MÜŞFİQ MƏMMƏDLİ SUS!- DEPUTAT XALİD ƏHƏDOVU HƏZM EDƏ BİLMƏDİ
![]()
“Parlament” sözünün fransızcadan tərcüməsi, danışmaq, müzakirə etmək mənasını verir. Əslində dünyanın hər yerində parlament məhz bu funksiyanı daşıyır-qanunlar qəbul edilir, müzakirələr aparılır. Biz qoca Qafqazlı igid ərlər olduğumuz üçün bu sahədə də fərqlənirik.Xatırlayırsınızsa Milli Məclisin spikeri deputatların üstünə hirslənmişdi ki, “parlament danışmaq yeri deyil”. Ona görə də hər ölkənin parlamentariləri danışmaq, fikir bildirmək üçün seçildikləri halda bizim millət vəkilləri Milli Məclisə susmaq, mürgüləmək, lal-qaradinməz oynamaq üçün seçilirlər. Bu onların ağır təbiətindən, sambalından irəli gəlir- indi bu boyda millətin vəkilləri durub hər şeyə fikir bildirsələr, müzakirə aparsalar onların çayxanada bekarçılıqdan gəvəzəlik edən Məmmədhəsən əmilərdən nə fərqi olar ? Onların millətin dərdini çəkməkdən vaxtı yoxdur, hətta gecələr də yuxu üzünə həsrət qalıblar. O səbəbdəndir ki, parlamentin iclaslarında 5-10 dəqiqə fürsət tapan kimi mürgüləyirlər, gözlərinin acısın alırlar.
“Susmaq qızıldır” prinsipini əsas tutaraq susduqca maaşlarını artırırlar, özlərinə daha çox gün ağlayırlar. Nədən ki, millətin vəkili olmaq çox ağır dərddir- bunun 5 il ağzına su alıb oturmağı, mürgüləməyi, seçicilərdən qaçıb gizlənməyi var...
Düzdür bəzi deputatlar hərdənbir qanunları pozaraq danışırlar. Elə kef də bundan sonra başlayır. Deputat səsinə, sözünə həsrət qalan uca millətimiz onların fikirlərini sözbəsöz höccələyir, qafiyələndirir, toyda-mağarda sağlıq deyəndə sitat gətirirlər. Məsələn bu günlərdə deputatlarımızın biri sükutu pozaraq deyib ki, camaatın 300-500 manat maaş almasına mən günahkar deyiləm. Hamı susub otursun yerində, çox danışmasın.
Bax millət sevgisi, vətən eşqi budur. Elə bil Sabir rəhmətlik “millət necə tarac olur olsun nə işim var” yazanda Milli Məclisin foyesində dayanıbmış. Və yaxud 30 il Məclisdə mürgüləyənlərdən birisicəmisi bir dəfə sükutu pozaraq danışmışdı. Onda da milli dəyərlərimizi qorumaq üçün “İşəgötürənlər haqqında qanun”dan “işverən” sözünün çıxartdırmışdı ki, camaatın anası-bacısı var, bu nə sözdür işlədirsiniz.
Başqa bir deputatımız isə jurnalistin “biznesiniz varmı” sualına and-aman eləmişdi ki, mənim adıma heç nə yoxdur, hamısını qohum-əqrabanın adına aformut eləmişəm. Müəllimlərə bənnalıq etməyi, hörgü hörməyi məsləhət görəni də görmüşük, daha çox əli ilə tarixə düşən bir deputatın da “ayağınızı yorğanınıza görə uzadın, azdır az yeyin, çoxdur çox yeyin” deməsini də.
Belə qiymətli fikirlərin sayını istədiyiniz qədər çoxaltmaq olar. Nədən ki, ayda ildə bir dəfə danışan vəkillərimiz ağızlarını açanda gül vururlar. Elə bu günlərdə Milli Məclisdə çıxış edən deputat Müşfiq Məmmədli də qaş qayırdığı yerdə vurub gözünü çıxardıb. Səhiyyə sahəsində vəziyyətdən danışan deputat nədənsə daha çox öz həmkarlarına “ilişməyə” qərar verib. Parlamentdə əyləşdiyi müddətdə indiyə qədər düz-əməlli çıxışı ilə xatırlanmayan M.Məmmədlinin birdən birə od püskürməsinin, medyanın gündəminə çevrilməsinin səbəbsiz olmadığı aydındır. Yoxsa nədən deputat “Tarix Nadiri” vərəqləsin, səhiyyənin keçmişini qurdalasın. Axı onun özü də səhiyyənin şinelindən çıxıb, Sumqayıt Uşaq Xəstəxanasının rəhbəri olub. Xatırladaq ki, məhz M.Məmmədlinin Sumqayıt uşaq Xəstəxanasına rəhbərlik etdiyi dövr adı çəkilən səhiyyə müəssisəsi medyanın ən sərt tənqidlərinə tuş gəlib. Xəstəxanada korrupsiya əməlləri, şübhəli tender əməliyyatları haqqında medyada kifayət qədər məlumatlara rast gəlmək olar. Sumqayıtın icra başçısı və GÜNDÜZÜ ilə isti münasibətləri olan, bu səbəbdən vəzifə pillələrində sürətlə irəliləyərək sonunda deputat olan M.Məmmədli görünür öz keçmişini unudub. Bir zamanlar adı korrupsiyada hallanan baş həkim bu gün həmkarlarına qarşı savaş açır, özünü qəhrəman obrazında cəmiyyətə təqdim edir. Uşaq xəstəxanasında nələrin baş verdiyini uşaqların da bildiyi halda deputat süddən çıxmış ağ qaşıq obrazında TƏBİB-i tənqid edir, dövlətə dəymiş ziyanın ödənilməsini az qala cinayət əməli kimi təqdim edir. Cənab deputat heç fikirləşibmi ki, dövlətə dəymiş ziyanı ödəməyib dövlətin çətiri altında gizlənənlərin sonu necə olacaqdır.
