• Rusiya xarici siyasətinin erməni “keşişi” – Lavrovun portreti

    Rusiya xarici siyasətinin erməni “keşişi” – Lavrovun portreti

    Məşhur “Esquire” jurnalının səyyar reportyor heyəti bu yaxınlarda Rusiyanın 1 saylı diplomatı Sergey Lavrov barədə mükəmməl reportaj hazırlayıb. Yazı, elə ilk dəqiqələrdə 10 min oxucu kütləsi qazanıb. Beşinci dəqiqədə proses artıq idarəolunmaz hal alıb - oxuyucuların sayı 100 mini aşıb.

    Reportajda bir cəlbedici incə məqam bütün diqqətimi özünə yönəltdi.

    Reportyorların “Həmsöhbətiniz tutuquşu kimi eyni protokol kəlmələrini deyərkən, öz inadkarlığından geri çəkilib diplomatik kompromislərə getmədiyi vaxt, Siz, cənab Lavrov, neynirsiz? Bəziləri adətən bu məqamda əl barmaqlarını şaqqıldadır, digərləri bağ evlərindəki təmirdən düşünür, bəs Siz?”

    Bu suala görün bir o, nə cavab verib:

    - Mənmi? Vallah, mən belə məqamlarda azarkeşi, fanatı olduğum “Spartak” futbol komandasının son həmlələri barədə şirin xəyallara qapılıram adətən.

    ***

    Gəlin, Sergey Lavrovun bu səmimi etirafını qulaqardına vurmayaq. Qarabağ müzakirələri zamanı bu diplomatın özündən ixtiyarsız yuxulaması, gözlərini qapaması və s. adətləri bu etirafından sonra tamam başqa məzmun alır şəxsən mənim üçün. Görünür, belə anlarda o, öz daxili televiziyasındakı futbol yarışlarına baxıb ətrafındakıları, o cümlədən həmkarı Elmar Məmmədyarovu tam unudur.

    Sonra da biz deyirik, Qarabağ mövzusunda niyə bir müsbət irəliləyiş yoxdu?

    Lakin Sergey Lavrov öz erməni həmkarlarına qarşı adətən daha diqqətli olur həmişə. Həmin “Esquire” jurnalındakı canlı reportajda Lavrovun öz erməni həmkarlarıyla görüşü belə təsvir edilir:

    “Qarabağ, Türkiyə, atom energetikası mövzularında ermənilər Lavrovdan qardaşyana yardım istəyirdilər. Söhbətin axırında kimsə dedi ki, qızıma MQİMO-da “üç” veriblər. Sero, zəng et, yoxsa qızı institutdan qovacaqlar”.
    Həəə, MQİMO - Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Lavrovun kəsdiyi başa sorğu-sual yoxdu. Təlimatları, “tapş”ları anında yerinə yetirilir. Zarafat edirsiz? Sergey...bağışlayın Serqo Lavrov, bu institutun vaxtilə himnini bəstələyib. İndi də ən çox sevdiyi əzizlərinə şer həsr edir, musiqi bəstələyir. Misal üçün, yeganə övladı - sevimli qızı Yekaterinanın növbəti ad günündə atası təkcə elə şer yazmaqla kifayətlənməyib. Şerə musiqi də bəstələyərək köçürüb elektron diskə. Göndərib qızına.
    Bax bu “şair” Lavrov yazarlar arasında həmişə gündəmdədir. Rusiya Yazarlar Birliyi onun bu poeziya istedadını “İmperiya mədəniyyəti” (Rusiyada belə adlı mükafat da var!) ödülünə layiq görüb.

    Görünür Lavrova danışıqlara onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov indi şerlə davam etməlidir. Bəlkə...bəlkə ancaq bu yolla Qarabağ danışıqlarında müsbət bir irəliləyiş, nəhayət, əldə olundu.

    Bu da düşür indi bizim nazir Elman Məmmədyarovun şair istedadı üzərinə. Görək heç olmasa bir dəfə Sergoya şerlə cavab vermək qüdrətini tapacaqmı özündə o?

    ***
    Sergey Lavrovun psixoloji portretində bir vacib cəhət var. O, necə deyərlər, həmişə bir deyil, iki işin qulpundan yapışır adətən. Daha kobud desək, bir əldə iki qarpız tutmaq istəyir. Misal üçün, orta məktəb fənləri arasında o, həm dəqiq, həm də humanitar elmlərlə eyni dərəcədə maraqlanıb. Sənədlərini eyni vaxtda iki məşhur Moskva qeydiyyatlı təhsil ünvanına - MQİMO ilə MİFİ-yə göndərib.
    Bu adətini o, indi də çox uğurla davam etdirir - həm Moskvaya xoş görünmək istəyir, həm Bakıya, həm Yerevana.

    RUBRİKA.AZ


    Facebook-da paylaş