Əsas Səhifə > Cəmiyyət > Bakıda qardaşlar arasında qanlı dava - TƏFƏRRÜAT

Bakıda qardaşlar arasında qanlı dava - TƏFƏRRÜAT


14-03-2022, 11:55
Bakıda qardaşlar arasında qanlı dava - TƏFƏRRÜAT

Bakıda Azər Ağalarov şəxsi münasibətlər zəminində qardaşı Anarı bıçaqlayıb. Rubrika.Az demokrat.az-a istinadla xəbər verir ki, hadisə ötən il iyulun 13-də baş verib. Azər yaşadığı mənzildə qardaşı Anar ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Azər Anara bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, eyni mənzildə qardaşı ilə birlikdə yaşayıblar: “1994-cü ildə anam, atam isə 2014-cü ildə rəhmətə gedib. Bacım isə ailə həyatı quraraq bizdən ayrı yaşayır. 2018-ci ildə Elşanə ilə ailə həyatı qurdum. Lakin aramızda rəsmi olaraq nikah bağlanmadı. Həmin evlilikdən bir qız övladımız var”.

Azərin sözlərinə görə, təxminən 2019-cu ilin sonlarına kimi ailə üzvüləri ilə birlikdə qalsa da, sonradan həmin evi kirayəyə verib, o ailəsi ilə başqa ünvanlara köçərək kirayədə yaşayıblar: “Qardaşım Anar uzun müddətdir narkotik vasitələrdən istifadə edib. Buna görə də Anar mənzildə olan bütün ləvazimatları sataraq narkotik vasitələr alaraq özü üçün istifadə edib. Buna görə bir neçə dəfə qardaşıma iradımı bildirsəm də, o mənə qulaq asmayıb. Hərdən qardaşımla söz-söhbətlərimiz olsa da, aramızda dava-dalaş baş verməyib. Təxminən 3 gündə bir gedib, evə baş çəkmişəm”.

Azər qeyd edib ki, iyulun 13-də, saat 15 radələrində yenə gedib: “Anar həmin vaxtı evdə tək olub. Həmin gündən təxminən 2-3 gün əvvəl Anar məndən 25 manat almışdı. Anardan aldığım 25 manatı nə zaman qaytaracağını soruşdum. Anar pulu bu gün verəcəyini dedi. Anar məndən yenidən borc olaraq pul istədi. Ona borca pul verə bilməyəcəyimi bildirdim. Anar yaxınlarımın ünvanına nalayiq ifadələr işlətdi. Evin mətbəxində idik. Anara dedim ki, sussun. Lakin Anar nalayiq ifadələr işlətməyə davam etdi. Otağa daxil olan kimi Anar üzərimə gəldi, nalayiq söyüş söyərək məni itələdi. Həmin zaman əlimi bıçağa atdım, bıçağın arxası ilə onu vurmaq istədim. Lakin ani olaraq proses cərəyan elədi və bir də baxdım ki, bıçaq qardaşımın belində qalıb. Qan axdığını gördüm, təcili yardıma zəng etdim. Qardaşımı yaxınlıqdakı xəstəxanaya apardım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər 3 il müddətinə azadlıqdan məhrum eidlib.

Rubrika.Az
Geri qayıt