• Badamdar yenə sürüşdü, yol bağlandı, villalar təhlükədə

    Badamdar yenə sürüşdü, yol bağlandı, villalar təhlükədə

    Ekspert hesab edir ki, növbəti sürüşmə Bayıl yamacının şimalında baş verəcək, çünki ərazi həddindən artıq yüklənir...

    Rubrika.az musavat.com-a istinadla bildirir ki, Bakının Səbayel rayonu, Badamdar şosesində yenidən sürüşmə hadisəsi baş verib. Bu dəfə baş verən sürüşmə 100 metrə yaxın ərazini əhatə edir. Sürüşmə nəticəsində Badamdar yolu bağlanıb və torpaq ərazidəki restoranın divarlarına qədər çatıb.

    Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gedib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib (fotolar: qafqazinfo.az)

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, sürüşmə sahəsində aktivlik müşahidə olunur.

    Onu da bildirək ki, ərazidən keçən avtomobil yolu ötən ilin oktyabr ayından etibarən açılmışdı. Həmin yoldan iri tonnajlı avtomobillərin istifadə etməsinə icazə verilməsə də, minik avtomobilləri üçün məhdudiyyət yox idi.

    Ə. Qaralov söyləyib ki, yolun açılması sürüşmə üçün səbəb deyil. “ETSN tərəfindən ərazidə monitorinqlər aparılır. Üst tərəfdən terastlar düzəldilirdi. Yəni yuxarıdan yüklənmə var idi. Eyni zamanda mövsümlə əlaqədar yağıntılar oldu, qrunt ağırlaşdı və sürüşmə kütləsinin üzərində asılı vəziyyətdə qalan torpaq qatı hərəkət etdi. Hələ ki, sürüşmənin başa çatdığını söyləmək olmaz. Ərazidə gərginlik qalmaqdadır. Torpaq qatı gərəkdir ki, təbii olaraq öz yerini alsın”.

    Yada salaq ki, ərazinin yuxarı hissəsində bir neçə villa var. 2018-ci ildə bu villaların sökülməsi məsələsi müzakirə edildi, əraziyə Hacıbala Abutalıbov gəlib, tikililəri qanunsuz adlandırdı. Lakin nəticə etibarilə həmin villalar sökülməyib. Ə. Qaralov bildirdi ki, villaların hasarları tamamilə dağılıb, həyətlərində isə eskalatorlar işləyir.

    Xatırladaq ki, bu ərazidə sonuncu dəfə 2018-ci il oktyabrın 12-də sürüşmə baş vermişdi. Sonrakı günlərdə sürüşmə aktivləşərək, təxminən 200 metrdən artıq eni olan bir ərazini əhatə etməklə avtomobil yoluna qədər hərəkət etmişdi. Yol kənarındakı istinad divarının əksər hissəsi çökmüşdü.

    Badamdarda sürüşmənin qarşısını almaq üçün baş nazirin sabiq müavini Hacıbala Abutalıbov bu ərazilərə çox gedib-gəlmişdi. Hətta o, işə yaponiyalı mütəxəssisləri də cəlb etmişdi. Lakin yaponlar da Abutalıbovun üzünü ağ edib, ərazidəki vəziyyətə çarə qıla bilmədilər. Onlar sürüşmə zonasında quyular qazıb, qrunt suyunu aşağı salmağa cəhdlər göstərdilər. Ancaq bu üsulla da əldə edilən nəticə effektiv olmadı.

    Hələ quyuların qazılma ərəfəsində ekspertlər bildirirdilər ki, Badamdar yaylasına normadan artıq su yığılıb. Buna görə də kanalizasiya xətləri çəkilməsə, quyular qazmaqla nəticə əldə etmək olmayacaq. Badamdarda sürüşmə baş verməzdən öncə “Yeni Müsavat” qəzeti olaraq bu barədə yazıb, ərazidə ciddi sürüşmə hadisələrinin ola biləcəyi barədə ekspertlərin xəbərdarlıqlarını çap etmişdik. Lakin həmin ərəfədə heç bir rəsmi reaksiya və qabaqlayıcı tədbirlər görülmədi.

    Uzun müddət Bakı Tikinti İdarəsinin rəisi vəzifəsində çalışan, mütəxəssis Əzim Məsimov “Yeni Müsavat”a bildirib ki, orada yenidən sürüşmə hadisəsinin baş verəcəyi gözlənilən idi. Ə. Məsimov Bakının digər yerlərində də baş verəcək sürüşmənin proqnozunu verib: “Sadəcə olaraq, düşünülməmiş işlər görürlər, sonradan isə bunun zərərini çəkirlər. Orada quyu da qazsan, yapon da çağırsan heç bir faydası yoxdur. Çünki ərazi su ilə dolub. Buna görə də nə etsən sürüşmə hadisəsi qaçılmazdır. Hələ 2007-ci ildə deyirdim ki, orada görülən işlər, satılan torpaqlar, kanalizasiyasız tikilən evlər sürüşməyə, faciəyə yol açacaq. Ancaq buna diqqət edilmədi. Mən özümdən nə isə uydurmuram. Mütəxəssis kimi gedişatı izləyirəm ki, bütün orada görülən işlər faciəyə aparır. Bu qədər açıqlama verdiyim, xəbərdarlıq etdiyim halda bu işləri görən zaman məndən heç bir rəy alınmadı.

    Belə olmaz axı. Mən kimsədən pul, vəzifə istəmirəm. Heç olmasa bilmirlərsə, fikir alsınlar. Bakının yarısı mənim dövrümdə tikilib. Bakının tikinti məsələsində qüsurlar var. Biləcəri dairəsi tərəfdə son 5 ildə 5 dəfə təmir işi aparılıb. Bu, gülməli bir hadisədir. Problem isə yenə də həll edilməyib. Orada da 3 mərtəbəli körpü tikilməlidir ki, hərəkət paylansın. Orada əməlli-başlı iş görülməlidir. Bu kimi nöqsanlardır ki, böyüyüb çıxılmaz durumlara gətirib çıxarır. Bayıl yaylasının şimal hissəsində də sürüşmə olacaq. Çünki oranı da yükləyib, tikililər ucaldıblar. Bəyəm Bakıda tikinti aparmağa yer yoxdur? Yamacı təmizləmək lazım olduğu halda, tikinti işləri aparılıb, kökündən tərpədilir. Ona görə də növbəti sürüşmə hadisəsi yamacın şimalında olacaq. Bunların qarşısını zamanında almaq lazımdır”.

    Rubeika.Az


    Facebook-da paylaş