Ərdoğan Tramp görüşü: üç məsələdə anlaşmasalar...

Ekspertlər hesab edir ki, indiki durumda Ankara ilə Vaşinqton əlaqələrinə təsir edən və həllini gözləyən 3 əsas məsələ var
“Hazırda Türkiyə-ABŞ münasibətlərində hər şey bu ay Ərdoğan və Trampın qarşıdakı görüşünə fokuslanıb. Bu səfər iki ölkə münasibətləri ilə bağlı bir çox suallara və problemlərə aydınlıq gətirilməsi baxımından çox önəmli hala gəlib. Ərdoğanın Vaşinqton səfərindən sonra əlaqələr ya müttəfiqlik çərçivəsində inkişaf edəcək, ya da böhran mərhələsinə qədəm qoyacaq”. Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında belə deyib.
Ekspert qeyd etdi ki, indiki durumda Türkiyə ilə ABŞ arasındakı əlaqələrə təsir edən və həllini gözləyən 3 əsas məsələ var: “1. ABŞ-ın Türkiyənin terror təşkilatı saydığı kürd qruplaşması PYD-YPG-yə dəstəyi; 2. Türkiyənin qanlı 15 iyul hərbi çevriliş cəhdinin təşkilatçısı saydığı Fətullah Gülənin aqibəti; 3. ABŞ-da həbsdə olan iş adamı, Türkiyə vətəndaşı Rza Zərrabın taleyi”. Politoloq zənn edir ki, ən ciddi və həlli çətin problem PYD-YPG məsələsidir: “ABŞ Obamanın dövründə Suriyaya böyük hərbi qüvvə göndərmək əvəzinə, kürd qruplaşmasını özünün əsas tərəfdaşı seçmişdi. Yəni ABŞ Suriyadakı hədəflərinə öz əsgərlərinin qanı bahasına deyil, kürdlərin əli ilə çatmaq taktikasına üstünlük verirdi. Tramp gəldikdən sonra bu siyasətin davam etdiyini görürük. Pentaqon Rakka əməliyyatını ”Demokratik Suriya Qüvvələri" adlanan hərbi koalisiya ilə birlikdə həyata keçirməyi planlaşdırır. Bu koalisiyanın nüvəsini isə YPG təşkil edir. Son olaraq Türkiyə Silahlı Qüvvələrinin İraqın və Suriyanın şimalında YPG-nin mövqelərini bombalaması ABŞ tərəfindən narazılıqla qarşılanıb. Amerikalı zabitlərin əməliyyatdan sonra YPG mənsubları ilə bərabər bombalanan yerlərə baş çəkməsi, daha sonra türk ordusu ilə YPG arasında yeni toqquşmaları əngəlləmək məqsədilə ABŞ əsgərlərinin müşahidəçi qismində sərhəddə yerləşdirilməsi isə öz növbəsində Ankarada narahatlıq və narazılığa səbəb olub. Lakin hələlik Ərdoğanın ABŞ-a qarşı kəskin çıxışları müşahidə olunmur.(musavat) Bunun səbəbi odur ki, Ərdoğan hələlik Trampın Suriya ilə bağlı mövqeyini öyrənməyə və dəqiqləşdirməyə üstünlük verir. Ağ Evdəki görüş bu baxımdan çox əhəmiyyətlidir".
Ş.Cəfərli deyir ki, öz növbəsində ABŞ paralel şəkildə həm kürdlərlə, həm də Türkiyə ilə əməkdaşlığı davam etdirmək istəyir və Ankaranın tələb etdiyi kimi, seçim etməyə həvəsli deyil: “Vaşinqton Rakka əməliyyatına YPG ilə bərabər Türkiyənin də qatılmasını istəyir, lakin Ankara bildirir ki, YPG-yə ehtiyac yoxdur və ABŞ-ın başçılıq etdiyi, Türkiyənin də daxil olduğu mövcud koalisiyanın qüvvələri bu məqsəd üçün yetərlidir. Ərdoğan-Tramp görüşündə bu diametral zidd mövqelərin necə uzlaşdırılacağı, ümumiyyətlə, uzlaşmanın olub-olmayacağı ciddi maraq mövzusudur. Düşünürəm ki, ABŞ Fətullah Gülən və Rza Zərrab məsələlərində edə biləcəyi güzəştlərin əvəzində Türkiyədən PYD-YPG ilə bağlı mövqeyini yumşaltmasını tələb edə bilər”.
