Əsas Səhifə > Dünya > Zəlzələdən zərər çəkən Suriyaya biganəlik... - Rusiya və İran niyə kömək etmir?

Zəlzələdən zərər çəkən Suriyaya biganəlik... - Rusiya və İran niyə kömək etmir?


9-02-2023, 10:22
Zəlzələdən zərər çəkən Suriyaya biganəlik... - Rusiya və İran niyə kömək etmir?

Suriyada çəkilən videolardan görünür ki, sadəcə, yerli əhali öz gücləri ilə xilasetmə işləri aparırlar...

Siyasi-şərhçi: “Suriyadakı Əsəd rejimini iqtidarda saxlayan hazırda dünya ilə savaş aparan Rusiyadır. İndi haqlı olaraq, bu sual yaranmaya bilməz ki, Putinin hakimiyyətdə saxladığı Əsəd rejiminə dünya ölkələri necə yardım etsin?”.

“Burada Suriya bir faciə onda yaşadı ki, qardaş Türkiyədə də eyni vaxtda güclü zəlzələ baş verdi. Əminliklə deyirəm ki, əgər Türkiyədə bu faciə yaşanmasaydı, qardaş ölkə Suriyaya hərtərəfli dəstəyini göstərəcəkdi”.

RUBRIKA.AZ bildirir ki, bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Suriyada zəlzələ qurbanlarına köməklik göstərilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi qardaş Türkiyə ilə eyni vaxtda Suriyada da zəlzələ baş verib. Amma Suriyaya ciddi şəkildə yardım göstərilməsi ilə bağlı dəqiq informasiya yoxdur. Orada çəkilən videolardan görünür ki, sadəcə, yerli əhali özləri xilasetmə işləri aparırlar. Suriya hökümətinin də ərazidə gücü və imkanı yetərli olmadığına görə oradakı əhali demək olar ki, taleyin ümidinə buraxılıb.

Zəlzələdən zərər çəkən Suriyaya niyə yardım edilmir? Bu Suriya hökümətinə qarşı tətbiq edilən sanksiyalarla bağlıdır, yoxsa bölgədə mərkəzi hakimiyyətin olmaması belə bir humanitar fəlakətə yol açır? Digər tərəfdən zəlzələ bölgəsində İran və Rusiyanın hərbi gücü var. Lakin onlar da yardıma can atmırlar. Rusiya və İranın bu davranışlarının səbəbi nədir?

İran və Rusiyanın Suriyadan zəlzələdən zərər görən əhaliyə biganəliyini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.



Cavanşir Abbaslı: “Dünyanın bütün diqqəti daha çox Türkiyə üzərinə yönəlib. Burada da, təəccüblü heç nə yoxdur”.

Suriyanın Qərb-Rusiya savaşının getdiyi bölgələrdən biri olduğunu xatırladan siyasi-şərhçi vurğulayıb ki, burada əsas məsuliyyət şübhəsiz Əsəd rejiminin üzərinə düşür:

“Öncəliklə bildirim ki, bu məsələdə Türkiyə ilə Suriyanı müqayisə etmək qüsurludur. Doğrudur, hər iki ölkədə insanlar həyatlarını itirirlər, faciələr yaşayırlar, on illərlə dəyən zərərin aradan qaldırılması üçün bəlkə də yetərli zamanın olmayacağı fəlakət yaşanır. Bu dəhşətli faciələrdə həyatını itirən hər bir müsəlman qardaş-bacılarımıza rəhmət diləyirik. Yaxınlarının başı sağ olsun.

İndi isə hansı səbəblərdən müqayisənin qüsurlu olması barədə fikirlərimi əsaslandırım. Əvvəla, unutmayaq ki, qardaş Türkiyə regionun və dünyanın əsas söz sahiblərindən biri olan ölkədir. Eyni zamanda, ərazisi Suriyadan fərqli olaraq, münaqişə zonası deyil. Suriyada hakimiyyət Türkiyədən fərqli olaraq monolit deyil, müxtəlif silahlı qüvvələrin təsir dairəsinə daxildir.



Bir maraqlı fakt da deyim ki, Suriyada zəlzələ baş verən ərazilərdə demək olar ki, Əsəd rejiminin nəzarəti yoxdur. Onu da qeyd edək ki, Suriyadakı Əsəd rejimini iqtidarda saxlayan hazırda dünya ilə savaş aparan Rusiyadır. İndi haqlı olaraq, bu sual yaranmaya bilməz ki, Putinin hakimiyyətdə saxladığı Əsəd rejiminə dünya ölkələri necə yardım etsin? Doğrudur, burada dünya dövlətlərini heç bir halda haqlı çıxarmaq olmaz. Çünki orada da insanlıq faciəsi yaşanır, onlara dəstək olmaq hər bir ölkənin, hər bir insanın borcudur.

Cavanşir Abbaslı: “Suriyanın bu duruma düşməsində Rusiya və İranın hazırkı vəziyyəti də səbəblərdən biridir”.

Sadəcə burada həm də Suriya bir faciə onda yaşadı ki, qardaş Türkiyədə də eyni vaxtda güclü zəlzələ baş verdi. Əminliklə deyirəm ki, əgər Türkiyədə bu faciə yaşanmasaydı, qardaş ölkə Suriyaya hərtərəfli dəstəyini göstərmişdi. Sadəcə başı daxilindəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəlib. Eyni zamanda, ona yaxın ölkələrin dəstəkləri daha çox Türkiyədən yanadır.

Suriyaya ümumiyyətlə, yardımların edilməməsi barədə fikirlər yanlış da ola bilər. Çünki informasiya resurslarında bu barədə xəbər qıtlığı da yaşana bilər. Bu da təbiidir. Çünki, dünyanın bütün diqqəti daha çox Türkiyə üzərinə yönəlib. Burada da, təəccüblü heç nə yoxdur. Çünki, zəlzələnin baş verdiyi ərazilər, eləcə də, insan itkisi baxımından Türkiyədəki zəlzələnin miqyası müqayisə olunmayacaq dərəcədə böyükdür. Bir də Türkiyə Suriya kimi sanksiyalara məruz qalan ölkə də deyil. Həm də Suriya Qərb-Rusiya savaşının getdiyi bölgələrdən biridir. Burada əsas məsuliyyət şübhəsiz ki, Əsəd rejiminin üzərinə düşür. Əgər bu gün Rusiya dünyada təklənmiş durumda görünürsə, onun dəstək verdiyi ölkələr və şəxslərin də bu duruma düşməsi əslində normaldır. Sadəcə nə zərbə dəyirsə, nə olursa kasıba olur. Bu da çox üzücüdür.

Suriyanın bu duruma düşməsində Rusiya və İranın hazırkı vəziyyəti də səbəblərdən biridir. Əsəd rejiminə yaxınlığı ilə seçilən hər iki ölkənin vəziyyəti yaxşı deyil. Belə ki, Rusiya Ukraynada ağır ölüm-dirim savaşı aparır. İranın daxili və xarici vəziyyəti ürəkaçan deyil, sanksiyalar ard-arda gəlir, daxildə etiraz aksiyaları səngimir. Təbii ki, bu vəziyyət də Rusiya və İranın gözündə Suriyanı arxa plana atan amillərdən biri olmamış deyil. Suriya hökumətinin zəlzələ zonasına biganə yanaşmasının səbəbini isə əvvəldə dedim. Həmin ərazilərdə mərkəzi hakimiyyətin nəzarəti yoxdur”.

RUBRIKA.AZ
Geri qayıt