Əsas Səhifə > Manşet > Könül Ələkbərovun acısına - həyatlar xilas edirsən, həyat verən ananı isə Haqq dünyasına... Allah rəhmət eləsin, Gülüzar ana!..
Könül Ələkbərovun acısına - həyatlar xilas edirsən, həyat verən ananı isə Haqq dünyasına... Allah rəhmət eləsin, Gülüzar ana!..28-11-2025, 18:07 |
|
Yatar, ölər bədənim, nitqdən düşər bir söz: -Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. Cəfər Cabbarlının sonu bu misralarla bitən "Ana" şeirinin son iki əsrdə təkrarı yoxdur. Və bu şeirdən qüdrətlisini də çətin ki, yazan olsun. İnsan həyatında ən böyük ayrılıq anadan ayrılıqdır. Bu, əbədi ayrılıqdır. Bir el misalı var - insan anadan yetim qalır, atadan yox. Həyat təcrübəsi göstərir ki, övlad atasız birtəhər böyüyür, amma anasız ağır, məşəqqətli olur, boynubükük qalır. Çünki bizi 9 ay bətnində daşıyan, nəfəs verən, ağrımızı çəkən, yuxusuna haram qatıb gecələr başımızda üstündə olan anadır. Biz böyüyüb ailə başçısına çevrilirik, amma yenə də ananın gözündə uşaq kimiyik. Onun gözündə böyümürük. Budur ananı müqəddəs edən. Necə deyərlər, biz anadangəlməyik... Heç eşitmisinizmi desinlər ki, cənnət ataların ayağı altındadır? Çünki analardır müqəddəs varlıq, cənnət də onların ayağı altındadır. Ona görə hansı yaşda olursa-olsun anadan ayrılıq ətlə sümüyün bir-birindən ağrılı qopması kimidir. İstər övlad 60 yaşda, ana 95 yaşda olsun, heç fərq etməz. Böyük İmaddədin Nəsimi dediyi kimi, "ağlamayım neyləyim, çün gövdədən can ayrılır..." Bu günlərdə də Kliniki Tibb Mərkəzin direktoru Könül Ələkbərovun , dəyərli ziyalımızın anası cənnətlik qadınlardan biri olaraq haqqın dərgahına qovuşdu. Bu, Könül doktorun həyatında bəlkə də ən acı gündür: çünki səni dünyaya gətirən, laylay deyən, min bir zəhmətlə böyüdüb başa çatdıran ana ilə vidalaşırsan. Həyatın çarəsizliyi bundadır - insan anasını xilas edə, həyata qaytara bilmir. Bir övlad olaraq sənə həyat verənə sən həyat bəxş edə bilmirsən. Bu, insanın Allah qarşısında acizliyidir. İstərsə həkim ol, istərsə bir nüfuzlu xəstəxana direktoru, ən böyük arzunu çin edə bilmirsən. Halbuki hörmətli Könül Ələkbərov anasını yaşatmaq, ömrünü uzatmaq istərdi. Ümumiyyətlə, yaxşı övlad imkanı olsa ömründən kəsib anasını verərdi. Əfsus ki, həyatda belə bir şansımız yoxdur. Əmin olun ki, Könül Ələkbərov bir övlad və xəstəxana direktoru kimi anası üçün əlindən gələn hər şeyi edib, amma hər gün yüzlərlə vətəndaşın sağlamlığına qayğı göstərən, insanları sağaldan Könül Ələkbərov əcəlin əlindən ən əziz adamını ala bilmədi. Bu, hamı üçün belədir. Çünki İslam da buyurub - bütün canlılar mütləq ölümü dadacaq. Lakin ona qədər həyatı necə yaşamaq və xatirələrdə qalmaq məsələsi var. Könül Ələkbərovun rəhmətlik və cənnətlik anası Gülüzar ana məhz belə bir ziyalı, cəmiyyətə faydalı oğul yetişdirdiyi, təhsil verdiyi üçün bəlkə də ən böyük ibadəti etmiş olub. Peyğəmbər də buyurur ki, elm ibadətdən böyükdür. Mərhumə ana da oğluna elm verməklə ən böyük savabı qazanıb. Könül Ələkbərov da valideynlərinin zəhmətini yerə vurmayıb və bu yerə qədər yüksəlib, hörmət və nüfuz qazanıb. Bundan sonra da onun missiyası xəstəxana direktoru olaraq insanların həyatını xilas etmək olacaq, əlindən gəldiyi qədər... Elə rəhmətlik ana bu dünyaya gözünü yumanda iki həqiqət dəyişməz olaraq qaldı - göydə Allah, yerdə həkimlər... Nicat Mahmudov Geri qayıt |