Əsas Səhifə > Manşet > Xoyskidən Eyvazova qədər gedilən möhtəşəm yol - Hər ayın biri nazir işinə vətəndaş qəbulu ilə başlayır..
Xoyskidən Eyvazova qədər gedilən möhtəşəm yol - Hər ayın biri nazir işinə vətəndaş qəbulu ilə başlayır..28-11-2025, 09:53 |
|
"Mozalan" kinojurnalını çox adam xatırlayır. Oradakı süjetlərin birində "Get, sabah gələrsən" epizodu var. Bizim ölkədə ta qədimdən "get, sabah gələrsən" süründürməçiliyi var. Axırda vətəndaş boğaza yığılır, gedir və gəlmir. Yaxud "Papaq" filmini yada salaq. Orada da məlum olur ki, gərək adamın ola və işini həll edə. Məşhur epizodda "Sən Həzrət Abbas, doğurdan Həsən ağanın qohumusan?" səhnəsi var. Yəni bineyi-qədimdən yazılmamış qanundur ki, gərək ya pulun, ya da adamın ola, işini aşıra. Bizdə zəmanəmizdə də bu qaydaların işlədiyi yerlər var. Amma işləmədiyi yerlər də var axı?! Az sonra bu haqda geniş qeydlərimiz olacaq. Nicat MahmudovAmma bu mövzuya uyğun, bir az haşiyəyə çıxaraq deməliyik ki, Azərbaycanda adamın oldu-olmadı, misal üçün məmur qapısı heç də hamı üçün açıq olmur. Hətta bizdə qəbul otaqları arxa qapıdan təşkil olunur. Bu da bir qəribə işdir. Nə hikmətdirsə, bizdə əksər dövlət qurumlarının qəbul otaqları inzibati binanın arxa tərəfindən təşkil olunur. Ancaq Azərbaycanda elə nazirliklər helə də var ki, vətəndaş üçün bütün qapıları açıqdır, rəhbəri də hər zaman qəbula gələnlərlə görüşür, mətbuat xidməti medianın üzünə açıqdır, cəmiyyətdən gələn müraciətlərə operativ reaksiya verilir, sosial şəbəkələrdə yayılan çağırışlara dərhal münasibət bildirilir, nəzarətə götürülür... Belə desək, adama nə "get, sabah gələrsən" deyilir, nə də "Həsən ağanın qohumu" məsələsi ortaya çıxır. Bu strukturların birinci olaraq başında Daxili İşlər Nazirliyimiz gəlir. Daxili İşlər Nazirliyi öz nüfuzu və tarixi olan qurumdur. Nə az, nə çox düz 107 yaşı var. Və onun möhtəşəm tarixi cümhuriyyətimizdən başlayır. Bu gün də adına layiq şəkildə fəaliyyətini göstərməkdədir. Təsəvvür edin, Fətəli xan Xoyskidən başlanır Azərbaycanın Daxili İşlər Nazirliyi tarixi. Xoyskidən başlanan və bu gün cənab Vilayət Eyvazova qədər möhtəşəm bir şərəfli yol keçən daxili işlər orqanı tarixinə sahibik. Sadəcə, qürur duyulan bir tarixi yol keçilib. Ümumiyyətlə, DİN strukturu Azərbaycanda digər nazirliklərdən o mənada fərqlənir ki, həqiqətən də daxili işlərlə məşğuldur. Ölkədə daxili hansı iş varsa, vətəndaşı narahat edən hansı məsələ mövcuddursa, dərhal nəzarətə götürür. Bu da general-polkovnik, cənab Vilayət Eyvazovun nazir vəzifəsində işinə məsuliyyətli yanaşması və eyni dərəcədə disiplinli olmağı əməkdaşlarından tələb etməsindən irəli gəlir. Bunun nəticəsidir ki, istənilən vətəndaşın müraciətinə baxılır və araşdırılır. Bunun nəticəsidir ki, hər bir vətəndaşın problemi dinlənilir və qəbula çağırılaraq şikayəti araşdırılır. Ən nəhayət, təsadüfi deyil ki bunun ən böyük nümunəsi hər ayın 1-də cənab nazir Vilayət Eyvazovun vətəndaş qəbulu keçirməsidir. Eyni zamanda, nazir təkcə Bakıda görüşlər keçirmir, bölgələrə gedir, yerli camaatı dinləyir. Bu da özlüyündə rayon polis rəislərinin daha da məsuliyyətli olmasına gətirib çıxarır. Halbuki vətəndaşları qəbul etməsə, bir güc