Ekspertin proqnozlarına görə, ABŞ-dakı məhkəmə prosesi zamanı Türkiyə tərəfi üçün xoşagəlməz məqamlar açıqlana bilər: “ABŞ hökuməti Zərrabın məhkəmə prosesinin Türkiyə rəhbərliyi əleyhinə cərəyan etməsinin qarşısını ala bilər. Bunun müqabilində əlbəttə ki, Ankaradan güzəştlər tələb ediləcək. Artıq bu məsələ ilə bağlı iki ölkə arasında gizli diplomatiya da aparılır. Prezident Trampa yaxın adamlardan biri, sabiq Nyu-York meri Rudolf Culiani Türkiyədə səfər edərək Ərdoğanla gizli görüş keçirib. Ərdoğan-Tramp görüşündə bütün bu məsələlər kompleks şəkildə müzakirə olunacaq.
Amma mayın 2-də prezident Ərdoğan rusiyalı həmkarı Putinlə bir araya gələcək ki, bu da mühüm məsələdir. Türkiyə-ABŞ münasibətlərinin nizama salındığı şəraitdə Ankara-Moskva əlaqələrində də yeni mərhələnin başlandığı iddiaları var". Ş.Cəfərli Türkiyə-Rusiya əlaqələrindən bəhs edərkən bildirdi ki, Ankaranın bu istiqamətdə siyasətində iki xətt önə çıxır: “Əvvəla, Ərdoğan Suriya məsələsində ABŞ-ın iradəsinə məhkum olmaq istəmir və ABŞ-a axıra qədər güvənmir. İkincisi, Ərdoğan Rusiya kartını alternativ variant kimi əlində tutaraq bundan Vaşinqtona təzyiq vasitəsi qismində yararlanmaq niyyətindədir. Məlumdur ki, ABŞ və Avropa Birliyi Türkiyənin Rusiya ilə lazım olandan artıq yaxınlaşmasını və bu yaxınlığın Qərbin maraqları əleyhinə çevrilməsini istəmir. AB ölkələri xarici işlər nazirlərinin son Malta görüşündə də bu amil xüsusi vurğulanaraq Ankara ilə əlaqələri davam etdirmək qərara alınıb. Ərdoğanın Vaşinqtona səfər öncəsi Putinlə görüş keçirməsinə də bu kontekstdə yanaşmaq lazımdır. Türkiyə üçün əlbəttə ki, ABŞ-la münasibətlər prioritetdir, lakin hər ehtimala qarşı Ankara alternativ variantı da əlində saxlayır”.
Ancaq indiki mərhələdə diqqətçəkən, özü də məmnunluq yaradan bir məqam var. Referendumdan sonrakı mərhələdə Türkiyədə gərginliyin olacağını proqnozlaşdıranların iddiaları özünü doğrultmayıb və qardaş ölkədə terror faktiki olaraq dayandırılıb. Təbii ki, burada antiterror əməliyyatlarının aparılması da öz sözünü deyib. Lakin digər səbəblər də istisna olunmur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyəyə olan təhlükələrin miqyası hələ azalmayıb: “Ərdoğan və AKP referendumda istəyinə nail oldu, prezidentin səlahiyyətləri artırıldı. Hakim partiya bu dəyişikliklərdən sonra PKK və FETÖ ilə mübarizədə daha uğurlu nəticələr əldə edəcəyini bildirir. Ancaq məsələ burasındadır ki, konstitusiya dəyişiklikləri hələ 2019-cu il prezident seçkilərindən sonra qüvvəyə minəcək. Bəs ona qədər PKK və FETÖ ilə mübarizənin istiqaməti necə olacaq? Mənə elə gəlir ki, referendumda qələbə qazanmadan da Ərdoğan və hökumətin PKK və FETÖ ilə mübarizədə imkanları geniş idi. Ərdoğan bu mübarizədə kifayət qədər irəliləyib. FETÖ ilə əlaqədə şübhəli bilinən 100 minə yaxın insan gözaltına alınıb. Ancaq hələ ki nə FETÖ çərçivəsindəki həbslər, nə də PKK-nın verdiyi çoxsaylı itkilər bu iki terror təşkilatının sonunu gətirməyib. FETÖ lideri əvvəlki kimi tərəfdarlarına və maliyyəsinə Amerikada oturaraq nəzarət edir, PKK isə nəinki Kandil dağlarında təsir imkanlarını Suriya ərazisindəki silahlı müttəfiqlərinə qədər uzadıb. İş o yerə çatıb ki, ABŞ hərbçiləri həmin terrorçu qruplaşmalarla birləşərək silahlı kürdlərlə birgə Türkiyə ilə sərhəddə birgə keşik çəkirlər. ABŞ prezidenti Donald Tramp da keçmiş prezident Barak Obama kimi hələ ki sözünü tutmur”.
Rubrika.Az
Facebook-da paylaş








