• Karantin qaydalarını pozan hotellərin rəhbərlərini hansı cəza gözləyir - hüquqşünas rəyi

    Karantin qaydalarını pozan hotellərin rəhbərlərini hansı cəza gözləyir - hüquqşünas rəyi

    “Fairmont Baku”nun rəhbəri Mathieu Greppo cərimələnib; vəkil Anar Məmişov bildirir ki, yüksək cərimələrlə yanaşı, qanunda həbs cəzası da nəzərdə tutulur
    İyunun 5-dən bu günə qədər ölkə gündəmində əsas müzakirə mövzularından biri Bakının məşhur “Fairmont Baku” hotelində karantin qaydalarının ciddi şəkildə pozulmasıdır. Sosial şəbəkələrdə hotelin hovuzunun kənarında çəkilən görüntülər hər kəsi təəccübləndirdi və haqlı olaraq ciddi narazılıqlara səbəb oldu. Görüntülərdə uşaqlı-böyüklü xeyli sayda insanın hovuzda çimməsi, əylənməsi əks olunurdu.


    Görüntülər sosial şəbəkələrdə və mətbuatın gündəmində geniş yer aldıqldan sonra müvafiq qurumlar “Fairmont Baku” hoteli ilə bağlı tədbir görməyə başladı.

    Daxili İşlər Nazirliyinin “Fairmont Baku”da keçirdiyi əməliyyat zamanı onlarla şəxs saxlanıldı.

    “Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmanlıqlarını ifadə ediblər.

    Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər"- deyə DİN-in yaydığı rəsmi məlumatda bildirilir.

    Bundan sonra hoteldəki qalmaqallı hadisə ilə bağlı maraqlı təfərrüatlar üzə çıxmağa başladı.

    Öncə məlum oldu ki, karantin rejimi uzadılsa da, həftəsonu qaydalar daha da sərtləşdirilsə də “Fairmont Baku” hoteli müştərilərə özü çağırış edibmiş.

    Hotelin instagram səhifəsində “Həftəsonunu bizimlə birgə keçirin” müraciəti yazılmışdı. Məsələ ictimailəşəndən sonra həmin elan silindi.

    İşin digər maraqlı bir tərəfi hoteldə əylənənlər arasında tanınmış simaların da olması idi.

    Onlardan biri aparıcı Mələk Heydərova idi. “Baku” TV-də çalışan M.Heydərova bir neçə gün əvvəlki çıxışında insanları karantin qaydalarına əməl etməyə çağıraraq demişdi ki, 3 aydır heç bir yerə getməyib, karantin qaydalarını pozmayıb. Amma özünün İnstagram səhifəsində hovuz kənarından paylaşdığı foto ilə gündəmə çevrildi.

    M.Heydərova səhvini başa düşüb, sosial şəbəkədə üzrxahlıq çıxışı yaydı. Lakin çalışdığı media orqanı onu işdən çıxarmaqla cəzalandırdı.

    Bundan başqa, Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev də hoteldə baş verən və cəmiyyətdə ciddi narazılığa səbəb olan bu hadisə ilə bağlı sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olan fikir bildirdi.

    “Ay ”işverənlər", sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər" - deyən Cahad Hacıyev tənqidlərə məruz qaldıqdan sonra fikrini dəyişməyə, özü öz dediklərini təhrif etməyə başladı. İzah etməyə çalışdı ki, bu fikirləri ilə hoteldə baş verənləri qınayanları təhqir etmək, yəni onlara “işverən” demək istəməyib. Ancaq bu izahın bir faydası olmadı və o, daha çox tənqidlərlə üzləşməyə başladı.

    Hoteldə karantin qaydalarını pozan, daha sonrakı açıqlaması ilə insanların qəzəbinə tuş gələnlərdən biri isə iş adamı Fətulla Babayevin oğlu İsmayıl Babayev idi...

    Onun barəsində həbs qərarı çıxarıldı. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada 200 manat cərimə olundular.

    Oxşar hallar digər hotellərdə də qeydə alınıb.

    Yaranan digər bir sual isə bu hadisədə karantin qaydalarının pozulmasının əsas günahkarı, səbəbkarı olan hotel və rəhbərliyi nə qədər cərimə olunmalıdır?

    Hotelin rəhbəri Fransa vətəndaşı Mathieu Greppodur. “Fairmont Baku” hüquqi şəxs olduğundan iki cür cərimələnə bilər. Birincisi, hüquqi şəxs kimi İnzibati Xətalar Məcəlləsinə əsasən 400 manat cərimə edilir.

    İkincisi isə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə əsasən.

    Bu maddənin birinci- 139.1.1-ci bəndində yazılır: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda.

    Vəkil Anar Məmişov bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülər onu deməyə əsas verir ki, 139.1.1-ci maddə ilə cinayət işi açıla bilər.

    “Əgər hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırma zamanı bu qənaətə gəlinsə ki, doğrudan da xəstəliyin yayılması üçün real təhlükə var və bu zaman cinayət işi açılmalı və iş aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Rəsmi məlumatda da gördük ki, saxlanılan şəxslərin sayı ən azı 13 nəfərdir.

    Bu maddəyə əsasən məsuliyyətə cəlb olunan tərəf 2500 manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, hotelin rəhbəri olan fransız vətəndaşı Mathieu Greppo cərimələnib.

    Rubrika.Az


    Facebook-da paylaş