. Rusiyanın da yaxından dəstəyi ilə Köçəryan hakimiyyəti ələ keçirdi. Üstündən 24 il keçib, Ermənistan cəmiyyəti müharibəni uduzan Paşinyanın partiyasına səs verdi, Köçəryanı iqnor etdi. Rusiya da artıq “müharibə uşaqları”nı, səhra komandirlərini dəstəkləməkdən imtina etmiş kimi görünür. Fəqət burası Ermənistandır. Orada hər an durum dəyişə bilər. Necə ki, 2018-ci ilin mayında Ermənistanda ildırımsürətli iqtidar dəyişikliyi oldu...

Köçəryan qruplaşmasının iqtidara gəlməsi Azərbaycan tərəfdən necə qarşılanar? Rəsmi Bakı üçün bu sürpriz hansı yeni vəziyyət yarada bilər?

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli: “Paşinyanla haqq-hesabı sonrakı mərhələyə saxlayıblar”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Paşinyanın indiki şəraitdə hökumət başında qalması bütün tərəflərə sərf edir: “Birmənalı şəkildə bunu bu cür demək olmaz. Doğrudur, Ermənistanın daxilində çox ciddi problemlər var. Siyasi proseslər qarşıdurma ilə də yekunlaşa bilər. Çünki siyasi hərəkətlənmə daim müşahidə olunur. Amma hazırda Rusiyanın hansı tərəfdən çıxış etdiyini qətiyyətlə söyləmək mümkün deyil. Ola bilər ki, Ukraynada, Şərqi Avropada və dünyanın müxtəlif regionlarında yaşananlar Cənubi Qafqazı bir qədər proseslərdən kənarda saxlasın. Paşinyan kimi birisinin iki tərəfə, yəni Avropa və Rusiyaya stavka etməsi Kremli bir o qədər də narahat etmir. Ona görə də onun hakimiyyətdə qalması Rusiyaya meylli adamlara nisbətdə də optimal hesab oluna bilər. Ermənistanda ictimai rəy Köçəryan-Sərkisyan cütlüyünün deyil, Paşinyanın tərəfindədir. Onun hakimiyyətdən gedişi Ermənistanda daxili qarşıdurmalarla nəticələnə bilər. Eyni zamanda Qərbin ciddi etirazını arxasında qalmış olacaq. Həm də Rusiyanın qırmızı xətlərinin xəritəsi Ermənistandan da keçmiş olacaq. Bu baxımdan Paşinyanın devrilməsinə ehtiyac görülmür. Azərbaycanın da Köçəryan qruplaşmasının hakimiyyətə gəlməsinə mövqeyi olduqca sərtdir. Prezidentin ona qarşı xüsusi antipatiyası da var. Çünki onlar Xocalı qatilləridir, marginallaşmış qrupun nümayəndələridir. Bildiyiniz əsl terrorçu təfəkküründə olan şəxslərdir. Hər halda, Paşinyanla dil tapmaq daha rahat oldu. Azərbaycan nöqteyi-nəzərindən Köçəryan-Sərkisyan cütlüyünə nisbətdə o, daha optimal namizəd idi. Bir sözlə, onun hakimiyyətdə qalması bütün tərəflərə, o cümlədən Rusiyaya sərf edir. Amma Paşinyanın bəzi gedişləri Kremldə qıcıq oyatmaya da bilməz. Məsələn, ”Demokratiya sammiti"nə getmək, orada demokratiya imici yaratmaq Rusiyanın səbir kasasını daşırmaqdadır. Paşinyanla haqq-hesabı sonrakı mərhələyə saxlayıblar. Rusiya sülməramlıları məsələsi, Ermənistandakı hərbi baza hər an gündəmə gəlib, “vurula bilər”. Paşinyanın gedişləri kifayət qədər çoxdur. Amma isənilən halda bizim üçün ən vacib olan adam Paşinyandır".

Akif Nağı: “Köçəryanın hakimiyyətə qayıtmaq şansı çox aşağıdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı erməni baş naziri devirməyin çətin olduğunu söylədi: “Ermənistanda hakimiyyətin dəyişməsi, kiminsə gəlməsinin artıq bizim üçün heç bir mənası yoxdur. Azərbaycan sözünü deyib, işini görüb, indi də tamamlama işləri ilə məşğuldur. Köçəryan və ya başqa birisinin hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək. Çünki Ermənistanın nəsə etməyə gücü qalmayıb. Ümumiyyətlə, Köçəryanın hakimiyyətə qayıtmaq şansı çox aşağıdır. Ermənistanda ictimai rəy birmənalı şəkildə ”Qarabağ klanı"na qarşıdır, əksəriyyət Qarabağ xülyalarının onlara yalnız fəlakət gətirdiyini, bu xülyadan əl çəkməyin labüdlüyünü başa düşür. Fikir verdinizsə, Paşinyanın “artsax”ın ermənilərə aid olmaması ilə bağlı fikrinə Ermənistanda heç bir ciddi etiraz olmadı, hətta müxalif partiyalar da susmağa üstünlük verdilər. Bu, ümumi ictimai rəyin göstərşcisidir. Ona görə də Paşinyanın hakimiyyətdə qalmaq şansları daha böyükdür. O, hələlik Ermənistan əhalisini qane edir, xarici qüvvələr də onu optimal variant kimi qəbul edirlər. Ter-Petrosyanın da açıqlamaları üçüncü qüvvə roluna iddialı olması ilə bağlıdır. O, hər iki tərəfi tənqid etməklə özünü və ya öz namizədini qabartmaq niyyətindədir. Amma onun cəhdləri o qədər də perspektivli görünmür. Çünki ciddi sosial bazası yoxdur, xarici güc mərkəzlərinin də diqqətini cəlb edə bilmir. Əslində Ter-Petrosyanın 1998-ci ildə etmək istədiklərini Paşinyan bu gün Ermənistan üçün daha pis variantda həyata keçirir. Ona görə də o, indi məntiqlə Paşinyanın yanında olmalı, ona kömək etməli idi. Amma görünür, Paşinyan bunu istəmir, ya da hər ikisinin siyasi ambisiyaları buna imkan vermir".

Rubrika.Az
Geri qayıt