Əsas Səhifə > Siyasət > Moskva bəyannaməsinin iqtisadi sahədə Bakıya yaratdığı fürsətlər - NƏ QAZANIRIQ?
Moskva bəyannaməsinin iqtisadi sahədə Bakıya yaratdığı fürsətlər - NƏ QAZANIRIQ?24-02-2022, 12:47 |
![]() Fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış ölkələrarası bəyannamənin 43 bəndindən 12-si iqtisadi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq məsələlərini əhatə edir. Bu bəndlər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinə hərtərəfli yardımın davam etdirilməsindən tutmuş, iki ölkənin ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərilməsi, qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi, milli qanunvericiliklər çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, milli qanunvericiliklər və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla, birgə müəssisələrin yaradılmasına yardım göstərməyə, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsi, ölkələrin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləmək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaratmaq, bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla, neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirmək, aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım etmək, müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərmək, nəhayət, hər iki ölkənin digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinməsi və qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradılması kimi müddəalar var. Qeyd edək ki, Moskvada imzalanan bəyannamə və onun iqtisadi tərəfləri Azərbaycanda geniş müzakirə olunmaqdadır. Bir çox mütəxəssislər bəyannamədəki bəzi müddəaların ölkəmizin müstəqil iqtisadi siyasət yürütməsinə mane olacağı qənaətindədirlər. Digər qrup iqtisadçılar isə sənədin Azərbaycana iqtisadi baxımdan heç bir təhdid formalaşdırmadığını bildirirlər. RUBRIKA.AZ-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bəyannamənin 26-ci və 27-ci maddələrində qeyd edilənlər əsasən 3 məsələyə xidmət edir: “1.Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə; 2.Birgə müəssisələrin, o cümlədən bankların yaradılması; 3.Avtonom hesablaşma sistemlərinin yaradılması və ya mövcud olacaq alternativ hesablaşma sistemlərinə qoşulma. 2021-ci ildə Rusiya Azərbaycanın ən böyük (17,7 faiz) idxalatçı, 3-cü (4,15 faiz) böyük ixracatçı ölkəsi olub. Yəni Rusiya həm də Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkədir. Neft gəlirlərindən asılı olan və neftdənkənar ancaq Rusiyaya mal göndərən Azərbaycan üçün rublla əməliyyat aparmaq nə dərəcədə səmərəlidir? Bu addım faktiki olaraq Azərbaycanın neftdən kənar dollar qazanmaq imkanını məhdudlaşdırır. Rus şirkətləri üçün stabil manat qazanmaq imkanları artdığı halda milli şirkətlərimizin qeyri-sabit rubl qazanması ilə onların ixrac potensialını artıra bilməsi sual doğurur. Əslində hər iki maddə Rusiyaya tətbiq edilmiş və bundan sonra ediləcək sanksiyaların zərərinin minimuma endirilməsi üçün nəzərdə tutulan addımlardır. Sabah Rusiya şirkətlərinə, o cümlədən maliyyə institutlarına sanksiya tətbiq ediləndə Azərbaycanın paya malik olduğu şirkətlər də sanksiyaya tuş gələcək. Rusiya həm də Azərbaycandan sanksiyalar əleyhinə qalxan kimi istifadə edəcək. Rusiyanın SWİFT-ə alternativ yaradaraq öz hesablaşmalarını aparmaq niyyətinə ölkəmizin cəlb edilməsi narahatlıqlar yaradır". Ekspert hesab edir ki, bütün bunları Azərbaycan iqtisadiyyatının Avrasiya İqtisadi Birliyinin konsepsiyasına uyğunlaşdırılması istiqamətində atılan ilkin addım kimi də qiymətləndirmək olar. İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollar civarındadır: “Rusiya Azərbaycanın qeyri-neft ixracının 30 faizinin reallaşdığı tərəfdaşdır. Bu baxımdan, Moskva bəyannaməsi qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Çünki faktiki