Azərbaycanda sərt karantindən çıxmaqla bağlı qərar verilə bilər

“İqtisadiyyat, turizm tənəzzülə uğrayıb, ona görə...”
Dünya çapında ard-arda sərt karantin rejimi ilə bağlı yumşalmalar olur, aprel ayından isə bu proses daha da genişlənəcək. Dünya koronavirus pandemiyasından çıxmaq ərəfəsindədir. Hətta bir çox Avropa ölkəsində karantin rejimi tamamilə ləğv edilib. Misal üçün, fevralın 1-də son məhdudiyyətlərin qaldırıldığı ilk Avropa ölkəsi Danimarka olub, ardınca fevralın 9-dan İsveç də demək olar ki, bütün məhdudlaşdırıcı tədbirləri, fevralın 12-dən isə Norveç ləğv edib. Bu ölkələrin səlahiyyətlilərinə görə, infeksiyanın ən ağır nəticələri arxada qalıb. Finlandiyada məhdudiyyətlərin götürülməsinin əsas mərhələsi fevralın 14-dən başlanıb. Ötən gün isə Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Qərarla açıq havada və havalandırılması olan qapalı ərazilərdə maska taxmaq qaydası aradan qaldırılıb.
Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib. Qərarda qeyd edilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılıb.
Bir sözlə, Azərbaycanda karantin rejimi ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlər qalmaqdadır. Qapalı məkanlarda maskasız gəzmək qadağandır. Eləcə də fevralın 15-dən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Bütün bunların aradan qalxacağı günə nə qədər qalır? Aprel-may aylarından etibarən, Azərbaycanda da məhdudlaşdırmaların aradan qaldırılaraq, həyatın tam normallaşması mümkündürmü? Yoxsa ölkəmizdə bəzi məhdudiyyətləri saxlamaq zərurəti vardır?
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hər bir ölkə öz epidemioloji vəziyyətini nəzərə alaraq, koronavirusla mübarizə tədbirlərini müəyyən etməlidir. Eyni zamanda dünya ictimaiyyəti peyvənd və qoruyucu vasitələr tədarük etməli olan dövlətlərlə həmrəylik nümayiş etdirərsə, pandemiyanın kəskin mərhələsindən çıxış yolu hələ 2022-ci ildə tapıla bilər. Təşkilatın yaxın qlobal məqsədi 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin peyvəndlənməsinin 70%-ə çatmasıdır.
ÜST-in Avropa Regional Direktoru Hans Klugenin sözlərinə görə, Avropa indi yüksək peyvəndləmə nisbətləri və yazın gəlişi ilə əlaqədar “mövsümi fasiləyə” və “infeksiyanın daha az öldürücü olması” sayəsində infeksiyanın yayılmasını nəzarət altına almaq üçün unikal imkana malikdir.
Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Millət vəkili Musa Quliyev “Yeni Müsavat”a bunları şərh edib: “Bütün dünyada koronavirus pandemiyası bitmək üzrədir. Əgər yeni bir dalğa başlamazsa, yaxud virus modifikasiyası ortaya çıxmazsa, biz koronavirusa əlvida deyəcəyik. Üzü yaza doğru gedir, havalar getdikcə istiləşir. Açıq məkanlarda həyat fəaliyyəti genişlənəcək. Nəzərə alsaq ki, yayda turizm də, gediş-gəliş də artacaq. Ona görə hesab edirəm ki, biz də yavaş-yavaş karantin qaydalarını yumşaltmağa doğru getməliyik, karantinin ləğv olunması barədə artıq düşünmək olar. Yayda artıq Azərbaycan turizmini inkişaf etdirmək lazımdır. Çünki iki ildir ki, turizm sektoru tənəzzül edib. Dünyada gedən proseslər, Ukrayna-Rusiya müharibələri, Qərb ölkələrinin bu müharibəyə qoşulması nəzərə alınmalıdır. Ola bilsin bir çox ölkələr turizm baxımından daha əlverişli və arzuolunan ölkə kimi qəbul olunub. İstər ölkə daxilində gediş-gəlişi, istərsə də istirahət məkanlarında istirahət üçün lazım olan şəraitin yaradılması haqqında düşünməliyik. Koronavirus təkcə sağlamlıq məsələsi deyil, pandemiyanın eyni zamanda iqtisadiyyata mənfi təsiri oldu. Qeyri-neft sektoruna da kifayət qədər mənfi təsirləri oldu. Yavaş-yavaş biz karantin dövründən çıxmağa başlayırıq. Yəqin ki, Operativ Qərargahda gündəlik məlumatları analiz edirlər. Yaxın həftələrdə ola bilsin ki, özlərinin qərarlarını verə bilərlər. Amma bütün dünyadakı meyl onu göstərir ki, karantin yavaş-yavaş yumşalır. Ölkələrdə isə ümumiyyətlə artıq karantindən tam çıxmaqla bağlı qərarlar verilib. Yaxın 10 günə biz də qərarlar verə bilərik”.
Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf
İnfeksionist-hepatoloq Mərdan Əliyev də məsələ ilə bağlı fikirlərini açıqlayıb: “Böyük ehtimalla yaxın zamanda karantin qaydaları aradan qaldırılacaq. ”Omikron"a yoluxma sayı çox olsa da, xəstəxana şəraiti tələb olunan xəstələrin sayı azdır, ölüm göstəriciləri də azdır. Xəstəxanalar, reanimasiya şöbələri ağırlaşmış xəstələrlə dolu deyil. Səhiyyə sistemi yüklənməyib. Buna görə artıq məhdudiyyətləri aradan qaldırmaq olar. Həm də üzü yaya doğru gedirik, fəsil də yoluxmanın əleyhinədir. Yoluxma sayı yaz-yay aylarında çox olmur. Qış aylarında yoluxma daha çox olur. Əksər hallarda “Omikron”a yoluxmuş şəxslər ev şəraitində müalicə alırlar. Bütün bunları nəzərə alaraq karantin qaydaları aradan qaldırılacaq".
Rubrika.Az
Facebook-da paylaş











