Məleykə Abbaszadə DİM - kreslo sevdası, imarətlər, test cinayətləri...
![]()
Ümumiyyətlə, iki səbəbdən DİM rəhbərliyində dəyişikliyə zərurət var: birincisi, eyni adam uzun illər bir postda, qalanda həmin qurumda inkişaf getmir, yenilikçi olmur. Xüsusən də təhsil kimi problemlərlə dolu sahədə. İkincisi, Kamran Əsədov və digər şəxslərlə bağlı məhkəmə getdiyi bir vaxtda bu biabırçılıqlar istefa verməyi qaçılmaz edirdi. Amma sən saydığını say, gör Dövlət İmtahan Mərkəzini bazara çevirmiş adamlar nə sayır...
Bundan başqa, DİM qəbul proqramında hər il və yaxud iki ildən bir müəyyən yeniliklər formalaşdırır, yenilik gətirir və yaxud da müəyyən dəyişiklik edir və bu dəyişikliyin nəticəsində nəşr etdiyi test banklarını yeniləyir.
Düşünün ki, ailənin böyük övladı həmin vəsaitləri almışdısa, iki il sonra növbəti, ondan kiçik övlad artıq o vəsaitlərdən istifadə edə bilmir. Məcbur qalır yeni vəsait əldə etsin, çünki müəyyən dəyişikliklər var, artıq o vəsaitlər köhnədir, müəllim də məcburən yeni vəsaitin alınmasını təhrik edir.
Son 5 ildir DİM buraxılış imtahanının sınağını qətiyyən keçirmir, blok imtahanını ildə bir və yaxud da iki dəfə keçirir. Amma baxırsan ki, DİM başqa bir adla, OTK formasında sınaq imtahanları təşkil edir. Hər ay OTK sınaq imtahanlarının suallarını hazırlayan DİM-in ekspertləridir. Çünki elə təqdim olunur. Əgər bir MMC formalaşdırıb belə sınaq imtahanlarını hər ay keçirirsə, deməli, DİM də keçirə bilər. DİM keçirsə, həmin vəsaitlər dövlətə gedər, amma OTK isə xüsusi MMC-dir. O vəsaitlər OTK-nın rəhbərliyinə gedir. OTK-nın rəhbərliyinin kim olduğunu deyə bilmərəm. Amma əsas olan odur ki, OTK imtahanlarını hazırlayanlar DİM-in ekspertləridir. DİM rəhbərliyinin bunda müəyyən biznes marağı var. Demək ki, ən böyük biznes fəaliyyəti də budur. İndisə 72 yaşlı xanım sədr kreslonu təhvil vermir, amma başqalarını biznesdə ittiham edir.
Görünür ki, Şamaxıda, Xızıda və Bakıda daşınmaz əmlakları olan DİM sədri deyil, ekspertlər imiş. Nə gözəl şəffaflıqdır bu...
Əslində, Abbaszadə ona da izahat verməli və aydınlıq gətirməliydi ki, imtahanlara texniki vasitələr keçirilən nəzarətçilər hara baxıb. Bundan əlavə, testin cavabları necə abituriyentlərə ötürülə bilərdi? Bəlkə DİM-də köstəpəklər var???
Odur ki, bütövlükdə DİM-də fundamental dəyişikliklərə ehtiyac var. Bir şəxs 30 il eyni vəzifədə qalanda bu kimi eybəcərliklər meydana çıxır.
Axı onun hansı əlahiddə fəaliyyəti var? Bu ölkədə test sisteminin tətbiqinin tarixi də məlumdur, zəhmətkeşləri də. Abbaszadə bəs nə edib, hansı inqilabi xidməti olub? Bəlkə vunderkinddi, ictimaiyyət xəbərsizdir?! Deməli, əvəzolunmaz kimsə yoxdur və bu sahədə 30 il sədr vəzifəsini tutması göstərir ki, çoxdan dəyişiklik olmalıydı. Çünki Məleykə Abbaszadə qəbul imtahanını o səviyyəyə endirib ki, 150 bal yığan da az qala tələbə adını qazanır. DİM sədri qəbulu o günə salıb ki, kimlərsə imtahana cavabları ötürə bilir. Sizin səhvlərinizdən dövlətinə inanıb imtahan verərək kənarda qalanların hüquqlarını kim bərpa edəcək? Gecdir . Deməli, milyonlarla manatın dövr etdiyi bir sistemdə böyük çatışmazlıqlar var. Dövlət DİM-də nəzarəti gücləndirməlidir.
Ən nəhayət, Abbaszadə ana dilimizi qətlə yetirən bir xanım məmurdur. Onun bir neçə ay əvvəl qadınları inəklə müqayisə etməsi cəmiyyətdə gündəm yaratdı. Məlum oldu ki, ana dilindən imtahan sualları hazırlayan qurumun rəhbəri azərbaycanca danışa bilmirmiş. Bir sözlə, səhnəni vaxtında tərk etmək lazımdır, sonra adamı Mehdiyev kimi 87 yaşında urvatsız edirlər...
Nicat Mahmudov
Facebook-da paylaş










