Əsas Səhifə > Manşet > Zaur Əliyevdən müjdəli hesabat: "HƏKİMLƏRİN MAAŞI ARTACAQ"
Zaur Əliyevdən müjdəli hesabat: "HƏKİMLƏRİN MAAŞI ARTACAQ"4-05-2022, 09:31 |
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ümidləri doğrultmaqda davam edəcək!
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması, bu sahədə hökm sürən nöqsanların aradan qaldırılması üçün davamlı islahatlar həyata keçirilir. Xüsusilə son illər bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərə imza atılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması və vətəndaşlara sığorta paketlərində pulsuz səhiyyə xidmətlərinin göstərilməsi Azərbaycan səhiyyəsində inqilabi dəyişiklik hesab edilə bilər. 2016-cı ildə respublikamızda icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Ona görə bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Ötən müddət ərzində bu sahədə çox mühüm dəyişikliklər edilib, səhiyyə xidmətləri əhalinin bütün sosial təbəqələri üçün əlçatan olub.Təkcə onu demək kifayətdir ki, 2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Həmçinin bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. “Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət etdiyi, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib. Z. Əliyev bildirib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Digər bir yenilik isə tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Zaur Əliyev qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb. Təkliflərdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda, gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb. Agentliyin uğurlu fəaliyyəti nəticəsində daha 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.Bu isə əhalinin daha yüksək səhiyyə xidmətlərindən yararlanması anlamına gəlir. İşin günün tələbləri səviyyəsində qurulması, müasir dünyanın çağırışlarına vaxtında cavab verilməsi hər bir uğurun təməl daşıdır. İnanırıq ki, bundan sonra da səhiyyə sistemində müsbət dinamika qorunub saxlanacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ümidləri doğrultmaqda davam edəcək! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |