• Rusiyada hökumətin istefasından bir ay ötür - nələr dəyişdi...

    Rusiyada hökumətin istefasından bir ay ötür - nələr dəyişdi...


    Rusiyada baş nazir Dmitri Medvedyevin istefası və hökumətin buraxılmasından bir ay ötür. Son bir ayda şimal qonşumuzda idarəçilikdə dəyişikliklərin davam edəcəyi gözlənilsə də, əksi baş verdi. Proseslər demək olar ki, səngiyib.


    Rubrika.Az Oxu.az-a istinadən xəbər verir ki, bəzi ekspertlərin proqnozlarına görə, Rusiyada idarəetmə sistemində növbəti dəyişmə dalğası start götürəcək. Quberniyalarda ciddi dəyişikliklərin olacağı ehtimal edilir. Bir sıra qubernatorların istefaya göndəriləcəyi, ya yerlərinin dəyişdiriləcəyi, ya da ümumiyyətlə, bu strukturun ləğv edilib, başqası ilə əvəz olunacağı bildirilir.

    Rusiya prezidenti Vladimir Putinin bu qərarlarını müxtəlif istiqamətlərə yozanlar var. Bunun imitasiya xarakterli olduğunu düşünənlər də, ölkə daxilindəki ağır durumu aradan qaldırmaq üçün edildiyini zənn edənlər də var.


    Rusiyada hökumətin istefasından bir ay ötür - nələr dəyişdi...


    Tofiq Abbasov: “Rusiyada vəziyyət olduqca mürəkkəbdir”

    Politoloq Tofiq Abbasov bu dəyişiklikləri adi sayır: “Mən Rusiyadakı son dəyişiklikləri başqa cür anlayıram. Sözün düzü, Rusiyada daxili vəziyyət, xüsusilə iqtisadi durum son dərəcə ağırdır. Düzdür, bütün o problemlərin, çatışmazlıqların hamısının məsuliyyətini istefaya göndərilmiş hökumətin üzərinə atmaq, onu günahlandırmaq olar. Belə başa düşürəm ki, hökumətin istefaya getməsində qeyri-adi nəsə yoxdur. Əslində Medvedyevi əvəzləyən Mixail Mişustin həqiqətən də həm maliyyə sistemində, həm iqtisadiyyatın idarə edilməsində, həm də rəqəmsal sistemin geniş tətbiqində kifayət qədər hazırlıqlı adamdır. Ona ünvanlı bir şəkildə yanaşmaq lazımdır. Çünki Rusiyada vəziyyət olduqca mürəkkəbdir. Normal olan bir hökumətin ilk növbədə, antiböhran proqramı olmalıdır. Onun üzərindən dinamizm əldə etməyə imkan yaradan bir fəaliyyət konsepsiyası olmalıdır. Bu baxımdan bir halda ki, Mixail Mişustinin özü rəqəmsal texnologiyalarla məşğuldur, illərdir bu proseslərdə iştirak edir, demək, bu adam kampaniya xarakterində fəaliyyət göstərməyəcək. Addım-addım elə qərarlar verəcək ki, onlar özünü doğrultsun. Burada Vladimir Putinin məsuliyyəti hökumət rəhbərinin üzərinə atması da özü əksini tapır. Əvvəllər vaxtaşırı Putin kabinet nümayəndələri ilə görüşürdü, bəzi reportajlarda onlar media vasitəsilə görüləcək və görülən işlərin hesabatını geniş auditoriyaya təqdim edirdilər və prezidentin bu məsələlərə münasibəti əks olunurdu, indi biz başqa vəziyyətin şahidi olmaqdayıq. Mişustin, görünür, özünün təcrübəsinə görə, maliyyə sahəsində olan vəziyyətin tənzimlənməsi üçün yəqin belə bir şərt ortaya qoyub ki, onu tələsdirməsinlər. Subyektiv fikrimə görə, Mişustin düzgün hərəkət edir. Burada böyük piara, irimiqyaslı özünü tərifləmə, özünü təqdimetmə kampaniyasına yol verməyin yeri yoxdur. Çünki görüləcək işlərin sayı həddindən artıq çoxdur. Səliqə-sahman yaratmaq baxımından çox dərin və mürəkkəb proseslər hələ irəlidədir. Burada ölçüb-biçməklə işləri həyata keçirmək lazımdır”.


    Rusiyada hökumətin istefasından bir ay ötür - nələr dəyişdi...


    Əhəd Məmmədli: “Mişustini Fratkovun taleyi gözləyir”

    Siyasi şərhçi Əhəd Məmmədli şimal qonşumuzda yeni proseslərin start götürəcəyini düşünür: “Rusiyada bir ay öncə Medvedyevin istefasından sonra proseslərin bu şəkildə səngiyəcəyi gözlənilən idi. Son bir ayda Rusiyanın daxili siyasətində heç nə baş verməyib. Zatən qeyri-adi nəsə gözləmək sadəlövhlük olardı. Bu cür prosesləri Rusiyanın siyasi elitası bir dəfə yaşayıb. Şimal qonşumuzda Putinə Medvedyevin varis planı əməliyyatı keçiriləndə müvəqqəti olaraq, Fratkov baş nazir seçilmişdi. Prezident seçkilərindən sonra yeni prezident və baş nazirlə Rusiya yoluna davam etdi. İndi də eynidir. Mişustini Fratkovun taleyi gözləyir. Sadəcə, müvəqqəti olaraq bir müddət postunda qalacaq. Parlament güclənəndən sonra Rusiya yeni prezident və baş nazirlə siyasətini formalaşdıracaq. Şimal qonşumuzda yeni proseslərin başlanmasını gözləyirəm. O proseslər başlayana qədər indiki baş nazir və Nazirlər Kabineti ilə nəsə bir ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm”.


    Rubrika.Az


    Facebook-da paylaş