İstintaq təcridxanasındakı intiharın əks-sədası Dövlət Departamentinə çatdı

Birləşmiş Ştatlar hakimiyyəti blogger Mehman Qələndərovun intiharını hərtərəfli araşdırmağa çağırdı
Son günlər 1 saylı Bakı İstintaq Təcridxanasında iki məhbusun intiharı ciddi narahatlıq doğurub. Əvvəlcə aprelin 28-də kamerada özünü asan siyasi məhbus Mehman Qələndərovdan sonra 23 yaşlı Orxanidov Mixail Vladimiroviç intihar edib.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun M.Qələndərovun intiharı ilə bağlı yaydıqları birgə məlumatda diqqətçəkən nüanslar var. Rəsmi qurumların açıqlamasında qeyd olunur ki, xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub. Əslində bu qərarlarla təcridxanada nəzarətin zəif olduğu, vəzifələrin layiqincə yerinə yetirilmədiyi dolayısı ilə təsdiqlənir.
ABŞ Dövlət Departamenti də M.Qələndərovun intiharını araşdırmağa çağıran bəyanat verib. “Birləşmiş Ştatlar azərbaycanlı blogger və fəal Mehman Qələndərovun aprelin 28-də Azərbaycan hakimiyyəti tərəfindən həbsdə olduğu zaman ölümünü dərin narahatlıq hissi ilə qeyd edir. Biz Azərbaycan hökumətini cənab Qələndərovun ölümü ilə bağlı hərtərəfli, şəffaf və müstəqil təhqiqat aparmağa və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün fəalları azad etməyə çağırırıq” deyə, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.
2011-ci ilin 2 aprel hadisələrində həbs edilərkən 9 ay 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında hansı hallarda məhbusların təcridxanada intihar edə biləcəyini açıqladı: “İki nəfərlik kamerada qalmışam. Ümumiyyətlə, intiharlar daha çox təkadamlıq kameralarda olur ki, belə kamera da orada yoxdur. Ən kiçik kamera məhz iki nəfərlikdir. İntihar hadisələri baş verməsin deyə məhbusu heç vaxt tək qoymurlar. Tutaq ki, məhbusun biri məhkəməyə gedəndə, digəri tək qaldığı zaman nəzarətçi həmin kameraya xüsusi nəzarət edir. Kameralara videokameraların yerləşdirilməsi məsələsi qəlizdir. Çünki orada 8 korpus var və hər korpusda da orta hesabla 40-a yaxın kamera var. Hər korpusun da 3 mərtəbəsi var. Bu da təqribən 800-900 videomüşahidə kamerası deməkdir. Buraya videokameralar yerləşdirilsə belə, fiziki cəhətdən nəzarət qeyri-mümkünsüzdür. Həm də kameranın altında olmaq məhbusun özünün psixoloji vəziyyətinə də ciddi təsir edir. Adətən belə intiharlar məhbusun törətdiyi cinayətlərlə əlaqədar məhkəmə zamanı, yaxud ailəsi ilə bağlı, yaxud da düşdüyü vəziyyətdən keçirdiyi psixoloji gərginlik zamanı baş verir. Korpusa nəzarət edən şəxslər təqribi bilirlər ki, kameralarda olan məhbuslardan hansının psixoloji vəziyyəti nə yerdədir. Texniki baxımdan intiharların qarşısının alınması qeyri-mümkündür. Təqribi hesablayanda, təcridxanada 2 minə yaxın məhbus var. Bu məhbuslara nəzarət edənlərin sayı isə heç 200 nəfər deyil. Özünə qəsd etmək haqqında düşünən məhbusun qarşısını almaq mümkün deyil. Orada tək özünü asmaqla olan intihardan söhbət getmir. İntihar deyəndə gözlərimiz önünə ilk olaraq, insanın özünü asması gəlir. Amma saxlanma kameralarında kəsici alətlər var, yaxud bu alətlər olmasa belə, onun hazırlanması elə də çətin deyil. Orada daha çox psixoloji durumlarına nəzarət etmək üçün psixoloqlara böyük ehtiyac var. Təzyiqlər və işgəncələr altında intiharlar nadir hallarda olur. Biz orada olduğumuz vaxtlar yalnız bir intihar hadisəsi olmuşdu ki, bu da törətdiyi cinayətlərlə bağlı aldığı ağır cəzaya görə idi. İstənilən halda bu tipli hadisələrdə təcridxana rəhbərliyinin rolu böyükdür. Çünki rəhbərlik nəzarətçilərin verdiyi məlumatlar əsasında məhbuslardan kimlərin psixoloji durumlarının nə yerdə olduğunu yaxşı bilir. Orada məhbuslara yuxarıdan-aşağı baxılması bir faktdır. İnsanlar orada özlərini daha lazımsız hesab edirlər. Çünki onlarla yaxından maraqlanan yoxdur. Nəticədə psixologiyaları zəif olanlar intihara sürüklənirlər”.
