Əsas Səhifə > Manşet > “Həqiqət aşiqlərinin” vətənşüvənliyi ifşa olundu — TULA PAYI

“Həqiqət aşiqlərinin” vətənşüvənliyi ifşa olundu — TULA PAYI


1-02-2022, 23:14
“Həqiqət aşiqlərinin” vətənşüvənliyi ifşa olundu — TULA PAYI

Ötən gün ölkə gündəminin əsas müzakirə mövzularından biri millət vəkili Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarının London məhkəməsi tərəfindən dondurulması oldu. Xatırladaq ki, London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu.

Ötən ilin noyabr ayında iki həftə davam edən araşdırmaların nəticəsini 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi  elan edib. Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur.  Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.
Məsələnin maraqlı tərəfi heç də bu 10 milyon funt sterlinqdə deyil. Belə ki, qalan 5 milyon vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.
Millət vəkili bildirib ki, qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək.
Burada söhbət ondan getmir ki, C.Feyziyevin ailə üzvləri tamamilə halal yolla qazanılmış pullarını geri qaytaracaqlar və deyildiyi kimi bunun üçün kifayət qədər dəlilləri də var. Cavanşir müəllimin hansı mənəvi keyfiyyətlərə sahib olduğu barəsində az-çox məlumatı olanlar onun xeyirxahlığı, insaniyyəti barəsində ürək dolusu danışa bilərlər. İndiyə qədər gördüyü xeyriyyə əməlləri ilə bağlı yazsaq uzun bir siyahı alınar. Hörmətli millət vəkilinin özü bu barədə çox da yazılmasını xoşlamadığı üçün sadalamırıq. Onsuz da balıq bilməsə də Xaliq özü hər şeyi yaxşı bilir. 
Burada söhbət yenə bir qrup qaragüruhçunun az qala «zurna çalıb» toy-bayram etməsindən gedir. C.Feyziyevin ailə üzvlərinin 5 milyon funt sterlinqinə qadağa qoyulmasını sevinclə qarşılayanların, az qala bunu ədalətin təntənəsi kimi yozanların tək bir amalı var-nə olursa olsun bu ölkə, bu dövlət üçün mənfi tonda olsun, adına ləkə gətirsin. Burada söhbət heç də C.Feyziyevin şəxsiyyəti, siyasi fəaliyyəti deyil. Söhbət Azərbaycan hakimiyyətinin və dövlətinin ləkələnməsindən gedir. Dünyanın heç bir ölkəsində pul qazanmaq və sərvət sahibi olmaq eyib sayılmır. Amma Azərbaycanda “nənəm mənə kor deyib, gəlib-gedəni vur deyib” əqidəsi ilə yaşayanlar üçün bu böyük suçdur. Elə bu prizmadan da bu xəbəri toy-bayram edənlərin məntiqini başa düşmək olar. Öz aləmlərində Azərbaycan vətəndaşlarının pullarına ingilislər tərəfindən həbs qoyulmasını (baxmayaraq ki, qeyd etdiyimiz kimi belə hal baş verməyib)  böyük hadisə hesab edən “həqiqət aşiqlərinin” vətənşüvənliyi elə ilk baxışdaca ifşa olunur. Hiss olunur ki, qursağı ingilis funt sterlinqi ilə yağlananlar bu 5 milyondan da onlara pay tullanacağını gözləyirlər. Biz tərəflərdə belə tullanan paya həm də tula payı deyirlər!

Nicat Mahmudov 
Rubrika.Az

Geri qayıt