Böyük Britaniya şahzadəsi: “Anamı itirdim, indi də arvadımın qurban edilməsini izləyirəm”

Böyük Britaniya şahzadəsi Harrinin xanımı, Meqan Markl atasına yazdığı məktuba görə “Mail on Sunday” qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.
M.Marklın vəkilliyini edən “Schillings” hüquq bürosundan verilən yazılı açıqlamada ərizənin verilməsi xəbəri təsdiqlənib.
Vəkillər məktubun qəzet tərəfindən üzə çıxarılmasının şahzadə Harriyə qarşı davam edən yanlış və təhqiredici kampaniyanın bir parçası olduğunu qeyd ediblər.
Digər tərəfdən, şahzadə Harri də “bulvar qəzetləri”nə yönəlik təpkisini dilə gətirib.
Britaniya şahzadəsi öncə mətbuat azadlığına, dürüst və obyekiv xəbərçiliyə inandıqlarını ifadə edib. Lakin o, hazırda həm özünə, həm də xanımına qarşı təzyiq göstərildiyini yazıb.
“Təəssüf ki, mənim xanımım da nəticəni düşünmədən fərdlərə qarşı çirkin kampaniya aparan ingilis bulvar mətbuatının qurbanı olub. Onun hamiləliyi və oğlumuzun dünyaya gəlməsindən bu yana son bir ildə ailəmə qarşı qəddar kampaniya həyata keçirilməkdədir”, - deyə şahzadə Harri bildirib.
Xanımı Meqan Marklın vəziyyətini 1997-ci ildə Parisdə müəmmalı avtomobil qəzasında ölən anası Dianaya bənzədən Harri “Anamı itirdim, indi də arvadımın qüdrətli güclərin qurbanına çevrildiyini izləyirəm”, - deyə ifadə işlədib.
Qeyd olunur ki, İngiltərənin “Daily Mail” qəzetinin bazar buraxılışı sayılan “Mail On Sunday” qəzeti bu ilin fevral ayının 10-da Meqan Marklın atası Tomas Markla əl yazısı ilə qələmə aldığı məktubu yayımlayıb. Həmin məktubda M.Markl atasından şou-biznes xəbərlərini yayan jurnalların və qəzetlərin dilinə düşəcək hər hansı hərəkətə yol verməməsini xahiş edib./musavat.com
Rubrika.az
Facebook-da paylaş