T.Abbaslı təcridxanada məhbusların özlərini asma imkanlarının necə olduğu barədə də danışdı: “Təcridxanada saxlanılanda kəmərlər, ayaqqabı bağları, yaxud xüsusi idman formalarında olan ipliklər götürülür. Maksimum çalışılır ki, məhbusa gələn əşyaların içərisində ip olmasın. Amma ipin hazırlanması o qədər də çətin deyil. Ən azı orada döşək, yastıq üzləri verilir. Onlardan rahat formada ip hazırlamaq olur. Elektrik avadanlıqlarını sökərək, ip kimi də istifadə etmək olur. Kameranın içərisində özünü asmaq üçün o qədər də imkan yoxdur. Çünki kamerada yuxarı tavanda o qədər də şərait yoxdur. Ən yaxşı halda gəzinti yerlərində ”proqul" deyilən yer var. Üstü tavan armatur dəmirlərlə olan üstüaçıq məkandır. Çox ehtimal ki, həmin yerlərdə ipi yuxarı bağlayıb özlərini asırlar. Nəzarətçilərin də həmin yerlərə nəzarətetmə imkanları azdır.
Çünki gəzinti yerləri ilə nəzarətçi arasında kamera var. Oradan da gəzinti yeri görünmür. Kamerada özünü asanda ən azından kamera yoldaşın görüb mane olar. Bu baxımdan, gəzinti yerləri daha əlverişlidir. Bir də kamerada məhbusun ağırlığını saxlayacaq yer yoxdur. Gəzinti yerlərində videokamera da yoxdur. Hər kameranın önündə kameranın 3/1-i boyda xüsusi tikilmiş otaqdır. Qapalı, pəncərəsi olmayan otaqdır, sadəcə, üstü açıqdır. Həmin yerdən bir qapı açılır ki, o da birbaşa kameranın içərisinə açılır. Fiziki baxımdan ora nəzarət də çətindir. Kameralar quraşdırılsa, bəlkə mümkün olar. O da yuxarıda qeyd etdiyim kimi, kameraların sayı baxımından mümkünsüz görünür. Belə hadisələrin qarşısının alınmasının yeganə yolu məhbusların bölüşdürülməsi zamanı psixologiyası zəif olanlarla güclü olanların bir yerə salınmasıdır. Məhbusa ən yaxşı nəzarəti kamera yoldaşı edə bilər. Hətta psixologiyanın səni intihara doğru apardığını görəndə etdikləri söhbətlər və digər amillərlə bunun qarşısını ala bilirlər. Gücləri çatmayanda ən azından nəzarətçilərə xəbər verə bilirlər. Bizdə adətən bölgünü törətdiyi cinayətin təsnifatına görə edirlər. Təlimatda da bölgü haqqında xüsusi yer var".
Rubrika.az
Facebook-da paylaş








