Əsas Səhifə > Aktual > ABŞ-dan İrəvana silah tədarükü MÜMKÜNDÜRMÜ?

ABŞ-dan İrəvana silah tədarükü MÜMKÜNDÜRMÜ?


28-09-2022, 17:02
ABŞ-dan İrəvana silah tədarükü MÜMKÜNDÜRMÜ?

"ABŞ-ın Ermənistana silah satışını nəzərdən keçirməsi barədə Erməni Milli Komitəsinin yaydığı informasiya ermənipərəst konqresmen Ceki Speyerin Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı mülahizələrinin kontekstdən çıxarılmış hissəsidir".

RUBRİKA.AZ xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq Elçin Mirzəbəyli qeyd edib.
Politoloq qeyd edib ki, Speyerin qənaətinə görə, Ermənistan KTMT-dən çıxmalı, NATO-ya inteqrasiya yolunu tutmalı, bunu açıq şəkildə bəyan etməli və yalnız bundan sonra ABŞ Ermənistana silah satışını, reallıqda isə bu ölkəyə əvəzsiz silah verilməsini təmin edə bilər:
"Bununla yanaşı, ermənipərəst konqresmen qeyd edir ki, hazırda Ermənistana silah tədarükü üçün heç bir imkan yoxdur, nə hava məkanı, nə də digər kommunikasiya vasitələri geosiyasi reallıqlar ucbatından buna imkan vermir. Məşhur lətifədə deyildiyi kimi, Speyerin bütün bəhanələri sözgəlişi ifadələrdir, sadəcə “barıt nəm olduğu” üçün, İrəvan hələ də iki qütb arasında manipulyasiya etdiyindən silah tədarükü mümkün olmayacaq. Ermənistanın indiki şəraitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması və açıq Qərbmeylli siyasət yürütməsi isə intihara bərabər bir addım olardı. Bu baxımdan, yaxınlaşmanın ən azı yaxın bir neçə ay ərzində indikindən daha uzağa gedəcəyi gözlənilmir".
E.Mirzəbəyli əlavə edib ki, noyabrın ikinci yarsından başlayaraq biz həm regionda, həm də hazırda qlobal siyasətin epidsentri olan Şərqi Avropada hadisələrin proqnozlaşdırıldıqdan fərqli istiqamətdə inkişaf etdiyinin şahidi ola bilərik:
"Əgər Ermənistan da bütövlükdə dövlət kimi “qurbanlıq keçi”yə çevrilmək istəyirsə, bu, onun öz seçimidir. Əslində Ermənistanın ilk prezidenti Ter-Petrosyanın ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər rəsmi İrəvana xəbərdarlıq xarakteri daşıyır. Çox güman ki, Nikol Paşinyan da sabiq sədrinin nə dediyinin fərqindədir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünə gəldikdə isə, bunu daha öncə başladılan bir prosesin tərkib hissəsi və davamı kimi də qəbul etmək olar. Belə görüşlər tərəflərin mövqelərinin detallı şəkildə aydınlaşması və bundan sonra atılacaq addımların müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir".

RUBRİKA.AZ
Geri qayıt