M.Məmmədlinin qəflətən səhiyyə sistemini asıb-kəsməsini təsadüfi saymaq olmaz. Son illər bu sahədə aparılan inqilabi dəyişikliklər, TƏBİB-in tamamilə fərqli bir sistem formalaşdırması heç də hamını razı salmır. Sirr deyil ki, aparılan islahatlar bəzi qüvvələri böyük gəlirlərdən məhrum edib, səhiyyə sistemində mövqelərini ciddi şəkildə zəiflədib. Xüsusilə çox hörmətli Xalid Əhədovun TƏBİB in Müşahidə Şurasının sədri təyin edilməsini , arzuları ürəyində qalan DEPUTAT həzm edə bilmir. K state Cənab deputat əvvəl ağız dolusu dövlətçilikdən danışırsınız , sonra da
f/b səhifəsində Fuad Qəhramanlınını layk edirsiniz. Ulu ÖNDƏR demişkən mövqeyiniz olsun!
Məğlubiyyətlə barışmayan “mühafizəkarlar” fürsət düşdükcə hücuma keçir, görülən işlərə kölgə salmağa çalışırlar. Səhiyyə sistemində yaradılan şəffaf mühit, Prezidentin, Mehriban xanımın siyasi iradəsinin təntənəsi keçmişin həsrəti ilə yaşayanları əməlli-başlı narahat edir. “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar hələ də müqavimət göstərir, öz məkrli maraqlarını təmin etməyə çalışırlar. Az qala oturduğu budağı baltalayan deputatın çıxışı da məhz bu maraqlardan qaynaqlanır. İndiyə qədər TƏBİB-in uğurlarından bir kəlmə də danışmayan deputatın qəflətən fəallaşması, öz həmkarlarını hədəf alması da elə bu mübarizənin nəticəsi hesab oluna bilər.
Görünür son zamanlar TƏBİB-in gördüyü işlər, aparılan islahatlar, struktur dəyişiklikləri bəzilərini əməlli-başlı narahat edib. Bu səhiyyə sistemində keçmişlə müasirliyin, islahatçılarla mühafizəkarların mübarizəsidir. Bu tarixən belə olub, mövqelərini itirənlər, gəlirlərindən məhrum olanlar müqavimət göstərirlər. Amma unutmaq olmaz ki, aparılan islahatlar dövlətin-bilavasitə cənab Prezidentin, səhiyyə sistemini daim diqqətdə saxlayan Mehriban xanımın siyasi iradəsinin nəticəsidir. Buna qarşı çıxanların hansı siyasi məqsədlər güddüyü qaranlıqdır.
Deputatın çıxışından belə məlum olub ki, o Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxovanın bu vəzifəyə təyinatından möhkəm narahatdır. Düzü bütün fəaliyyəti hər zaman şəffaf olan, çalışdığı vəzifələrdə yüksək peşəkarlıq nümayiş etdirən Səkinə xanımın adının birdən-birə Milli Məclis tribunasından hallandırılması təəccübləndiricidir. Deputatın da dediyi kimi Səkinə xanım 400 min əhalisi olan Abşeron rayon səhiyyəsinə rəhbərlik edir. Vəzifəyə təyinatından cəmisi 2 il vaxt keçməsinə baxmayaraq Abşeron səhiyyəsində inqilabi dəyişikliklər baş verib. Şəffaflıq, operativlik Səkinə xanımın iş prinsipidir. Elə bu prinsiplərlə də Abşeronda qısa müddətdə böyük uğurlara imza atılıb. Hər gün minlərlə insanın müraciət etdiyi xəstəxanada vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir, şəhid ailələri, qazilər xüsusi qayğıyla əhatə olunur. Təsadüfi deyil ki, Abşeron Mərkəzi Xəstəxanası respublikada nümunəvi səhiyyə ocaqlarından biri hesab olunur. Səkinə xanımın əzmkarlığı, dövlətin tibb siyasətinə sadiqliyi bu uğurların bünövrəsində dayanır.
Düşünmək olardı ki, deputat öz həmkarının bu uğurlarını təqdir edəcək, alqışlayacaq. Amma Səkinə xanımın fəaliyyətinə kölgə salmağa çalışmaq, qərəzli mövqe sərgiləmək anlaşılan deyil. Yəqin ki, TƏBİB-in Müşahidə Şurasının sədri hörmətli Xalid Əhədov belə hallara qarşı daha diqqətli olar, nüfuzlu tibb işçilərinə qarşı qərəzli münasibəti cavabsız qoymaz.
Hə, parlament danışmaq, müzakirə aparmaq yeridir. Gərəkdir ki, nə danışdığını, necə danışdığını da biləsən. Bilmirsənsə elə yaxşısı susmaqdır. Nə sənin başın ağrıyır, nə başqalarının başını ağrıtmırsan...
MÜŞFİQ MƏMMƏDLİ SUS!
Nicat Mahmudov
Facebook-da paylaş








