Əsas Səhifə > Dünya > ŞOYQUNUN DAHA BİR MÜAVİNİ SAXLANILIB - Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh idi

ŞOYQUNUN DAHA BİR MÜAVİNİ SAXLANILIB - Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh idi


26-07-2024, 21:27
ŞOYQUNUN DAHA BİR MÜAVİNİ SAXLANILIB - Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh idi

Rusiyanın sabiq müdafiə naziri, hazırkı Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqunun daha bir müavini, ordu generalı Dmitri Bulqakov saxlanılıb. Əfsanəvi rusiyalı yazıçı Mixail Bulqakovla eyni soyadı daşıyan generalın yazıçı Bulqavkovla müqayisədə, yumşaq desək, qat-qat daha tamahkar olduğu üzə çıxıb...

Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko Dmitri Bulqakovun korrupsiya işi üzrə saxlanıldığını deyib: “Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi 2008-2022-ci illərdə Rusiya Federasiyasının müdafiə nazirinin müavini vəzifəsini tutmuş Dmitri Bulqakovun barəsində həbs qətimkan tədbiri seçildiyi korrupsiya cinayəti ilə bağlı cinayət işini araşdırır”.

“RİA Novosti” isə FSB-yə istinadla xəbər verir ki, Bulqakov artıq “Butırka-2” istintaq təcridxanasına yerləşdirilib. Generalla istintaq hərəkətləri aparılır. FSB-dən bildirilib ki, işin bir hissəsi olaraq, "qanunsuz fəaliyyətə gətirib çıxaran səbəblər və şərtlər müəyyən edilir".

Müdafiə nazirinin ən yüksək hərbi rütbə daşıyan(ordu generalı-red.) müavinlərindən olan Bulqakova qarşı işin digər təfərrüatları hələlik açıqlanmır.

Dmitri Bulqakov Müdafiə Nazirliyində çalışan, korrupsiyada şübhəli bilinərək saxlanılan ilk yüksək vəzifəli məmur deyil. Şoyquya toxunmasalar da, son üç ayda onun müavini Timur İvanov, 58-ci ordunun keçmiş komandanı general-mayor İvan Popov, Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov, nazirliyin Dövlət müdafiə satınalmalarının təminatı departamentinin rəisi Vladimir Verteletski, Silahlı Qüvvələrin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini Vadim Şamarin də həbs olunub.

Dmitri Bulqakov nə ilə məşhurdur?

Dmitri Bulqakovun 69 yaşı var. 20 oktyabr 1954-cü ildə Kursk vilayətində anadan olub. 1976-cı ildə Volsk Ali Hərbi Təchizat Məktəbini, 1984-cü ildə Maddi-Texniki Təchizat və Nəqliyyat Hərbi Akademiyasını, 1996-cı ildə Baş Qərargahın Hərbi Akademiyasını bitirib. Birinci dərəcəli ərzaq anbarında müxtəlif inzibati vəzifələrdə çalışıb, sonradan Trans-Baykal Hərbi Dairəsinin maddi-texniki təminat rəisinin müavini vəzifəsinə qədər yüksəlib.

1997-ci ildən Bulqakov maddi-texniki təminat şöbəsinin rəisi - Silahlı Qüvvələrin maddi-texniki təminat rəisinin birinci müavini vəzifəsində çalışıb. 2008-ci ildə Silahlı Qüvvələrin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi - müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o, ordunun maddi-texniki təminatına cavabdeh olub.

2022-ci ilin sentyabrında Bulqakov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Həmin ilin oktyabrında o, Müdafiə Nazirliyi Baş Müfəttişlər İdarəsinin baş inspektoru təyin edilib.(“AzPolitika.info”)

RUBRİKA.AZ


Geri qayıt