Əsas Səhifə > Manşet > «KOMEDİXANA» — İNSANLARI GÜLDÜRMƏK AĞLATMAQDAN ÇƏTİNDİR 

«KOMEDİXANA» — İNSANLARI GÜLDÜRMƏK AĞLATMAQDAN ÇƏTİNDİR 


5-05-2022, 10:01
«KOMEDİXANA» — İNSANLARI GÜLDÜRMƏK AĞLATMAQDAN ÇƏTİNDİR 

Daydayla fəxri ad alanların əlində məhv olan teatr səhnəsi, komediya yenidən dirçəldilməlidir


Deyirlər, bəzən insanları güldürmək ağlatmaqdan daha çətin olur. Söhbət təbii ki, mənalı gülüşdən gedir. Cəmiyyətin eyiblərini, çatışmazlıqlarını elə gülə-gülə canlandırmaq, insanları öz səhvlərinə güldürərək maarifləndirmək böyük məsuliyyətdir. Böyük Mirzə Cəlil, Sabir və neçə-neçə dahi mütəfəkkirimiz xalqımızın eyiblərini elə satira vasitəsilə özünə çatdırıb, güldürüb və düşündürüb. Əslində bu gülüşün dərin qatlarında böyük bir acı, ağrı dayanır. Sabir öz satiralarını “ağlar-güləyən” təxəllüsüylə yazmırdımı? 
Etiraf edək ki, müstəqillik dönəmində istər ədəbiyyatımızda, istərsə də teatr,kino sahəsində ciddi yumor boşluğu yaranıb. Sırf publikaya hesablanan, heç bir bədii yükü olmayan, şit, bayağı yumor sənətə çevrilib. İnsanları güldürmək üçün min-bir hoqqadan çıxan, arvad paltarı geyinib düşükləyən “sənətkarlar” səhnəmizin ulduzları olublar.  Hər sözü aforizmə çevrilən klassik yumor ustalarımızın yerini cılız düşüncəyə və bayağı istedada malik olan artistlər dəstəsi tutub. 
Əliağa Ağayevin, Bəşir Səfəroğlunun, Nəsibə xanımın, Səyavuş Aslanın, Yaşar Nurinin təkcə səhnəyə çıxmağı, adicə bir mimikası, jesti tamaşaçını güldürməyə bəs edirdi. Amma bu ucuz, bayağı səhnə hərəkətləri deyildi, əsl sənətkar ustalığı, aktyor bacarığı idi. Təəssüf ki, efirlərimizdən düşməyən, səhər ekspert qismində şərh verib, axşam şou proqramlarda rol alan müasir artistlərimiz bu istedadlardan xalidirlər. Şit qəhqəhələrindən qulaqlarımız yağır olsa da bizi güldürə bilməyən bu yumor “ustaları” ürəkdən gülməyi də gözümüzdən salıblar. 
Nə xoş ki, son illər bir çox gənc aktyorlar yaranmış boşluğu doldurmağa çalışırlar. Sevindirici haldır ki, bu sahədə püxtələşən gənclərin sayı səhnəni sirklə səhv salanların sayından heç də az deyil. Teleməkanda  uğurlu layihələrdən olan “Komedixana” kifayət qədər tamaşaçı kütləsinə malikdir və sevilir. Layihədə yer alan gənc aktyorlar heç də bayağı üsullarla tamaşaçını güldürməyə cəhd etmirlər- həyatdan götürülən personajların dili ilə cəmiyyətin eyiblərini uğurla canlandırırlar. Səhnədəki personajlarla biz demək olar ki, hər gün üzləşirik- küçədə, bazarda, hər yerdə. Çox zaman biganəlik göstərdiyimiz bu “qəhrəmanların” əsl simasını göstərməklə “Komedixanada” bizi həm də özümüz-öz eyiblərimizə güldürürlər. Bu mənada gənclərin uğuru danılmazdır. Aktyorlar başda Ənvər Abbasov olmaqla, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev, Gülcahan Salamova, Cavidan Novruz, Firuzə Balayeva, Anar Almazov, Nuranə Həmidova, Ramil Nuriyev, Zarina Qurbanova, Xəyalə Quliyeva, Mənsur Şərif, Həsrət Həsərtov illərdir ki, səhnədə formalaşan bayağılıq stereotiplərini dağıtmağı bacarıblar. İstedadan qaynaqlanan improvizələr, təbii canlandırma qabiliyyəti bu gənclərin uğurlu gələcəyindən xəbər verir. Amma...
Bax bu ammadan sonrakı mərhələ Mədəniyyət Nazirliyinin, əlaqədar dövlət qurumlarının üzərinə düşür. Bu istedadları qorumaq, stimul vermək, təltifləndirmək lazımdır. Səhnəmizin gələcəyini təmin etmək üçün bunlar mütləqdir. Daydayla fəxri ad alanların əlində məhv olan teatr səhnəsi, komediya yenidən dirçəldilməlidir. İnanırıq ki, mədəniyyətimizin böyük himayədarı Mehriban xanım bu gənclərə də lazımi dəstəyini verəcək. Yoxsa bir para oyubazların şit hırıltıları yenə də qulaqlarımızı yağır edəcək. 
Üzünüz gülsün həmişə...

Nicat Mahmudov 
Rubrika.Az

Geri qayıt