Əsas Səhifə > Dünya > Çexiyanın eks-prezidenti Putinlə yaxınlaşmağı karyerasının ən böyük səhvi adlandırdı

Çexiyanın eks-prezidenti Putinlə yaxınlaşmağı karyerasının ən böyük səhvi adlandırdı


7-11-2023, 15:09
Çexiyanın eks-prezidenti Putinlə yaxınlaşmağı karyerasının ən böyük səhvi adlandırdı

Çexiyanın keçmiş prezidenti Miloş Zeman Rusiya lideri Vladimir Putinə müsbət münasibətini siyasi karyerasında ən böyük səhv adlandırıb.

Rubrika.Az xəbər verir ki, o, bu barədə Çexiyanın "Nova” telekanalının efirində bildirib.

Müsahibəsində Zeman etiraf edib ki, o, Ukraynanı işğal etməklə faciəvi səhvə yol vermiş Putini lazımi səviyyədə qiymətləndirməyib. Zeman Putini "yanlış anlamasından təəssüfləndiyini” bildirib. "Yalnız ağılsız bir insan Ukraynanı işğal etmək kimi faciəvi səhvə yol verə bilərdi", - o, cavab verib.

Zeman Kreml rəhbərinin bu qərarının təkcə Ukraynaya deyil, Rusiyanın özünə də ziyan vurduğunu da vurğulayıb. O, Putini "öz ölkəsinə zərər verən adam” adlandırıb.

Xatırladaq ki, 2022-ci ildə Zeman artıq Putinlə yaxınlaşmaqdan peşman olduğunu bildirib. "Bəziləri məni Rusiya agenti adlandırsalar da, mən hesab edirəm ki, biz [Ukrayna ilə] həmrəy olmalıyıq. Mən onda (Putində) ölkəsinin maraqlarını düşünən siyasətçi gördüm. Təcavüz Rusiya Federasiyasının maraqlarına ziddir”, - Zeman bildirib.

Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Zeman Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olub və Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edib. 2017-ci ildə Putinlə görüşərkən o, rusiyalıları çex pendirləri və yoqurtlarından məhrum edə biləcək tədbirlərə mənfi münasibət bəslədiyini qeyd edib. "Pivəni əldə edərik, yoqurt barədə də bir şey fikirləşərik”, - Putin cavab verib.

Lakin 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Zeman Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağıran ilk şəxslərdən biri olub. Oktyabr ayında o, Rusiyanın Ukraynada nüvə silahından istifadə etdiyi halda, Avropa İttifaqından hərbi cavab verməyə çağırıb.

Rubrika.Az
Geri qayıt