Əsas Səhifə > Dünya > Putin Paşinyana hədə-qorxu gəlib… - Telefon danışığında mövzu nə olub?

Putin Paşinyana hədə-qorxu gəlib… - Telefon danışığında mövzu nə olub?


18-03-2022, 09:54
Putin Paşinyana hədə-qorxu gəlib… - Telefon danışığında mövzu nə olub?

İrəvanın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Putinlə Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış sazişlərin icrasına toxunublar.

Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hökuməti Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün təqdim etdiyi 5 təklifinə cavab olaraq 5 təkliflə çıxış edib. Hansı ki, İrəvanın bu təklifləri sırasında sülh danışıqları prosesinə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin cəlb etməsi də yer alır. Ermənistan danışıqlarda özünə daha əlverişli mövqe əldə etmək üçün prosesə Minsk qrupunu da qoşmağa çalışır.

Amma görünür, İrəvanın bu istəyi Moskvada heç də yaxşı qarşılanmayıb. Belə ki, Ukraynaya hücumu fonunda Rusiya Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Bu prosesdə isə ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən olan ABŞ-la Fransa əsas rol oynayır. Həmin ölkələrin Ukrayna məsələsində Rusiyaya qarşı çıxdıqları bir zamanda, Moskva çətin ki, digər məsələlərdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərblə əməkdaşlığa, birgə fəaliyyətə razılıq versin. Bütün digər cəbhələrdə ciddi şəkildə toqquşduqları ölkələrin, ayrıca olaraq hansısa bir məsələdə ümumi mövqedən çıxış edəcəkləri elə də gözlənilən deyil. Moskva həmin məsələdə Qərbə yaşıl işıq yandırmaqla əslində bölgədə onun da möhkəmlənməsinə imkan vermiş olar ki, indiki həssas məqamda Kreml heç bir halda buna yol verməz.

Bu mənada, böyük ehtimalla Putin İrəvanın Minsk qrupu ölkələrinə müraciətini müzakirə etməklə, əslində, Paşinyana həmin təşəbbüsündən vaz keçməsi üçün təzyiqlər edib.

Putinlə Paşinyanın Ukrayna ətrafında cərəyan edənləri müzakirə etməsinə gəldikdə, ola bilsin, Kreml rəhbəri ermənilərin bu müharibədə Rusiyaya canlı qüvvə sarıdan yardım etmələrinə görə təşəkkür edib. Qeyd edək ki, bir sıra mətbu orqanlarda erməni silahlılarının Ukraynada rus qoşunları tərəfindən vuruşduqları barədə məlumatlar yer alıb. Həmçinin, Putin telefon danışığında, ola bilsin, Qərbə meyilli Paşinyanı Ukrayna nümunəsini misal gətirməklə onu bu mövqeyindən geri çəkilməyə çağırıb. (qaynarinfo)

Rubrika.Az
Geri qayıt