Əsas Səhifə > Manşet > AZƏRBAYCAN-PAKİSTAN QARDAŞLIQ MÜNASİBƏTLƏRİ ƏBƏDİDİR

AZƏRBAYCAN-PAKİSTAN QARDAŞLIQ MÜNASİBƏTLƏRİ ƏBƏDİDİR


13-04-2022, 10:30
AZƏRBAYCAN-PAKİSTAN QARDAŞLIQ MÜNASİBƏTLƏRİ ƏBƏDİDİR

Aprelin 9-da Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb.

Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib.
Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.
Xatırladaq ki, İmran Xan fevralın 24-də Rusiyaya səfər edərək bu ölkənin prezidenti Vladimir Putinlə görüşmüşdü. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladığı günə təsadüf etdiyi üçün birmənalı qarşılanmamışdı.
İmran xan Pakistanın baş naziri olduqdan sonra ölkəsinin regionun güclü dövləti kimi nüfuzunu daha da artırdı. O, ölkəsinin heç vaxt xarici güclərə kölə olmayacağını vurğulayıb.Təbii ki, Baş nazirin öz milli dövlətçiliyi baxımından bu qədər qəti və sabit mövqe sərgiləməyi xarici gücləri narahat edirdi. Bu baxımdan, Pakistanın daxilində müəyyən xaotiklik elementi yaratmağa çalışırdılar.
Hadisələrə baxsaq Pakistan xalqı baş nazir İmran Xanın getməsinə icazə vermək istəmədiyi ortadadır. Amma parlament fərqli qərar çıxardı. Hazırda Pakistan parlamentində əsas səs çoxluğu amerikayönümlülərdədir. İmran xan dinc yolla hakimiyyətdən getməklə öz xalqına olan sonsuz sevgisini bir daha sübut etdi.
İmran xanın hakimiyyəti dövründə Pakistan-Azərbaycan münasibətləri ən yüksək səviyyədə inkişaf edib. Daima birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən Pakistan 44 günlük müharibə zamanı Azərbaycana tam dəstəyini ifadə edib. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı Pakistanın bayrağı daima Azərbaycan və Türkiyə bayraqları ilə qoşa dalğalanıb. Bu təkcə bir müsəlman həmrəyliyi deyildi, həm də İmran xanın formalaşdırdığı qardaşlıq hisslərinin mücəssəməsi idi.
Pakistan-Azərbaycan münasibətlərinin bünövrəsi bizim böyük xeyiriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub. Pakistanda malyariya xəstəliyi tüğyan edəndə Hacı Zeynalabdin Tağıyev öz maddi vəsaiti hesabına Avropadan yüz minlərlə vaksin alaraq, pakistanlı qardaşlarımıza göndərib. Bu, Pakistanda malyariyanın qarşısının alınmasında çox böyük rol oynayıb.
Azərbaycan-Pakistan münasibətlərinin bünövrəsi kifayət qədər sağlam və sarsılmazdır. Kimsə istəsə belə, bu bünövrəni dağıdıb, Azərbaycan-Pakistan münasibətlərini başqa səmtə yönəldə bilməz, bu mümkünsüzdür. Bu, uzun illərin sınağından üzüağ çıxmış münasibətlərdir. Uzun illərdir ki, bu münasibətlər belə sağlam təməllər üzərində gedir və daha da inkişaf edir. Hətta Sovet İttifaqı illərində də, Azərbaycan-Pakistan münasibətləri çox yüksək səviyyədə idi.
İmran xan bu münasibətlərin dərinləşməsində müstəsna rol oynadı və hər zaman xalqımızın yaddaşında dost, qardaş siyasətçi olaraq qalacaqdır. O xalqımıza qarşı sərgilədiyi münasibətlə əsl XAN təbiətini ortaya qoydu. Azərbaycan xalqı heç zaman dostunu da, düşmənini də unutmur. Onun yaddaşına XAN kimi yazılanlar elə XAN kimi də qalacaqdır !

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt