Əsas Səhifə > Cəmiyyət > Horadiz-Ağbənd dəmir yolunun inşası: Rəqəmlər, nəzərdə tutulanlar - RƏSMİ + FOTO
Horadiz-Ağbənd dəmir yolunun inşası: Rəqəmlər, nəzərdə tutulanlar - RƏSMİ + FOTO15-04-2022, 17:07 |
|
Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası prosesində indiyədək 82 km ərazi minalardan təmizlənib. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Horadiz-Ağbənd dəmiryolunun inşası işləri ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib. Horadiz-Ağbənd dəmiryolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir. Dəmiryolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə doqquz stansiyanın inşası planlaşdırılır. Natəvan Bayramova qeyd edib ki, eyni zamanda bu istiqamətdə 300-ə yaxın süni mühəndis qurğusunun, o cümlədən üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir: “Birinci mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, süni qurğular 93%, dəmiryolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələdə ümumi icra vəziyyəti 89% təşkil edir. İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, süni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib. Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir”, - deyə qurum rəsmisi əlavə edib. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsi kimi nəzərdə tutulur.(oxu.az) RUBRİKA.AZ Geri qayıt |