Əsas Səhifə > Manşet > Ramiz Mehdiyev Elmlər Akademiyasını "SİYASİ İNTİHARLA" üz-üzə qoyub

Ramiz Mehdiyev Elmlər Akademiyasını "SİYASİ İNTİHARLA" üz-üzə qoyub


3-02-2022, 19:00
Ramiz Mehdiyev Elmlər Akademiyasını "SİYASİ İNTİHARLA" üz-üzə qoyub

23 oktyabr 2019-cu ildə uzun illər Prezident Admnistrasiyasına rəhbərlik etmiş, siyasətin “boz kardinalı”, “akademiki” adlandırılan, ölkədəki siyasi proseslərin və intriqaların baş fiqurantlarından biri olan Ramiz Mehdiyev vəzifədən alındı. Özü də proses xüsusi ehtiramla həyata keçirildi-bir gündə Dövlət başçısı onun haqqında 4 fərman imzaladı. Bunlardan biri də qocaman akademikin Elmlər Akademiyasının prezidenti təyin olunması haqqında idi. 

Əslində 81 yaşlı bir şəxsin vəzifədən ayrıldıqdan sonra istirahətə çəkilməsi, memuarlarını yazması daha doğru addım olduğu halda R.Mehdiyev Elmlər Akademiyasını PA-nın dublikatına çevirərək onsuz da bərbad durumda olan bu elm ocağını siyasi uçuruma sürüklədi. Sovet partnomenkulaturasının şinelindən çıxan və müstəqil Azərbaycanın siyasi kluarlarında əsas ismlərdən biri olan, elm aləmində adı tutduğu vəzifədən dolayı qorxuyla anılan birisi Elmlər Akademiyasını siyasi intriqalar meydanına çevirdi. Öncə keçmiş kadrlarını elmə aidiyyatı olub olmamasından asılı olmayaraq müxtəlif vəzifələrə irəli çəkməklə hələ də güc-qüdrət sahibi olduğunu nümayiş etdirməyə cəhd etdi. Daha sonra isə Akademiyada az-çox elmlə məşğul olan kadrlara qarşı sə\lib yürüşünə başladı. Yoldaş Mehdiyevin Elmlər Akademiyasını bir təsərrüfat subyekti kimi görməsi, onu kolxoz metodu ilə idarə etmək cəhdləri elm xadimləri arasında ciddi narazılıq formalaşdırıb. Heç kimə sirr deyil ki, son 2 ildə Elmlər Akademiyasının adı ancaq qalmaqallarla xatırlanır. Bu işin mahir ustası Akademiyada elə bir mühit formalaşdırıb ki, elm siyasətin quyruğunda sürünməyə məhkum olunub. 
Artıq bir çox tanınmış elm xadimləri yaranmış vəziyyətə açıq-aşkar etiraz edirlər. R.Mehdiyevin despotik idarəetməsi, elm xadimlərinə, xüsusilə gənc kadrlara qarşı cəbhə açması təhlükəli durum yaradıb. Elm ocağını siyasiləşdirməklə, siyasi intriqalar meydanına çevirməklə onun hansı məqsədlər güddüyü də şübhəlidir. Bəziləri hətta 83 yaşlı akademikin siyasi revanşizmə nail olmasını da istisna etmirlər. Artıq Elmlər Akademiyası Ramiz Mehdiyevin rəhbərliyi altında Elmlər Akademiyası Partiyasına çevrilməkdədir. Məgər qocaman akademikin uzun illər sədaqətdən dən vurduğu siyasi hakimiyyətə təşəkkürü bundan ibarətdirmi? O, bütün çalarları ilə Azərbaycanın siyasi tarixində uzun illər xatırlanacaq biri idi. Ən azından tutduğu vəzifə və oynadığı rol bunu təmin edirdi. Sonunda dövlət başçısı ona Azərbaycanın elm tarixində də qalmaq şansını verdi. Görünür R.Mehdiyev aid olmadığı bir sahədə tarix yazmağı bacarmadı. Ya da istəmədi. Yenidən intriqalara başlamaq, siyasi ambisiyalarını ortaya qoymaq bu yaşda ona heç də uğur qazandıra bilməz. Əslində baş verənlər R.Mehdiyevin siyasi intiharıdır. Bu intiharın ən böyük qurbanı isə elmimiz və akademiyamızdır. 
Hər halda 83 yaşlı akademikin özünü və akademiyanı xilas etmək üçün şansları tükənməyib. Bu addımı atmaq üçünsə sadəcə iradə gərəkdir. Hörmətli və bir daha hörmətlə getmək üçün iradə !

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt