Əsas Səhifə > Cəmiyyət > Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ

Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ


20-02-2025, 20:22
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ

Lənkəran rayonu Nərmanabad qəsəbəsində külli miqdarda narkotik vasitə ələ keçirilib. Narkotik vasitə ölkə ərazisinə İrandan Xəzər dənizi vasitəsi ilə gətirilib. Narkotiki 4 butulka araqla dəyişiblər.

Rubrika.Az xəbər verir ki, narkotiki gətirən iranlı qayıqla qaça bilib. Amma narkotiki götürməyə getdiyi deyilən 3 azərbaycanlı saxlanılıb. Onlardan ikisi bəraət alaraq azadlığa çıxıb.

İş üzrə təqsirləndirilən əsas şəxs Eduard Əliyev olub. Onunla birlikdə qeyd edilən əraziyə gedənlər Nurəddin və Murad adlı tanışları olub.

İstintaq belə qənaətə gəlib ki, Eduard Əliyev tanışları ilə əvvəlcədən razılığa gələrək Lənkəran rayonu Nərimanabad qəsəbəsinə gediblər. Eduard əvvəlcədən razılaşdığı İran vətəndaşından həmin əraziyə gətiriləcək narkotiki götürməli imiş. Eduard aldığı narkotikin qarşılığında pulla yanaşı, iranlıya 4 butulka araq da verib.

Dostlar hadisə günü Xəzər dənizi sahilində istirahət də ediblər. Yeyiblər, içiblər, çimiblər...

Rəsmi məlumata görə, Edurad Əliyev yoldaşlarına demədən 22:40 radələrində DSX-nın “Balıqçılar” sahil nəzarəti bölməsində 7 kq marixuana, 1,7 kq heroin, 400 ədəd metadon və 660 qram metamfetamini İran vətəndaşından alıb.

Həmin zaman Dövlət Sərhəd Xidməti əməkdaşları ərazidə əməliyyat keçirib. Eduard narkotiki ataraq ərazidən uzaqlaşıb. Gecəni ərazidə gizlənib. Hava işıqlananda isə saxlanılıb.

Eduard Əliyev bildirib ki, narkotiki iranlı Vəhdət adlı şəxsdən alıb. Onlar 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olublar.

“Hadisədən bir neçə gün əvvəl Vəhdətlə telefonla danışdıq. Qayıqla yarım kiloqram qurudulmuş marixuana göndərməsi barədə razılaşdıq. Mənim bu danışığımdan Nurəddin və Mərdanın xəbəri olmayıb. Onları Lənkərana dincəlmək, istirahət etmək adı ilə aparmışam. Narkotiki götürəndə də bilməyiblər. Vəhdətə 1300 manat pul göndərəcəkdim”- deyə Eduard əlavə edib.(musavat.com)

Rubrika.az
Geri qayıt