Əsas Səhifə > Aktual > Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir - Görünəni budur...

Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir - Görünəni budur...


14-10-2022, 15:37
Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir - Görünəni budur...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan və Azərbaycan arasında sərhəd 1929-cu ildə delimitasiya edilib. Onun sözlərinə görə, İrəvana bu tarixi əsas götürmək və Ermənistanın 29,8 min kv.km ərazisini təmin etmək qalır. “Bu, qəbul edilmiş prinsipdirmi” sualına isə Qriqoryan belə cavab verib: “Qəbul edilmiş qərar odur ki, biz sülh sazişini və delimitasiyanı ilin sonuna qədər tamamlayaq.

Hələlik aydınlıq yoxdur, ancaq hansı istiqamətdə irəliləməklə bağlı anlayış var”. Qeyd edək ki, Azərbaycan ərazilərinin qanunsuz olaraq Ermənistana verilməsi prosesi 1920-1929-cu illərdə həyata keçirilib. 1929-cu il 18 fevraldakı “delimitasiya” zamanı isə Ermənistana Cəbrayıl qəzasının Nüvədi, Eynəzir və Tuqut kəndləri, habelə Ordubad sahəsinin Qərçivan və Kilid kəndinin torpaqlarının bir hissəsi verilib. Bu ərazinin ümumi sahəsi 664 km2-dir. Amma bu, son deyildi. Torpaq verilməsi bundan sonra da davam edib və hazırda Ermənistanın işğalı altında olan Azərbaycan kəndləri buna görə anklavlara çevrilib. Beləliklə, bəlli olur ki, Ermənistan 1929-cu il xəritəsi əsasında sərhədlərin müəyyənləşməsinə çalışır.
Politoloq Zaur Məmmədov bildirib ki, Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar. Ekspertin sözlərinə görə, Qriqoryanın bəyanatının səbəbi faktı gizlətmək və danışıqlarda cığallıq etməkdən ibarətdir:
"Kommunistlərin 1920-ci ilin noyabrın 30-dan 10 il ərzində Azərbaycan torpaqlarını birtərəfli şəkildə Ermənistan SSR-yə bağışlamaları ilə meydana çıxan formal sərhəd xəritəsi hazırda danışıqlarda yol xəritəsi ola bilməz. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur.
Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də Ermənistan tərəfi SSR xəritələrinə istinad etmək istəyir. Son variant kimi, İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad edir.
Rusiya isə 1974-cü il SSRİ xəritələrinə əsasən, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını nəzərdə tutur. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb".
Siyasi şərhçi vurğulayıb ki, 1991-ci il Alma-Ata sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual altına düşür: "1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı.
Daha sonra isə 1984-86-cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi. XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-nin ovaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi. Beləliklə, SSR zamanı, 1920-ci ilin sonundan 1991-ci ilə qədər Ermənistana verilən bütün torpaqlar qeyri-qanunidir. Bu məsələnin beynəlxalq arenada qabardılması indiki şəraitdə mümkünsüz kimi görünməməlidir".
Z.Məmmədov hesab edir ki, əgər söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə, o zaman müstəqil aktorlar qismində 1920-ci ilə qədər hər iki dövlətin sərhədinə baxmaq lazımdır:
"Aydın məsələdir ki, SSR işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri-qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın özünün bir çox qonşu dövlətlərin sərhədlərini 1920-ci il kontekstində sual altına qoyduğu, Qərbin SSR kommunist rejimini qanunsuz qara yara adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920-ci ilə qayıtması tutarlı arqumentlərlə doludur.
1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 min kv. km əraziyə malik idi. Buna görə də hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur".


Rubrika.Az
Geri qayıt