Əsas Səhifə > Dünya > G20 qalmaqalı: Ukrayna müharibəsi və Hindistanın Rusiyadan tələbi…

G20 qalmaqalı: Ukrayna müharibəsi və Hindistanın Rusiyadan tələbi…


1-03-2023, 16:57
G20 qalmaqalı: Ukrayna müharibəsi və Hindistanın Rusiyadan tələbi…

Yeni Dehli Moskvanı Ukraynada baş verənləri müharibə adlandırmağa məcbur etməyə çalışacaq…

Hindistan hakimiyyəti Yeni Dehlidə keçirilən G20 sammitində Rusiya rəsmilərini Ukraynadakı münaqişəni müharibə adlandırmağa çalışır.

Bu barədə Bloomberg Agentliyi yüksək rütbəli Hindistan rəsmisinə istinadən yazıb.

Məlumatda qeyd eolunur ki, G20 qrupunun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin həftə sonu keçirilən görüşündə iştirakçılar Ukraynadakı müharibəni təsvir etmək üçün istifadə olunan terminologiya ilə bağlı razılığa gələ bilməyiblər. Rusiya və Çin 2022-ci il noyabrın ortalarında Balidə keçirilən G-20 sammitində razılaşdırılmış dilə əməl etməyiblər. Hindistanın maliyyə naziri Nirmala Sitharaman deyib ki, Moskva və Pekin “müharibə” sözünün istifadəsinə etiraz edir.

Moskva və Pekin arasında terminologiya ilə bağlı fikir ayrılığı səbəbindən həftəsonu görüşünün nəticələrinə görə kommunike dərc olunmayıb. Ona görə də Hindistan ev sahibi olaraq görüşün xülasəsini dərc etməyə məcbur oluB.

Bloomberg-in həmsöhbəti bildirib ki, Yeni Dehli Moskva və Pekini Ukraynadakı müharibəni təsvir etməkdə konsensusa razılaşmağa inandırmağa çalışır. O qeyd edir ki, Balidə tərəflər razılığa gələ biliblər, daha sonra sammitin yekunlarına dair birgə bəyanatda “Ukraynada müharibə” qeyd edilib, lakin “Ukraynada Rusiya müharibəsi” termini üzərində razılaşmaq mümkün olmayıb.

Yüksək səviyyəli bir avropalı məmur isə Bloomberg-ə bildirib ki, Aİ Hindistandan Rusiyaya müharibəyə son qoyulmalı olduğunu başa salmasını istəyir. Bunun üçün Yeni Dehli birmənalı şəkildə müharibəni pisləməlidir, deyə mənbə əlavə edib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında baş tutan sammitində Hindistanın baş naziri Narendra Modi Putinlə söhbətində demişdi ki, indi “müharibələr dövrü deyil”. Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar daha sonra Sergey Lavrovla danışıqlar zamanı Moskvanı müharibəni dayandırmağa və Ukrayna ilə sülhə gəlməyə çağırıb.

Müharibədən narazılıq iddialarına baxmayaraq, Hindistan son bir ildə Moskvanın ən böyük ticarət tərəfdaşlarından biri və Çinlə yanaşı Rusiya neftinin ilk iki alıcısından biri kimi çıxış edir.

RUBRIKA.AZ
Geri qayıt