Əsas Səhifə > Manşet > “Ay məmurlar, cəhənnəm olsun pandemiya...” - Fazil Mustafa dövlət qurumlarına səsləndi

“Ay məmurlar, cəhənnəm olsun pandemiya...” - Fazil Mustafa dövlət qurumlarına səsləndi


30-03-2022, 22:48
“Ay məmurlar, cəhənnəm olsun pandemiya...” - Fazil Mustafa dövlət qurumlarına səsləndi

2020-ci ildən bütün dünyann qorxulu kabusuna çevrilən COVİD 19 pandemiyası bir çox sahələrdə həyatı iflic edib. Son zamanlar virusa yoluxma hallarının kəskin azalması səbəbindən əksər qadağalar aradan qaldırılıb. Hətta yaxın vaxtlarda pandemiyanın bitməsinin rəsmi olaraq elan olunacağı da gözlənilir.

Bütün bunlara baxmayaraq quru sərhədlərinin hələ də bağlı olması qonşu ölkələrdə qalan həmvətənlərimiz üçün böyük çətinliklər yaradır. Vətənə dönmək istəyən, lakin sərhədlərin bağlı olması səbəbindən xarici dövlətlərdə qalan, min bir əziyyət çəkən vətəndaşlarımıza təəssüf ki, dövlət tərəfindən çox zaman lazımi diqqət göstərilmir. Sanki bu əzablar çəkən, xarici ölkələrdə səfil günündə qalan insanlar Azərbaycan vətəndaşı deyil.
Bu gün millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında bu problemi bir daha qabardaraq aidiyyatlı dövlət qurumlarını hərəkətə keçməyə səsləyib. Millət vəkili səfirliyin fəaliyyətsizliyini,məmurların biganəliyini xüsusilə qeyd edib:
“İndicə Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi. Hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın. Minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda...Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir. Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları öz Vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!”
Hesab edirik ki, millət vəkilinin çağırışı Xarici İşlər Nazirliyini, eləcə də digər aidiyyatlı dövlət qurumlarını hərəkətə keçirəcək, nəhayət ki, çarəsiz durumda olan həmvətənlərimizə sahib çıxacaqlar.

Rubrika.Az
Geri qayıt