Eldar Mahmudova görə Bakıda yenə bina yandı - SON DƏQİQƏ

Bu gün səhər saatlarında Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 2942 A ünvanındakı yaşayış binasında yanğın baş verib. Binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları yanıb. Sakinlər yanğınsöndürənlər tərəfindən təxliyə olunsalar da, tüstüdən zəhərlənənlər var.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşları xəbər verir ki, tüstüdən zəhərlənən 6 azyaşlı xəstəxanaya yerləşdirib. Onlardan bir neçəsinin vəziyyəti orta-ağır qiymətləndirilib.
Sakinlərin sözlərinə görə, “Rahat həyat” MTK tərəfindən tikilən bina 5 ildir istifadəyə verilsə də, qaz çəkilməyib. Elektrik xəttləri isə yüklənməyə dözmür. “Mənzillər satılarkən 3 ay ərzində su, qaz çəkiləcəyi vəd olunmuşdu. Amma MTK vədinə əməl etmədi. Qaz sayğaclarının quraşdırılması üçün sakinlərdən 400 manat yığılıb. Bir neçə mənzildə sayğac quraşdırılıb. Amma bina dövlət komissiyasına təhvil verilməyib, ona görə də qaz çəkilməsinə icazə verilmir. İşıq xəttləri isə o qədər səliqəsiz və pərakəndə çəkilib ki, yüklənməyə dözmür”, -184 saylı mənzilin sahibi Zahir Sadıqov deyir.
Bir-birinə bitişik tikilmiş iki binalarda 200-ədək mənzil var. Binaların ətrafı hasarlanıb, yanğın və fövqəladə hallar baş verdikdə təxliyəyə çətinlik yaranır.
Azər adlı sakin deyir ki, yanğınsöndürənlərin əraziyə girişində çətinlik yaranıb. Nəticədə tüstüdən zəhərlənən sakinlərin vəziyyəti pisləşib. “MTK-nın rəhbəri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun sağ əli olan və onun bütün tikinti işlərini həyata keçirən Vüqar Ağayevdir. Məlum hadisələrdən sonra o, xarici ölkəyə qaçıb. Hazırda onu kimliyi bəlli olmayan iki nəfər əvəz edir, onlardan biri Rusiya vətəndaşıdır. Eldar Mahmudova arxalanan Vüqar Ağayev istədiyini edib, müxtəlif vədlərlə sakinləri aldadıb. İndi onun əməllərinin cəzasını bizlər, yəni aldanmış sakinlər çəkirlər”,-Azər əlavə edir.
Binada yalnız 1 lift istifədəyə verilib, digər liftlərin üstü açıq qalıb. Bu da yanğın baş verərkən sakinlərin təxliyəsinə çətinlik yaradıb. Şikayətçilər deyirlər ki, MTK rəhbərliyi bu cür qanunsuz əməllərlə sakinləri ölkə rəhbərliyindən narazı salmağa çalışıb. Hətta dəfələrlə onlar təxribata cəlb ediliblər. Lakin sakinlər problemləriin qanuni yollarla həll olunacağına ümidlidirlər. “Binada yanğın xəttləri qoyulmayıb. Mənzillər elektrikin hesabına qızdırılır, buna görə də təkrar yanğın ola biləcək ehtimalları var. İlkin nəticəərə görə də yanğın yüklənmədən baş verib. Binaya qaz verilməyəcəyinədək təhlükə həmişə olacaq. MTK rəhbərliyi hələ də 400 manatı yığmaqda davam edir”-komendant İsa Rəhimov bildirib.
Sakinlər deyirlər ki, bu binanın tikintisi üçün MTK rəhbərliyi “Zaminbank”dan milyonlarla manat kredit götürüb. Götülülən pulla mənimsənilib, su, qaz xətti sakinlərin hesabına çəkilir, binanın ətrafı sakinlər tərəfindən abadlaşdırılır: “Blokların birində pəncərə qoyulmayıb, liftin təmiri də bizim hesabımıza həll ediləcək. MTK rəhbərıiyini tapıb məsuliyyətə cəlb edən isə yoxdur”.
Yanğından sonra işıq xəttlərinin bərpası üçün 1 ay avxt istənilib. Qarlı-çovğunlu havada sakinlər kiminsə evinə sığınmağa məcbur qalıblar.
Qeyd edək ki, həmin binaları inşa edən iş adamı Vüqar Ağayev MTN işində zərərçəkən kimi tanınıb. Əslində o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla şəxsən ortaq olub və birlikdə tikinti layihələri həyata keçirib. Vüqar Ağayevin istintaqa dediklərinə görə, Eldar Mahmudovla tanışlığı keçmiş nazirin evinin tikintisinə görə yaranıb. Belə ki, Mahmudovun sonradan mətbuatda fotoları yayılan dəbdəbəli malikanəsinin tikintisini həyata keçirmək üçün bacarıqlı memar kimi Vüqar Ağayevi nişan verirlər. Beləcə onların münasibətləri yaranır.
Evin tikintisinin getdiyi bir vaxtda Mahmudov Bakıdakı “Globus” biznes mərkəzinin tikintisini də Ağayevin şirkətinə həvalə edir. Ardınca Mahmudov V.Ağayevin Nobel prospektindəki “Ağ ləpələr” villa şəhərciyi layihəsinə də şərik olmaq istəyir. Ancaq V.Ağayev bundan imtina edəndə Mahmudov şəhərciyin salınacağı hektarlarla ərazini onun əlindən alır. Ağayev deyirdi ki, o, nazirin evini və biznes mərkəzini inşa etmək üçün öz cibindən 3 milyon manat xərcləmişdi Mahmudovun ayırdığı maliyyə işləri başa çatdırmağa bəs etmirdi. Bu ortaqlıq Ağayevin bütün əmlakını sataraq ABŞ-a qaçmasına gətirib çıxarmışdı. Mahmudov işdən çıxarılandan sonra V.Ağayev yenidən Bakıya dönüb və Bakının Xətai rayonunda yaşıllıqların məhv edilməsi hesabına tikinti işlərini davam etdirmək qərarına gəlib. Lakin onun yenidən ölkəni tərk etdiyi bildirilir.
Rubrika.az
Facebook-da paylaş
















