Əsas Səhifə > Dünya > Hava məkanı pozuldu: Belarus diplomatı Polşa XİN-ə çağırıldı, söhbət çox qısa oldu

Hava məkanı pozuldu: Belarus diplomatı Polşa XİN-ə çağırıldı, söhbət çox qısa oldu


3-08-2023, 10:25
Hava məkanı pozuldu: Belarus diplomatı Polşa XİN-ə çağırıldı, söhbət çox qısa oldu

Polşa Xarici İşlər Nazirliyi Belarus hərbi helikopterlərinin ölkənin hava məkanını pozması ilə bağlı insidentlə bağlı reaksiya verib. Departament Belarusun müvəqqəti işlər vəkilinə etiraz edib.

Rubrika.Az xəbər verir ki, bu barədə RMF 24 radiosunda Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib. O, əlavə edib ki, belə hallar hər ölkədə olur.
Yablonskinin sözlərinə görə, Varşava bundan nəticə çıxarır və sərhədinin mühafizəsini gücləndirir. Eyni zamanda Polşanın müttəfiqləri sərhədin pozulması barədə hərbi kanallarla məlumatlandırılıb.
"Sərhəddə hasar yaradılması kimi qabaqlayıcı tədbirlər olmasaydı, Belarusun onlarla, hətta yüzlərlə təxribatları baş verərdi”, - Yablonski əlavə edib.
O qeyd edib ki, Belarus diplomatı ilə Polşa Xarici İşlər Nazirliyində söhbət "çox qısa” olub.
"Biz hava məkanının pozulması, eləcə də Ukraynaya qarşı aksiyaların eskalasiyası ilə bağlı kəskin etirazımızı bildirdik, çünki Belarus da bu müharibədə iştirak edir”, - Yablonski izah edib.
Belarus tərəfinə başqa iddialar da irəli sürülüb. Xüsusilə, Polşa "Vaqner ÖHŞ” silahlılarının Belarusa hərəkəti və miqrantların Belarus-Polşa sərhədini qanunsuz keçmə cəhdləri səbəbindən sərhəddə təhlükəsizlik səviyyəsinin aşağı düşdüyünü qeyd edib.
"Biz bundan özümüzü müdafiə edəcəyik", - Polşa xarici işlər nazirinin müavini yekunlaşdırıb.
Qeyd edək ki, son illər Belarusdan gələn miqrant dalğaları səbəbindən ölkələr arasında münasibətlər o qədər də yaxşı olmayıb. Lakin son vaxtlar vəziyyət daha da pisləşməyə başlayıb.
İyulun ortalarında minlərlə Vaqner özəl hərbi şirkətinin (ÖHŞ) muzdlusunun Belarusa gəlməsi ilə bağlı xəbərlər fonunda Rusiya Federasiyasının Dövlət Duması muzdluların vəzifəsinin Suvalki dəhlizini kəsmək cəhdi ola biləcəyi ilə hədələyib. Bu səbəbdən Polşa sərhədi möhkəmləndirməyə başlamaq məcburiyyətində qalıb.
1 avqust 2023-cü il çərşənbə axşamı, sərhəd yaxınlığında hərbi təlimlərdə iştirak edən iki Belarus helikopteri Polşanın hava məkanını pozub.
Ölkənin hava məkanının pozulmasına cavab olaraq Polşanın müdafiə naziri Mariuş Blaşçak sərhəddə hərbçilərin sayının artırılması və əlavə qüvvə və vasitələrin, xüsusən də döyüş helikopterlərinin ayrılması barədə göstəriş verib. Hadisə ilə bağlı NATO-ya da məlumat verilib.
Amerika Birləşmiş Ştatları dərhal bəyan edib ki, "Vaqner”in Polşaya hər hansı hücumunu Rusiyanın hücumu kimi qiymətləndirəcək.

Rubrika.Az
Geri qayıt