2017-nin siftəsi: daha bir market bağlandı, yüzlərlə adam işsiz qaldı

Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb. Artıq bir neçə gündür şəbəkənin marketləri işləmir
Marketlərdə olan mallar isə başqa yerlərə daşınır. Faktı təsdiqləyən "Lider-AS" supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.
O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb:
"Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.
İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.
Hər gün ölkədə bir ticarət mərkəzinin bağlanması xəbərləri yayılır. Ürək ağrısı ilə oxunan bu məlumatlar həmin obyektlərin rəhbərliyi deyil, orada ailəsinə bir tikə çörək aparanları düşünməyə vadar edir.
İki gün ərzində artıq 2 iri ticarət mərkəzləri bağlanıb. "Baku Layf Sentr” (Baku Life Center) ticarət mərkəzinin dalınca 2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış "Neptun” supermarketlər şəbəkəsi də bir filialını bağlamalı olub.
Deyəsən, market bazardakı rəqabətə tab gətirə bilmir. Şəbəkənin Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi) supermarketi bağlanıb. Son vaxtlar "Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı. Beləliklə, Bakıxanov filialının bağlanması ilə "Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb.
Bu vəziyyət ondan xəbər verir ki, ilin sonuna qədər bir neçə belə ticarət mərkəzi qapadılacaq. Nəticədə minlərlə insan iş yerlərini itirəcək.
Hökumətin bərbad iqtisadi idarəçiliyi yerli və xarici investorları ölkədən didərgin salıb. İş adamları çarəsiz vəziyyətlə üzləşib. Onlara təkan verəcək bir stimul yoxdur.
Hakimiyyətdəki bəzi məmurların məqsədli şəkildə yürütdüyü bu siyasət nəticəsində bütün ticarət şəbəkələri bir-iki adamın əlində cəmləşib. Müstəqil şəkildə kimsə fəaliyyət göstərə bilmir. Ona görə də iş yerləri bağlanır, minlərlə insan ailəsinə çörək apara bilmir.
İnsanlar 2017-ci ilə ümidsiz giriblər. Hətta güzəştləri olan məcburi köçkünlərin də durumu pisləşir, imtiyazlar azalır.
Neftin ucuzlaşması və iki dəfə manatın devalvasiyası Azərbaycanı çökdürməkdədir. Minlərlə ailə kirayələrdə, çörəksiz, şəraitsiz vəziyyətdədir. Vətəndaşlar kredit borclarını ödəyə bilmir. Bir tərəfdən də iş yerlərinin açılması əvəzinə bağlanması getdikcə əhalini bədbinləşdirir.
İnsanlar bir tikə çörək qazanmaq üçün gecə-gündüz çalışdığı yerlərdən məhrum olunur. Bəs, bu adamlar hara getsinlər? Harada işləsinlər? Ailələrinin üzünə necə baxsınlar? Uşaqlarına istədiyi hədiyyələri hansı pulla alsınlar? Bu suallara cavab verilmir.
rubrika.az
Facebook-da paylaş











