Bu aydan Azərbaycanda hansı qanunlar qüvvəyə minir? - SİYAHI

Rubrika.az APA-ya istinadən bildirir ki, 2017-ci il yanvarın 1-dən etibarən bir sıra qanunlar qüvvəyə minib. Yanvarın 1-dən etibarən ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib. Yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.
Tarif Şurasının təbii qazın əhali istehlakçı qrupu üzrə müəyyən etdiyi tarif də artıq qüvvəyə minib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Bundan başqa, yanvarın 1-dən etibarən isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək. Belə ki, respublika üzrə 261 binaya mətbəxdə və hamamda istifadə etmək üçün verilən isti suyun 1 kubmetri üçün tətbiq edilən 40 qəpik tarifi qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısından çıxarılır. Qərarda söhbət mərkəzi isitmə sistemindən getmir.
Yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalına icazə verilməyəcək.
Azərbaycanda spirtli içkilərin nağd qaydada pərakəndə satışına qoyulan qadağa da aradan qaldırılıb. Bundan sonra spirtli içkilərin bütün növlərinin pərakəndə nağd qaydada satışına icazə veriləcək.
Bundan başqa, vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinəcək. Belə ki, yanvar ayının 1-dən etibarən cərimə borcunun 30 faizini ödəyənlər qalan 70, fevral ayında 50 faizini ödəyənlər 50, mart ayında 70 faizini ödəyənlər 30 faizdən azad olunacaqlar. Nəticədə sahibkarların ümumilikdə 624 milyon manatlıq vergi borcu silinmiş olacaq. Bundan başqa, Vergilər Məcəlləsinə edilən son 201 dəyişiklik də yanvarın 1-dən etibarən tətbiq edilməyə başlanacaq.
Yanvarın 7-dən etibarən "ASAN Xidmət"in xarici turistləri ölkəyə cəlb etmək üçün həyata keçirdiyi "ASAN Viza" xidməti də fəaliyyətə başlayacaq. Artıq Azərbaycana gəlmək istəyən əcnəbilər viza əldə etmək üçün onlayn qaydada qeydiyyatdan keçəcəklər.
Rubrika.az
Facebook-da paylaş












