Əsas Səhifə > Manşet > Xocalıda Rəcəb Tayyib Ərdoğan adına park salınsın. Ad günü hədiyyəsi -Prezidentə müraciət

Xocalıda Rəcəb Tayyib Ərdoğan adına park salınsın. Ad günü hədiyyəsi -Prezidentə müraciət


5-10-2023, 19:55

Xocalıda Rəcəb Tayyib Ərdoğan adına park salınsın. Ad günü hədiyyəsi -Prezidentə müraciət
Biz artıq Türkiyə ilə təkcə bir millət, iki dövlət deyilik, həm də bir millət, iki qardaşıq. Qardaş isə pis gündə tanınar, qardaşa dar gündə dayaq olar. Biz də bu dayağı, bu qardaşlığı gördük.
Gördük ki, əsl qardaşlıq, əsl abilik necə olurmuş. Və dünya şahid oldu, müttəfiq ölkələr, biri-birinə dost deyən dövlətlər gördülər ki, əsl müttəfiqlik, əsl sədaqət, əsl qardaşlıq necə olur...
Bəli, Türkiyə - Azərbaycan birliyi sözün əsl mənasında hər addımda özünü ehtiva edir: iki xalqın sevgisi, dövlətlərin dostluğu, orduların müttəfiqliyi və ən nəhayət, prezidentlərin qardaşlığı.
Biz hər məsələdə mismarı eyni yerə vura bilirik. Bunu antitürk dairələrin qarayaxma, düşmən siyasətində, məkrli planlarına qarşı cavab tədbirləri görməkdə, Vətən müharibəsində siyasi-mənəvi dəstəkdə, son olaraq Qranada şəhərindəki sammitə getməmək qərarında görmək olar.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan olmayan yerdə Türkiyə, Türkiyə olmayan yerdə Azərbaycan var. Yəni biz iki qardaş ölkə olaraq bütün tribunalarda, platformalarda bir-birimizi dəstəkləyirik. Bu dəfə də birgə addım atıldı, BİR YUMRUQ ola bildik.
İndisə bu tarixi zəfərləri birgə qeyd ediriksə, bu qələbələrdə Ali Baş komandan İlham Əliyevi hər zaman dəstəkləmiş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müstəsna əməyi, fədakarlığı varsa, deməli, biz də bir dövlət olaraq qardaş ölkənin liderinin adını Qarabağda əbədləşdirə bilərik.
Biz yaxşı xatırlayırıq ki, cənab Ərdoğan Şuşa səfərində əlini Xankəndiyə doğru tutaraq cənab Prezidentə demişdi ki, biz orada qalacağıq? Prezident də bildirmişdi ki, o da olacaq, ora da gedəcəyik. Həmçinin, Ərdoğan cənabları arzusunu dilə gətirmişdi ki, doğum gününü Xocalıda qeyd etmək istəyir. Məlumdur ki, Türkiyə lideri 26 fevralda dünyaya gözünü açıb.
Və zaman gəldi, çox çəkmədi ki, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran xunta rejimindən azad edildi. Bu torpaqlarda bayrağımız dalğalanır. Yaşadığımız bu tarixi günlərdə, zəfərlərdə cənab Ərdoğanın da zəhməti az olmayıb.
Ona görə də cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev, Sizdən bir yazar, Rubrika.az-ın rəhbəri və kollektivi olaraq xahiş edirik ki, doğum gününü Xocalıda qeyd etmək arzusunda olan Ərdoğan adına bu şəhərimizdə bir park salınsın, yaxud əsas küçələrdən biri onun adına verilsin.
Cənab prezident, biz inanırıq ki, bu təşəbbüsümüz dövlətimizin, xalqımızın, dövlət rəhbərliyimizin də ürəyincə olacaq. Çünki Ərdoğan bu diqqətə kifayət qədər layiqdir. Biz istərdik ki, cəmiyyət, ziyalılar, ölkə ictimaiyyəti bu təşəbbüsə qoşulsun.
Ərdoğan xalqımızın, qarabağlıların, türk dünyasının qəlbində böyük bir heykəl qura bilib. O baxımdan qardaş dövlətin liderinə doğum günü hədiyyəsi olaraq məhz Xocalıda adına park salınması çox gözəl bir addım olardı. Cənab İlham Əliyev, sizə inanırıq və bu nəcib ideyamızın dövlətimiz tərəfindən müsbət qarşılanacağını gözləyirik.

Nicat Mahmudov
Rubrika.Az-ın baş redaktoru

Geri qayıt