TƏMƏLİNƏ HARAM QATILAN RESTORAN - dövlət qurumları Vüqar Bağırovun qanunsuz işlərinə niyə göz yumur? - MÜRACİƏT
![]()
Bakının Nərimanov rayonu görkəmli yazıçının adını daşıyan lakin, onun adına yaraşmayan hərəkətlərə yol verilir. Daha dəqiq desək, bu hərəkətlər şəhərin tən ortasında baş verir və aşkar şəkildə törədilən qanun pozuntularıdır. Amma qanunu pozmaq görünür ki, məktəb dəftərində hər hansı sözü pozanla silməkdir. Yəni özbaşına adamlar və öz başına olmayan adamlar Nərimanov rayonunda günün günortaçağı qanunsuzluğa yol verir, amma aidiyyatı qurumların tükü də tərpənmir. Heyhat! Buna bişmiş toyuğun da gülməyi gələr. Necə ola bilər ki, qanunsuz tikinti işi görülsün, yaşıllıq məhv edilsin, amma bunu müvafiq orqanlar görməzdən gəlsinlər?!
"Bəyin oğurlanması" filmində deyildiyi kimi, ya gərək İsrafilin elçi daşı üstündə oturasan, ya da o daşı götürüb vurasan başına. İndi həmin dövlət orqanları da cinayətə göz yummaqla vətəndaş Akif Nəzərovu az qala o həddə çatdırıblar.
Belə ki, redaksiyamıza müraciət edən Bakı sakini Akif Nəzərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nərimanov rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyi məktublarda baş verən qanun pozuntusunu açıqlayıb. Redaksiyamız vasitəsi ilə müraciət edən vətəndaş bildirir ki, sözügedən qurumların cavabı qanunu pozan tərəfin maraqlarına uyğun olub.
Şikayətin məzmunu ondan ibarətdir ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 138 ünvanında qanunsuz tikinti aparılıb. Bağırov Vüqar Bəhruz oğlu tərəfindən tikinti normaları pozularaq artırma edilib və özünün restoranı üçün kəhkəşan düzəltmək istəyib. Belə desək, restoranın təməlinə əvvəlindən haram qatıb. Onun bu tikintini davam etdirməyə heç bir icazəsi olmadığı halda qanunlara məhəl qoymur. Üstəlik, ərazidə yaşıllığı məhv edib. Ancaq Bağırov Vüqar Bəhruz oğlunun özbaşına tikintisi - yəni Aşıq Molla Cümə küçəsi, 138 ünvanında artırma etməsi, ağacları kəsdirməsi görməzdən gəlir. Akif Nəzərovun şikayətçi kimi Prezidentə məktubundan sonra Nərimanov İH müavini İradə Muradovanın imzası ilə Kommunal-Təsərrüfat Birliyinə və yerli polis şöbəsinə də xəbərdarlıq göndərilib ki, tikinti dayandırılmalıdır. Amma Vüqar Bağırova sanki heç bir qüvvənin gücü çatmır, yaxud da kimlərinsə maraqlarını təmin edir. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dərhal bu özbaşınalığa müdaxilə etməliydi.
Ona görə də Akif Nəzərov mətbuat vasitəsi ilə ilk növbədə komitəyə və digər cavabdeh orqanlara üz tutaraq bu qanunsuzluğa son qoyulmasını xahiş edib. Ancaq Vüqar Bağırov həmin ünvanda artırma edərək insanları narazı salmaqda deyəsən israrlıdır. Vətəndaşların rahatlığını pozmaq hesabına restoran açmaq, pul qazanmaq niyyəti ondan xəbər verir ki, Vüqar Bağırov siftədən öz işinə haram qatır, həm dövlətin qanunlarına qarşı gedir, həm də vətəndaşların hüquqlarını pozur. Belə pozucu haram əməllərlə biznes qurmaq, çörək qazanmaq isə... - Nə isə!
Hazırda Akif Nəzərovun müraciətində deyilir ki, Vüqar Bağırovun həyətyanı sahəni qanunsuz olaraq genişləndirməsi, artırma etməsi, havalandırma sisteminin belə normalara uyğun olmaması, xüsusilə böyük narahatlıqlar yaratması artıq təcili surətdə tədbirlər görülməsini qaçılmaz edir. Vüqar Bağırovun saymazyana şəkildə davranışı göstərir ki, qanun da tanımır, dövlətin tələblərini. Ona görə təxirəsalınmaz addımlar atılmasına ehtiyac var.
Qeyd edək ki, restoranlarda qanunsuz artırma tikinti (özbaşına tikinti) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasıdır. Bu, sənədsiz, icazəsiz və ya layihədən kənar əlavə sahələrin tikilməsini əhatə edir.
PS: Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq aidiyatı qurumlardan qanunamüvafiq qaydada tədbirlər görülməsini xahiş edirik. Mövzu diqqətimizdədir, davam etdirəcəyik..![]()
![]()
![]()
![]()
![]()
![]()
Nicat Mahmudov
Facebook-da paylaş









