Əsas Səhifə > Dünya > Rusiya Ukraynada işğal etdiyi əraziləri necə qoruyub saxlamağa çalışır?

Rusiya Ukraynada işğal etdiyi əraziləri necə qoruyub saxlamağa çalışır?


10-05-2023, 10:08
Rusiya Ukraynada işğal etdiyi əraziləri necə qoruyub saxlamağa çalışır?

Moskvanın işğal olunmuş ərazilərin Ukraynaya qaytarılmasını istisna edən strategiyasını öyrənib...

Rusiya ələ keçirdiyi bölgələrdə Ukrayna kimliyini aradan qaldırmağa çalışır ki, bu ərazilər artıq Ukraynaya inteqrasiya oluna bilməsin.

Bunu Avropa kəşfiyyat mənbələri Bloomberg Agentliyinə bildiriblər.

Agentlik mənbələri bildiriblər ki, Moskva zorakılıq və yerli əhalinin dəyişdirilməsi yolu ilə mədəni və demoqrafik dəyişikliklərə təkan verərək, Ukraynanın cənub və şərqinin böyük hissələrinə nəzarətini gücləndirib.

Avropa rəsmiləri deyirlər ki, Qərb kəşfiyyatının mümkün müharibə cinayətləri adlandırdığı bu addımın məqsədi Rusiyanın nəzarətində olan ərazilərdə Ukrayna kimliyini aradan qaldırmaqdır. Onların fikrincə, döyüş meydanındakı uğur Kiyevin regionlar üzərində nəzarəti bərpa etməsi üçün kifayət etməyəcək.

Avropa kəşfiyyatının məlumatına görə, Rusiya strategiyası Ukrayna rəsmilərinin repressiyalarını, işgəncələrini və qətllərini, o cümlədən ukraynalı uşaqların Rusiyaya deportasiyasını, insanların Rusiyadan işğal olunmuş ərazilərə köçürülməsini və rus pasportunu almaqdan imtina edənlərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Moskva həmçinin ukraynalı kişiləri Ukraynaya qarşı müharibədə iştirak etməyə məvbur edir.

"Bloomberg"in həmsöhbətləri qeyd ediblər ki, Rusiyanın hərəkətləri həm də Moskvanın işğal olunmuş ərazilərlə bağlı danışıqlara maraq göstərmədiyini nümayiş etdirir. Agentlik bildirib ki, Avropa rəsmiləri danışıqlar anının yaxınlaşa biləcəyini etiraf etməyə başlayıblar. Xüsusilə Fransa prezidenti Emmanuel Makron potensial danışıqlar üçün əsasların hazırlanması ilə məşğul olur.

Ukraynanın müttəfiqləri açıq şəkildə bildiriblər ki, danışıqlar yalnız Ukraynanın şərtləri əsasında aparılmalıdır və bunun üçün hərbi yardımı davam etdirəcəklərinə söz veriblər. Bununla belə, Avropa kəşfiyyat rəsmiləri şəxsi söhbətlərdə Ukrayna və Rusiya arasında danışıqlar məsələsində Kiyevin müttəfiqləri arasında fikir ayrılıqlarının ola biləcəyini bildirirlər.

Xatırladaq ki, yaxın həftələrdə Kiyevin son aylarda hazırlaşdığı Ukraynanın əks-hücumları başlaya bilər. Lakin Kiyevin bəzi müttəfiqləri bu il Ukrayna ordusunun həlledici irəliləyiş əldə edə biləcəyinə şübhə ilə yanaşır, çünki Rusiyanın müdafiəni təşkil etmək üçün çox vaxtı var. Eyni zamanda, Bloomberg-in həmsöhbətləri xatırladırlar ki, ötən il işğal olunmuş torpaqların qaytarılması zamanı Ukrayna qoşunları dəfələrlə gözləntiləri üstələyib.

Rubrika.Az
Geri qayıt