olaraq bəyannamə ölkələrin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması prinsiplərinə əməl etməsini nəzərdə tutur. Belə yanaşma ölkələr arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırır ki, bu da qarşılıqlı iqtisadi münasibətlərin daha da dərinləşməsi imkanlarını genişləndirir”. Millət vəkilinin sözlərinə görə, Rusiya ilə imzalanan bəyannamə Azərbaycanın digər partnyorları ilə əlaqələrinə heç bir təhdid yaratmır: “Söhbət xüsusilə strateji tərəfdaşımız olan qardaş Türkiyə ilə olan sıx əməkdaşlığımızdan, eyni zamanda Avropa Birliyi ilə iqtisadi əlaqələrimizin dərinləşməsi prosesindən gedir. Bura həmçinin Azərbaycanın Avropa Birliyinə qaz nəqli də daxildir. Azərbaycan Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin gələcəkdə artırılmasına dair öhdəlik götürüb. Ötən il Azərbaycanın dəhlizlə nəql etdiyi qazın mühüm bir hissəsi Avropaya çatdırılıb. Bu il ərzində bu həcmin 10 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu səbəblə dəhlizin genişləndirilməsi, ötürücülük gücünün artırılması planları əvvəlcədən qəbul edilib. Bundan sonra dəhlizin genişləndirilməsi işləri aparılacaq və Moskva bəyannaməsi hər hansı formada buna maneçilik yaratmayacaq. Mən əminəm ki, tezliklə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 31,5 milyard dollara çatdırılması planları reallaşacaq. Ümumiyyətlə, hesab edirəm ki, Moskvada imzalanan bəyannamə nə Türkiyə və türk dövlətləri, nə də Avropa Birliyi ilə münasibətlərimizə problem yaratmayacaq və bu münasibətlər daha da dərinləşəcək”. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Moskvada imzalanan bəyannamənin Rusiya və Azərbaycanda təsdiqlənərək rəsmi qüvvəyə minməsi müəyyən zaman tələb edəcək: “Adətən belə sənədlər ölkələrin parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minir və bu proses müəyyən vaxt tələb edir. Bu baxımdan, düşünürəm ki, Azərbaycanla Rusiya arasında imzalanan bəyannamənin də parlamentlərdə ratifikasiyası bir neçə ay zaman aparacaq. Sırf iqtisadi nöqteyi-nəzərdən dəyərləndirsək, bəyannamədə Azərbaycan üçün təhlükə yaradacaq bir məqam mövcud deyil. Bəzi şəxslər neft-qaz satışı, bu sektordakı layihələrin icrası sahəsində problemlər yaranacağını gözləyirlər. Lakin düşünürəm ki, bu sahədə də bəyannamə Azərbaycana hər hansı təhlükə yaratmır. Çünki Azərbaycanın bütün neft-qaz müqavilələri Qərbin və digər qüvvələrin maraqları təmin olunmaqla uzunmüddətli dövr üçün imzalanıb. Onların icrasına hər hansı bəyannamə ilə problem yaradılması real görünmür”. Ekspert Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına dair bəyannamədə nəzərdə tutulan məsələlərə gəlincə, onların icrası üçün xeyli zaman tələb olunacağını deyir: “Gömrük prosedurlarının uyğunlaşdırılması, gömrük-keçid məntəqələrinin imkanlarının genişləndirilməsi kimi məsələlər var ki, qarşılıqlı ticarəti artırmaq üçün ilk öncə onları həll etməliyik. İndinin özündə Rusiyanın gömrük sistemi Azərbaycanla sərhəddə avtomobillərin normal keçidini təmin etməkdə çətinlik çəkir. Ölkə sistemin fəaliyyətinin genişləndiriləcəyini deyir, amma illərdir ciddi dəyişiklik olmur. Qarşılıqlı ticarətin manat və rublla aparılması məsələsinə gəlincə, Rusiya bizdən əvvəl bir neçə ölkə ilə analoji müqavilə bağlayıb, lakin hələlik buna nail ola bilməyib. Hətta dörd il əvvəl Çinlə ticarətin yuan və rublla aparılmasına dair müqavilə imzalansa da, hələ də bu sahədə ciddi nəticə yoxdur. Çünki bu, çox çətin prosesdir. İndiki şəraitdə rublun məzənnəsi çox oynayır, ona əsaslanmaqla müqavilə bağlamağa sahibkarları məcbur etmək mümkün deyil. Bu baxımdan, rubl və manatla müəyyən kiçik həcmli alış-verişin həyata keçirilməsi mümkündür, amma irihəcmli müqavilələr üzrə alqı-satqı mütləq dünyada dönər valyuta kimi tanınan valyutalarla reallaşdırılacaq”. RUBRIKA.AZ Geri qayıt |