Xameneyi özündən sonra xaos qoyub getdi: 3 mərhələli "qisas planı" işə düşdü
![]()
İranın fevralın 28-də öldürülən ali rəhbəri Ayətullah Əli Xameneyinin öz ölümündən sonra regionu alova bürümək üçün hazırladığı gizli planın detalları üzə çıxıb.
Fraksiya.az musavat.com-a istinadən xəbər verir ki, "The New York Times" nəşri kəşfiyyat mənbələrinə istinadən İranın "Dəli" (Madman) adlı çoxpilləli hərbi əməliyyat hazırladığını bəyan edib.
Məlumata görə, Xameneyi tərəfindən hələ sağlığında təsdiqlənən bu planın əsas məqsədi münaqişəni təkcə ABŞ və İsrail üçün deyil, həm də regionun ərəb ölkələri üçün dözülməz etmək olub. Strateji sənədə əsasən, Vaşinqtona təzyiq göstərmək üçün ərəb dövlətlərinin iqtisadiyyatı, turizmi, energetikası və gəmiçiliyi hədəf alınmalı idi. "Dəli" əməliyyatı üç mərhələdən ibarət olub:
1. Birinci mərhələ: İsrail ərazisinə birbaşa raket zərbələri;
2. İkinci mərhələ: Ərəb ölkələrindəki ABŞ hərbi bazalarına hücumlar;
3. Üçüncü mərhələ: Hava limanları, otellər və səfirliklər kimi mülki obyektlərin vurulması.
Nəşr qeyd edir ki, rəsmi Tehran son bir neçə gündə bu planın hər üç mərhələsini artıq reallaşdırıb. Xameneyi idarəetmənin itməməsi üçün hər bir strateji post üzrə dörd xələf təyin edərək, öz ölümündən sonra da xaosun davam etməsini sığortalayıb. Ekspertlərin fikrincə, bu plan Amerikanın regiondakı müttəfiqlik bağlarını tamamilə qırmaq və dünya bazarlarında qlobal sarsıntılar yaratmaq üçün hesablanıb. "Financial Times" da bu strategiyanın Xameneyinin "ölümündən sonrakı qisası" olduğunu təsdiqləyir.
Fraksiya.az
Facebook-da paylaş









