Rusiya-Ukrayna cəbhəsi “pat” vəziyyətinə yaxınlaşır - 4 ilin ŞOK DETALLARI
![]()
Sabah Rusiya tərəfindən Ukraynaya qarşı başladılan işğalçı müharibədən 4 il ötəcək. İlk günlərdən bütün dünya tərəfindən bu genişmiqyaslı hərbi hücum müasir dövrdə beynəlxalq hüququn və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirildi. Amma indiyə qədər Ukraynaya gözlənilən dəstək də tam formada verilmədi. Hava məkanının hələ də bağlanmaması çox mətləblərdən xəbər verir...
Bütün bunların nəticəsində artıq Ukraynanın 20 faizdən çox ərazisi işğal altına düşüb və işğalın əhatə dairəsi durmadan genişlənməkdədir. Heç şübhəsiz ki, bu işğal təkcə Ukraynanın torpaqlarına və əhalisinə qarşı yönəlmiş hücum olmadı, həm də qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vurdu. 4 il boyunca davam edən müharibə Rusiyanın imperialist ambisiyalarının açıq ifadəsi kimi göründü, minlərlə mülki vətəndaşın həyatına son qoyuldu, milyonlarla insan evlərini tərk etməyə məcbur qaldı.
Rusiya niyə bu hücuma əl atdı? Şimal qonşumuza qarşı tətbiq olunan sanksiyalar nə dərəcədə təsirli oldu? Bu müharibə regional və qlobal iqtisadi-siyasi tarazlıqları necə dəyişdi?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında bildirib:
“Ötən müddət ərzində aydın oldu ki, Rusiya-Ukrayna müharibəsinə iki ölkənin savaşı olmaqdan daha çox yeni dünya nizamının formalaşması aspektindən baxmaq lazımdır. Buna görə də daha aqressiv və dağıdıcı halları müşahidə etmişik. Onun üçün iki tərəf arasında müharibə getsə də, əslində daha çox ölkə bu müharibənin iştirakçısıdır. 4 illik müharibənin nəticələrinə iki aspaktdən yanaşmaq lazımdır. Birincisi, istənilən müharibə insan itkisi ilə müşayiət olunur. Buna görə də humanizm tərəfdarları onun istənilən müsbət nəticəsini qınayırlar. Bununla belə, müharibənin cəmiyyət və dövlətin inkişafında müstəsna əhəmiyyətini vurğulayanlar da var. Onlara görə müharibələr dağıdıcılığı ilə yanaşı, daxili həmrəylik, səfərbərlik, kəşflər, ixtiralar, rifah və s. üçün təsirlidir. Rusiya-Ukrayna müharibəsi müasir dövrdə dağıdıcılığı ilə yanaşı, həm də geosiyasi maraqların təminiylə yadda qalacaq.
Müharibənin başlanmasının səbəbkarı olaraq Rusiya qeyd edilir. Lakin hadisələrin təhlili zamanı görünür ki, onun kökləri daha dərindir. Belə ki, NATO-nun Şərqə doğru genişlənməsi və Ukraynanın üzvlük məsələsi Rusiyanı müharibəni başlamağa vadar etdi. Zənnimcə, Avropa İttifaqı ABŞ-nin təsiri və təzyiqi ilə müharibəyə qoşuldu. Bu gün bu tamamilə aydın görünür. Müharibənin ümumi mənzərəsi təsdiq edir ki, qalib tərəf nə Rusiya, nə Ukrayna, nə də Avropa Birliyidir. Qalib ABŞ-dir”.(musavat.com)
Rublika.az
Facebook-da paylaş









