Əsas Səhifə > Manşet > Kəmaləddin Heydərovun ,, yanğılı səs" sevgisi. Niyaməddin Musayev Alim Qasımova qarşı - qalanı palavradır...
Kəmaləddin Heydərovun ,, yanğılı səs" sevgisi. Niyaməddin Musayev Alim Qasımova qarşı - qalanı palavradır...15-01-2024, 09:43 |
|
...Qalanı palavradır - əgər siz xalqın şairi Baba Vəziroğlunun dediklərini eşitsəydiniz, yəqin ki belə reaksiya verərdiniz. Onun "Qalanı xatirədir" mahnısı ilə bağlı danışdığı əhvalat həqiqətən də adamı "qalanı palavradır" deməyə sövq edir. Amma Baba Vəziroğlu qəbahət işlətməyib, sadəcə, olmuş məsələni efirdə dilə gətirib. Baba müəllim həftəsonu yayımlanan "Zaurla günaydın" verilişində ( hərçənd ki bu verliş ən çox xalq artistlərinin, Niyaməddin Musayev və Flora Kərimovanın dodağ dodağa öpüşü ilə gündəmə gəldi)etiraf edib ki, sözləri ona, bəstəsi Kamala məxsus olan "Qalanı xatirədir" mahnısını Niyaməddin Musayevin oxuması təklif olunub. Əli Mirəliyevin təbirincə desək, İmişli jarqonu ilə oxuyan Niyaməddin Musayevə görün hansı mahnını oxumaq təklif edilib. O nəğmənin ki möhürü böyük ustad, səsi NASA tərəfindən kosmosa göndəriləcək sənətkar olan Alim Qasımov tərəfindən vurulub. Alim Qasımov "Qalanı xatirədir" mahnısına elə damğa vurub ki, qəbirdən ən böyük korifeyi çıxar gətir, yenə təkrarsız ifa ortaya qoya bilməz. Di gəl, həmin verilişdə Baba Vəziroğlu təsdiqləyib ki, bu mahnınə ifa etmək Niyaməddin Musayevə təklif edilib. Özü də birbaşa Kamal tərəfindən... Heç kəsə sirr deyil ki, bəstəkar Kamal adlanan şəxs fövqəlnazir Kəmaləddin Heydərovdur. Onun Baba Vəziroğlu ilə çoxlu layihələri olub. Amma K.Heydərov kimi zövqlü birinin "Qalanı xatirədir" mahnısını Alim Qasımov yox, Niyaməddin Musayevin ifasında eşitmək istədiyini deməsi ağlasığmaz məsələdir. Əlbət ki, biz Musayevin sənətinə, səsinə, sevimli bir müğənni olmasına şübhə etmirik. İntəhası, onu Alim Qasımovla bir tərəziyə qoymaq o deməkdir ki, cənab nazir ya səslərdəki, ifalardakı güc fərqini görə bilməyib, ya da... Hər halda hadisəni Baba Vəziroğlu danışıb. Xalq da şahiddir. Doğrudur, sonda Alim Qasımov həmin mahnını ifa edib, amma onu əvvəldən bəri Niyaməddin Musayevlə müqayisə və aralarında seçim etmək muğam ustadına qarşı hörmətsizlikdir. Hörmətli Kəmaləddin Heydərov başqa bir muğam ustadı ilə Alim Qasımov arasında qalsaydı, başa düşmək olardı. Amma Niyaməddin...Nə deyəsən, qalanı palavradır. Yəni İmişli boğazı ilə Şirvan məktəbinin dühalarından birinin səsi arasında qalmaq, Musayevi çağıraraq onu da ifasını yoxlamaq "no comment" deyiləcək hadisədir. Sağ olsun, Baba Vəziroğlu efirdə bu məsələni açıb-ağardıb, özü də bilmədən mühüm reallığın üstünü açıb. Hər halda, bəstəkar Kamal müəllim qalanı xatirə olmayacaq bir iş tutub, Alim Qasımova tay axtarıb. İndi özünüz sual verin, peşəkar musiqiçi olmayan adam belə deyə bilər: Alim hara, Niyaməddin hara?! Nişad Mehdiyev Rubrika.Az Geri qayıt |