strukturunun rəhbərinin işinin çoxluğuna görə irad tutan olmaz. Amma cənab nazir üçün bütün işlərinin başında vətəndaşa qayğı, diqqət və onun probleminə həssas yanaşmaq dayanır. Hətta ölkədə elə müəssələr var ki rəhbər olduqları ,, kiçik padışahların" sonuncu dəfə hansı vətəndaşla görüşməsini xatırlamaq mümkün deyil. Vilayət Eyvazov isə daxili işlər naziri olaraq ölkənin bütün regionlarına səfərlər edir, vətəndaşların xahişlərini dinləyir və yerindəcə həllinə tapşırıq verir. Ən əsası isə nazir tərəfindən verilən əmr dərhal və operativ surətdə araşdırılaraq müvafiq şəkildə həllini tapır. Yəni sabaha saxlanmır. Buna isə deyərlər, əsl daxili işlərə nəzarət prinsipiallığı. Bəli, nazir belə olmalıdır, belə işləməlidir. Biz isə əsl nazir necə işləməlidir nümunəsini az görə bilirik. Cənab Vilayət Eyvazov isə xalqın xidmətçisi kimi bir nümunəvi nazirdir. İndiyə qədər heç bir vətəndaş deyə bilməz ki, onun yazılı, elektron, yaxud sosial media üzərindən etdiyi müraciət DİN tərəfindən cavabsız qalıb. Müasir dövrün tələbi olan sosial şəbəkələrdə olan çağırışlara, xahişlərə, yayılan video müraciətlərə DİN rəhbərliyi tez bir zamanda reaksiya verir. Yəni cənab nazir həm özü vətəndaşları qəbul edir, həm nazirliyin yüksək vəzifə tutan rütbəli şəxsləri, əməkdaşları insanlarla işləyirlər. Bu da bir örnəkdir. Hamı işini belə görsə, Azərbaycan bir başqa olar. Amma bəzən görürsən ki, hansısa "JEK" müdiri, yaxud bir rayonun icra nümayəndəsi vətəndaşı aylarla süründürür, axırda o da prezidentə müraciət yazmalı olur. Hərçənd kiçik bir problemdir, istəsə həmin məmur həll edə bilər. Amma yerində deyil, işini görmür. Necə olur ki, ölkənin nəhəng strukturu - DİN kimi bir qurumun rəhbəri ən kiçik problemə də həssaslıq göstərir, vətəndaşı uca tutur, ona diqqət ayırır ki, problemi həll olsun, hansısa icra məmuru isə vətəndaşı narazı salır?! Ümumiyyətlə, polis – bu sözün dilimizə tərcüməsi dövlət, şəhər deməkdir. Bəli, həqiqətən dövlətin yaşaması, sabitliyi, xalqın rahat və stabil həyat sürməsi üçün məhz bu orqanın mövcud olması, onun əvəzsiz xidmətləri zərurətdir. Polis elə bir şərəfli vəzifədir ki, beşikdəki uşaqdan, hətta ana bətnində olan körpədən tutmuş, ən yaşlı vətəndaşımıza kimi yaşam qarantımızdır. Çünki ictimai təhlükəsizliyimizə cavabdehdir. Biz az görməmişik ki, hamilə qadınları polisimiz xəstəxanaya çatdırmaqla, bir insana həyat verib. Biz az görməmişik ki, ürəyi tutmuş bir yaşlı insanı operativ şəkildə tibb məntəqəsinə aparmaqla, onların həyatının sonlanmasının qarşısını alıb, biz az görməmişik 44 günlük müharibədə vətənini ləyaqətlə müdafiə edən polislərimizi Bu saydıqlarımız sadəcə bir neçə nüansdır. Bu nüanslar gündəlik olaraq ölkəmizin hər yerində yaşana bilər. Müxtəlif saatlarda, müxtəlif yerlərdə və müxtəlif şəraitdə... Ancaq bütün bunların hər birinin faciəyə çevrilməməsi üçün 24 saat ayıq-sayıq keşik çəkən polislərimiz var. Biz görürük ki, cinayətkar şəbəkələrin, qanunu pozanların qarşısı necə peşəkar şəkildə polisimiz tərəfindən alınır. Ona görə də cənab prezidentimiz İlham Əliyevin tam etimadını qazanan Vilayət Eyvazovun rəhbərliyi altında bu gün Azərbaycan polisinə tamamilə güvənmək olar... Geri qayıt |