Əsas Səhifə > Manşet > Nərimanov İH qanunsuzluğa şərik çıxdı. Yalanlarını gizlədən ,,pərdəli'' cavab - Prezidentə MÜRACİƏT
Nərimanov İH qanunsuzluğa şərik çıxdı. Yalanlarını gizlədən ,,pərdəli'' cavab - Prezidentə MÜRACİƏT31-03-2026, 20:10 |
|
Qulaq hər gün bir söz eşitməsə kar olar. Ancaq qulaq hər gün bir yalan eşitməsə daha tez kar ola bilər. Sağ olsun, Azərbaycanda o qədər yalan danışan məmurlar, icra orqanları var ki, bizi kar olmaq təhlükəsindən sığortalayırlar. "Yol əhvalatı" filmində deyildiyi kimi, götürək elə bacım oğlu "Makintoş"u. Yəni alverçi bacı oğlu o qədər yalan danışır, aldadır ki, hətta dayısına da kələk gəlir. İndi götürək elə Nərimanov rayon İcra Hakimiyyətini. Bu strukturun sanki mayası yalanla yoğrulub. Əvvəldən Nərimanov İH-də vəzifə tutanlar yalan-palan danışıblar, indi də davam edir. Bu cəhətdən Nərimanov rayon sakinlərinin heç bəxti gətirməyib. Araşdırma qurupumuz xəbər verir ki, söhbət Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 138 ünvanında qanunsuz tikinti aparılmasından gedir. Bağırov Vüqar Bəhruz oğlu tərəfindən tikinti normaları pozularaq əlavə olaraq artırma edilib və özünün restoranı üçün kəhkəşan düzəltmək istəyib. Bu azmış belə dövlət idarəsinin torpağı böyük maraqlar müqabilində satılıb. Bu özbaşınalıq faktı saytımızda ictimailəşdikdən sonra Nərimanov İH məsələyə "reaksiya" verib. Qurumun adından sosial şəbəkə hesabında qeyd olunub ki, ərazidə guya qanunsuz tikinti aparılmayıb, yaşıllığın məhvi aşkarlanmayıb, sadəcə, orada təmir-bərpa işləri görülüb. Buna "bişmiş toyuğun gülməyi gələr". Fakt odur ki, restoranın təməlinə əvvəlindən haram qatıb. Onun bu tikintini davam etdirməyə heç bir icazəsi olmadığı halda qanunlara məhəl qoymur. Üstəlik, ərazidə yaşıllığı məhv edib. Ancaq Bağırov Vüqar Bəhruz oğlunun özbaşına tikintisi - yəni Aşıq Molla Cümə küçəsi, 138 ünvanında artırma etməsi görməzdən gəlinir. Ona görə də Akif Nəzərov şikayətçi olaraq Prezidentə məktub yazıb. Sonra Nərimanov İH müavini İradə Muradovanın imzası ilə Kommunal-Təsərrüfat Birliyinə və yerli polis şöbəsinə də xəbərdarlıq göndərilib ki, tikinti dayandırılmalıdır. İndi isə Nərimanov İH problemin işıqlanmasından sonra başçı müavini Muradovanı yalançı çıxarmağa çalışır. Əgər orada doğurdan qanunsuz artırma yoxdursa, guya təmir işidirsə, başçı müavini niyə göndərdiyi xəbərdarlıqda tikintinin dayandırılmasının vacibliyini qeyd edib? Bu da özlüyündə Nərimanov İH-nin özünü təkzib və rüsvay etməsidir. Odur ki, bu reaksiyadan sonra Prezident İlham Əliyevə, Bakı şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə yenidən müraciət olunaraq Nərimanov İH-nin apardığı "araşdırma"nın yalan, qanunsuzluq faktını ört-basdır etmək cəhdi olduğunu təsdiqləmək üçün yoxlama aparılması xahiş olunur. Müraciətdə deyilir ki, Nərimanov İH bu qanunsuzluğa şərik çıxdığına görə daha yüksək instansiyanın məsələni araşdırması vacibdir. Vüqar Bağırov həmin ünvanda artırma edərək insanları narazı salmaqda deyəsən israrlıdır. Prezidentə üz tutan şikayətçilər deyirlər ki, vətəndaşların rahatlığını pozmaq hesabına restoran açmaq, pul qazanmaq niyyəti var:"Vüqar Bağırov siftədən öz işinə haram qatır, həm dövlətin qanunlarına qarşı gedir, həm də vətəndaşların hüquqlarını pozur. Vüqar Bağırovun saymazyana şəkildə davranışı göstərir ki, qanun da tanımır, dövlətin tələblərini də. Ona görə təxirəsalınmaz addımlar atılmasına ehtiyac var. ![]() Qeyd edək ki, restoranlarda qanunsuz artırma tikinti (özbaşına tikinti) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasıdır. Bu, sənədsiz, icazəsiz və ya layihədən kənar əlavə sahələrin tikilməsini əhatə edir. Hətta foto sübutlar ortaya qoyulub, amma yerli icra hakimiyyəti görməzdən gəlir. Səhv verdiyi informasiyalarla hər kəsin gözündən pərdə asmaq istəyir. Görünür ki, tərəflər arasında anlaşma var. Ona görə də dövlətə, ali rəhbərliyinə inanırıq. Dövlət orqanlarının bu işi ətraflı araşdıracağını gözləyirik. İnanırıq ki, qanun pozuntusunun qarşısı alınacaq. Əks təqdirdə pis nümunə ola bilər". ![]() Nicat Mahmudov Geri qayıt |